Artıq heç kəsə gizli deyil: Venesueala vətəndaş müharibəsinin bir addımlığındadır. Prezident Nikolas Maduronun tərəfdarları ilə parlamentin sədri Xuan Quaydonun tərəfdarları arasında hakimiyyət mübarizəsi barışmaz səciyyə alıb və indilikdə əsəb müharibəsi gedir.
Bu xüsusda iki tirəyə bölünən, ayrı-ayrılıqda Maduro və və Quaydonu dəstəkləyən xarici dövlətlər isə yanan ocağın üstünə yüksək oktanlı Venesuela benzini çiləyirlər (bu ölkədəki siyasi böhranın beynəlxalq münaqişə səviyyəsinə çıxmasında Venesuelanın enerji ehtiyatlarının mühüm rolu olması şübhəsizdir).
Bu siyasi zəmində baş verən vətəndaş qarşıdurmasıdır. Ancaq əksər ölkələrin tarixində müxtəlif səbəblərdən baş verən vətəndaş qarşıdurmaları və müharibələri də baş verib və verməkdədir.
Dünya tarixinin ən məşhur vətəndaş müharibəsi 1861-65-ci illər arasında ABŞ-da baş verib. Münaqişə ABŞ-ın azad şimal ştatlarıyla quldarlığı dəstəkləyən cənub ştatlarının arasında olub. Konfliktin əsas səbəbi iqtisadi səciyyə daşıyıb. Bu savaşda hər iki tərəfdən ümumilikdə 620 min adam ölüb, 410 min adam itkin düşüb, 412 000 adam yaralanıb, 617 900 adam əsir götürülüb.
Son nəticədə quldarlığa qarşı olan şimal ştatlar qalib gəlib, Cənub Konfederasiyası ləğv olunub, quldarlıq qadağan edilib. Bugünkü ABŞ öz siyasi, iqtisadi, hərbi qüdrətinə görə 153 il öncə başa çatan vətəndaş müharibəsinin nəticəsində nail olub.
1917-22-ci illər arasında Rusiyada gedən vətəndaş müharibəsində də yüz minlərlə insan həlak olub. Bu müharibə sırf siyasi-sinfi xarakter daşıyıb. Ölkədəki hakimiyyət davası siniflərarası müharibəyə çevrilib. Hər iki tərəfdən ölənlərin tam əksəriyyəti aşağı təbəqəyə məxsus insanlar olub, sadəcə, bir tərəfdəki kasıblara, yoxsul əsgərlərə ağqvardiyaçı zabitlər rəhbərlik edib, digər tərəfdəki yoxsullara, adi əsgərlərə isə qırmızı inqilabçılar.
Bu vətəndaş müharibəsi kütləvi terrorla müşayiət olunub, daha qəddar olan, daha çox və daha amansızlıqla adam öldürən, yoxsul kütlələri alovlu təbliğatla daha yaxşı inandıran qırmızılar ağlara qalib gəliblər.
Son nəticədə Çar Rusiyasının yerində SSRİ adlı dövlət qurulub və ağqvardiyaçılara, vətəndaş müharibəsində məğlub olanlara qarşı repressiya tədbirləri 20 il boyunca, onların sonuncusu belə tapılıb güllələnənə qədər davam edib.
Çində vətəndaş müharibəsi fasilələrlə 23 il çəkib. Bu ölkədə kommunistlərlə hökumət qüvvələri savaşıblar. Bu illər ərzində müharibədə hər iki tərəfdən ölənlərin sayı 12 milyondan artıq olub. Bu da ona görə təbiidir ki, əlinə silah götürərək “öz əqidəsi uğrunda” vuruşanların sayı 17 milyon nəfərdən artıq olub. Necə deyərlər, “azdan az qırılar, çoxdan çox” hadisəsi baş verib.
Axırda kommunistlər qalib gəlib və əks-inqilabçıların axtarılıb tapılması, güllələnməsi davam edib. Bu günün özündə də Çində “hökumətlə hökumətlik edənlər”in nazıyla oynamırlar.
İspaniyada 1936-39-cu illərdə baş verən vətəndaş müharibəsində qarşı duran tərəflər II İspaniya respublikasının hökumət qüvvələri və birləşmiş müxalifət qüvvələri olsa da, bu savaşa başqa ölkələrin vətəndaşları da qatılıb. Üsyançı-qiyamçılara İtaliya, Almaniya, Portuqaliya faşistləri də fəal dəstək veriblər. Nəticədə hər iki tərəfdən 430 mindən artıq adam həlak olub. Bu müharibəyə müstəqillik arzulayan basklar, katalonlar da qoşulublar, amma son nəticədə heç nə əldə edə bilməyiblər. Ölkədə Fransisko Frankonun qanlı diktaturası bərqərar olunub və o, 36 il boyunca on minlərlə adamı öz repressiya maşınından keçirib.
Müasir dövrün ən böyük və çoxqurbanlı vətəndaş müharibəsi isə Suriyada gedir. Bu ölkədə vətəndaş müharibələri hansı zəmində baş verə bilərsə, hamısı (siyasi-sinfi ixtilaflar, milli-etnik nifaqlar, din-məzhəb intriqaları, separatçı çıxışlar) var. Burada ərəblərlə kürdlər, kürdlərlə türkmənlər, türkmənlərlə ərəblər, sünnilərlə şiələr, dünyəvilərlə vəhhabilər vuruşur. Müharibəyə 30-a qədər xarici dövlətin hərbi qüvvələri və vətəndaşları da qoşulub. Nəticədə yüzlərlə abad şəhər və qəsəbələr darmadağın dağılıb, bir neçə yüz min insan ölüb, 5 milyondan çox insan ölkədən qaçıb, milyonlarla insan mərhumiyyətlərə düçar olub və s.
Hələlik bu savaşın sonu görünmür. O biri böyük ölkələrlə müqayisədə Suriyanın bədbəxtliyi ondadır ki, ölkə ciddi insan resursu itkisinə məruz qalıb.
Yəqin ki, Venesuelada bu və digər ölkələrdəki qanlı savaşların nəticələrindən, qurbanların qorxunc sayından xəbərdardırlar.