Terror təşkilatı İŞİD Suriyadakı son qalası sayılan Baqozda 50 yezidi qadını öldürüb.
İraqın Şenqal vilayətinin Yezidilər Məclisinin rəsmisi Elano Heco Baqozdakı hadisəni təsdiqləyib.
Sputnik agentliyinin verdiyi məlumata görə, İŞİD tərəfindən qaçırılanların xilasetmə komitəsinin rəhbəri Hüseyn Əl Kaidi bununla bağlı xəbərlərin doğru olduğunu bildiirb.
Elano Heco isə hətta İŞİD-çi bir terrorçu ilə təmas qurduqlarını, həmin şəxsin ona qadınların başlarının kəsilməklə öldürülmə əmrinin təşkilatın rəhbərləri tərəfindən verildiyini söylədiyini deyib. Üstəlik, Baqozun özündə başları kəsilmiş qadınların kütləvi məzarlığı tapılıb.
Xəbər İraqın Miqrasiya və qaçqınlar naziri Baha Musavi tərəfindən də rəsmi şəkildə təsidqlənib. Musavi öldürülən qadınların sümüklərinin İraqa gətiriləcəyini söyləyib.
Xatırladaq ki, 2014-cü ilin avqustun 3-də İŞİD 450 min əhaliyə malik Şenqal vilayətinə ağır silahlarla hücum edərək buranı ələ keçirmişdi. Terrorçular burada minlərlə yezidini öldürmüş, bir o qədər qadını zzorlayaraq, nəzarət etdikləri yerlərdə qurulan qadın bazarlarında satmışdı.
Şəhər 2015-ci ilin noyabr ayında kürd peşmərgələri tərəfindən geri alınıb.
Musavat.com