İrəvanda etirazlara baxmayaraq, şəhər meriyası Opera teatrı yaxınlığındakı kafelərin söküntüsünü davam etdirir.
Kafe işçilərinin söküntü işlərinə mane olmaması üçün əraziyə polis qüvvələri cəlb edilib. Xatırladaq ki, martın 14-də kafelərin sökülməsinə etiraz bir qrup şəxs Maşrots və Tumanyan küçələrini bağlayaraq, baş nazir Nikol Paşinyana istefa şüarlarını səsləndirib. Aksiya iştirakçıları kafelərin sökülməsi nəticəsində 300-400 nəfərin işsiz qalacağını bildirib. Polislə baş verən qarşıdurma nəticəsində 20 nəfər saxlanılıb.
İrəvan şəhər meriyasının mətbuat katibi Akop Karapetyan jurnalistlərə açıqlamasında həmin ərazidəki sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyət göstərdiyini deyib.
Kafe sahibləri və işçilər isə hökumətdən iş tələb edir. Ancaq Paşinyan hökuməti güzəştə getmək fikrində görünmür. Ermənistanda isə sosial-iqtisadi problemlərin həllini tapmaması hakimiyyətə qarşı narazılığın başlıca səbəbi olaraq qalır. Baş nazir Nikol Paşinyan isə həm 2018-ci ilin aprel ayında baş vermiş “məxməri inqilab” zamanı, həm də dekabr ayının 9-da keçirilmiş parlament seçkiləri ərəfəsində ölkədə yoxsulluğa, demoqrafik böhrana son qoyacağını və iqtisadi islahatlar aparacağını vəd etmişdi. Paşinyanın iqtisadi siyasətinin əsas prioritetləri korrupsiyaya qarşı mübarizə və xarici investisiyaların Ermənistan iqtisadiyyatına cəlb edilməsi olub. İndiyə qədər bir sıra korrupsionerlərin həbs olunmasına baxmayaraq, investisiyaların cəlb edilməsi istiqamətində xarici ölkələrlə aparılan danışıqlar müsbət nəticə verməyib. Ona görə də Ermənistanda yoxsulluq, işsizlik və makroiqtisadi durğunluq başlıca problem olaraq qalır. Nəticədə, ermənilər gəlir əldə etmək üçün başqa ölkələrə üz tutmalı olur. 2018-ci ildə Rusiyaya immiqrasiya edən Ermənistan vətəndaşlarının sayı 2,1 min nəfər artaraq 27,1 min nəfərə çatıb. Hətta ermənilərin işləmək və yaşamaq üçün ən münasib bildikləri ölkələrdən biri düşmən hesab etdikləri Türkiyədir. Rəsmi məlumatlara son illər Türkiyəyə 100 min nəfərə yaxın erməni miqrant gəlib ki, onların da 70 min nəfəri işləmək imkanı əldə edib.
Ermənistanda əhalinin əsas gəliri xarici mənbələr hesabına formalaşmaqda davam edir. Daxili istehsal və investisiya mühiti isə əhalinin gəlirlərinə təsir göstərəcək səviyyədə deyil. Bu isə sosial etirazların yenidən baş qaldırması ilə müşahidə olunur.
Politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistanda siyasi sabitlik təmin olunmayana qədər sosial-iqtisadi inkişafın baş verəcəyi də gözlənilmir. Bu isə Nikol Paşinyanın hakimiyyəti üçün potensial təhlükə mənbəyi olaraq qalır: “Kafelərin sökülməsi ilə başlanmış etirazlar geniş miqyaslı aksiyalarla müqayisə etmək olmaz. Bunun hazırkı hakimiyyətə ciddi təhlükə yaratdığını demək çətindir. Amma bu, ilk addımlardır. Ermənistan əhalisi mitinqlərdə verilən vədlərdən doyub və çətin şəraitdən çıxmaq istəyir. Burada özəl sektorun da rolu var. Kafelərin, iaşə obyektlərinin açılması da inkişafa yardım göstərən amillərdir. Əgər hökumət buna qarşı çıxırsa, ictimai narazılıqla qarşılaşa bilər. Mən gələcəkdə növbəti belə aksiyaların olacağını istisna etmirəm. Paşinyanın hakimiyyətdən getməsində maraqlı olan qüvvələr bundan istifadə edib gələcəkdə ona qarşı genişmiqyaslı aksiyalar başlada bilər. Çünki son on ay ərzində Ermənistanda vədlərdən başqa ortada heç nə yoxdur. Əgər Paşinyan iqtisadi inqilab ili elan edib ticarət obyektlərini bağlayırsa, deməli bu əks-inqilabdır. Görünür o, iqtisadi inkişafın yolunu bilmir.
On ay ərzində iqtisadiyyatın inkişafı istiqamətində real addımlar atılmayıb. Paşinyan başqa ölkələri gəzir, dilənir və Ermənistan iqtisadiyyatına investisiya cəlb etmək istəyir. Amma xarici ölkələr buna söz versələr də, konkret nəticə yoxdur. Korrupsiyaya qarşı mübarizə adı altında isə rəqiblərin aradan götürülməsi siyasəti aparılır. Rəqib siyasətçiləri qisas zəminində aradan götürür. Korrupsiya ilə mübarizə isə sistemli şəkildə həyata keçirilməlidir. Paşinyanı gətirən xarici dairələr ölkəni dalana dirəyən Qarabağ klanını hakimiyyətdən kənarlaşdırmaqla öz məqsədlərinə çatdılar.
Amma indi konkret addımlar atılmalıdır. Paşinyan özü faktiki olaraq, manevr edir, nə daxili, xarici siyasəti tam formalaşmayıb. O, ya Rusiyaya gedir, onlardan nə isə alır, gah Avropada çıxışlar edir, gah İrana gedib erməni diasporası ilə görüşür. Lakin onun real proqramı mövcud deyil. Paşinyan hökuməti konkret sahələr üzrə layihələr təqdim etməyib. Onlar yalnız boşboğazlıqla məşğuldur. Belə bir ölkəyə heç bir dövlət, şirkət milyonlarla investisiya yatırmaz. Hər bir investor kapitalı sabitlik olan ölkənin iqtisadiyyatına yatırır. Heç bir investor dairələri Ermənistanda bu mühiti görmür”./Cebhe.info/