Səudiyyə Ərəbistanında hakimiyyət böhranının dərinləşməsi bu ölkədə saray çevrilişi üçün imkan yaradıb.
Kral Salman bin Əbdüləziz əs-Səudla oğlu Məhəmməd bin Salman arasında narazılığın artması barədə xəbərlər vəliəhdi devirmək istəyən daxili qüvvələri fəallaşdıra bilər.
Qeyd edək ki, "The Guardian" qəzeti kralla oğlu arasında fikir ayrılığının Türkiyədə öldürüldüyü bildirilən jurnalist Camal Qaşıqçı cinayətindən sonra üzə çıxdığını yazır.Bundan başqa, Yəməndəki müharibə və rəhbərliyə qarşı etirazlar mövzusunda da kral Salmanla vəliəhd Məhəmmədin mövqeləri üst-üstə düşmür. Hətta son günlər Məhəmməd bin Salmanın bir sıra siyasi qərarların qəbulunda kralın rəyini nəzərə almadığı bildirilir. 83 yaşlı kralla oğlu arasında gərginliyin davam etməsi Salmanın fevral ayında Misirə səfəri zamanı daha da dərinləşib.Səudiyyə kralı oğluna tabe olan mühafizəçilərin ona sui-qəsd hazırlayacağından ehtiyatlanaraq onları dəyişib.Şahzadəyə sadiq olduğu deyilən 30 nəfərlik təhlükəsizlik qrupu işdən çıxarılıb.
Tərəflər arasında söz-söhbətləri sübut edən daha bir fakt Kral Salmanın Misirə qayıtması zamanı oğlunun qarşılama komitəsinə daxil edilməməsi olub.Bu hal Səudiyyə qanunları və protokollara ziddir. Kralın Misirdə səfərdə olarkən vəliəhd şahzadənin ilk dəfə atasının yerinə fərman imzalayaraq qardaşı şahzadə Xalid bin Salmanın əvəzinə şahzadə Rimanı Səudiyyə Ərəbistanının ilk qadın səfiri olaraq Vaşinqtona təyin etməsi narazılığı bir qədər də dərinləşdirib. Bu təyinat əvvəlcədən düşünülmüş olsa da, krala qərar barədə məlumat verilməyib və o, bu xəbəri televiziyadan öyrənib.
Vəliəhd şahzadə bin Salmanın Kəbənin damına çıxması yerli din adamlarının etirazı və krala şikayət etməsi ilə nəticələnib. Kral Salmanla vəliəhd arasında Yəməndəki döyüş əsirləri, Əlcəzair ilə Sudandakı hökumət əleyhinə etirazlar mövzusunda da fikir ayrılığı mövcuddur.
Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə bildirib ki, son hadisələr, Məhəmməd bin Salmanın siyasəti onun vəliəhdlikdən məhrum edilməsi ilə nəticələnə bilər:
“Məhəmməd bin Salman idarəçiliyə başladığı dövrdə insan haqlarına zidd addımlar atdı. Məsələn, jurnalist Camal Qaşıqçının Türkiyədə xüsusi amansızlıqla qətlə yetirilməsi və sonra bədəninin hissələrə ayrılaraq turşuda əridilməsi bütün dünyaya yayıldı və vəliəhdin nüfuzuna ciddi zərbə vurdu.Eyni zamanda, vəliəhdin qadınlara bir sra azadlıqlar verməsi kral ailəsi daxilində ona qarşı etirazların yaranmasına səbəb oldu. Sülalənin bir sıra üzvləri Məhəmməd bin Salmana qısqanclıqla yanaşır və hakimiyyəti sürətlə əlində cəmləməsinə mane olmağa çalışır. Nəticə etibarilə saray çəkişmələri kral Salmanın özünü də təngə gətirib.Artıq kralla vəliəhd arasında münasibətlər soyuyub. Bu isə vəliəhdin dəyişdirilməsinə səbəb ola bilər. Məhəmməddən əvvəl kral Salman başqa bir vəliəhdi də taxt-tacdan uzaqlaşdırmışdı.83 yaşlı kral Salmanın səhhətində hazırda ciddi problemlər var. Ölkə saray çevrilişləri ərəfəsindədir.Ona görə də taxt-taca sahib olmaq uğrunda Səudlar ailəsinin üzvləri arasında qanlı qarşıdurma baş verə bilər.Hətta kralın özünü də devirə bilərlər. Yaxud Məhəmməd bin Salmanı vəliəhdlikdən uzaqlaşdırmağa çalışacaqlar. Çünki Səudiyyə Ərəbistanında konstitusiya və qanunlar işləmir.
Səudiyyə Ərəbistanındakı proseslər ABŞ-ın və İsrailin nəzarəti altındadır.Bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanları Ər-Riyadda fəaliyyət göstərir və öz geostrateji maraqlarını təmin edən variantları həyata keçirməyə çalışır. Amma ABŞ Məhəmməd bin Salmanı dəstəkləyir. Camal Qaşıqçı cinayəti ilə bağlı məsələdə də ABŞ hakimiyyəti vəliəhdin adının hallanmasına imkan vermədi. O, ABŞ-da təhsil alıb, mötədil islamın tərəfdarıdır və Vaşinqton hadisələrin gələcək inkişafında əsas təsirə malik rol oynayacaq”.//Cebhe.info//