AFR kansleri Angela Merkel Çinin “Bir kəmər, bir yol”təşəbbüsünü Avropa üçün olduqca vacib layihə adlandırıb.
“Reuters”in verdiyi məlumata görə, alman lider bu dəyərləndirmənin rəsmi Pekin tərəfindən də verilməsinin vacib olduğunu söyləyib.
“Biz,avropalılar olaraq layihədə aktiv rol oynamaq istərdik, lakin bu həm də müəyyən qarşılıqlı hərəkəti tələb edir. Biz isə hələ də müəyyən problemlər üzərində mübahisə etməyi sürdürürük”,-deyə kansler Fransa prezidenti Emmanuel Makron, Çin prezidenti Si Tzinpin və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə danışıqlardan sonra bəyan edib.
Qeyd olunur ki, Çinin “Bir kəmər, bir yol”strategiyası özündə “İpək yolunun iqtisadi kəməri” və “XXI əsrin Dəniz ipək yolu” layihələrini birləşdirir. Bu təşəbbüsün əsas mahiyyəti Çinin iştirakı ilə beynəlxalq çoxtərəfli və ikitərəfli əməkdaşlıq mexanizmlərini möhkəmləndirilməsi ilə beynəlxalq əməkdaşlığın yeni modelinin formalaşdırılmasından ibarətdir.
Qədim ipək yolunun ruhunun dirçəldilməsi niyyətinin ifadə olunduğu bu siyasət əsasında yolun üzərində olan ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdə əlaqələrin qurulması nəzərdə tutulur.
Çin bunun sayəsində Avrasiyanın bütün ərazisində öz siyasi hökmranlığını bərqərar etməyə çalışır.
Layihəyə qarşı Çini özünə əsas rəqib görən ABŞ çıxır. Donald Tramp administrasiyası hazırda rəsmi Pekinlə ticarət müharibəsi yolunu tutub.
Musavat.com