NATO Cənubi Qafqaza gəlir?..


Türkiyə-NATO və yaxud Türkiyə -ABŞ müstəvilərində cərəyan edən  proseslər üzərində baş sındırarkən, eləcə də NATO daxilindəki ziddiyyətlərin bütün kompleksi üzərində düşünərkən ixtiyarsız olaraq bir sualla qarşılaşırsan: Gürcüstan, Ukrayna və Moldova kimi NATO-ya üzv olmağa bu qədər can atmağa dəyərmi?..

Məsələ də bundadır ki, gənc, hələ “geosiyasi əzələləri” bərkiməmiş dövlətlərin bu haqda düşünməyə macalı yoxdur; Blokun böyük “oyunçu”ları Dünyanın ən böyük hərbi siyasi Alyansının “çətiri” altındakı yerlərini təftiş etdikləri və təzədən anlamağa çalışdıqları bir vaxtda kiçik “oyunçular” -gənc dövlətlər bütün güclərilə NATO-ya üzv olmağa, nəhayət ki, təminat və rahatlıq vəd edən “təhlükəsizlik setifikatı”nı almağa cəhd edirlər.

Bu mənada gürcü siyasətçiləri və diplomatları, hətta politoloqları ölkələrinin NATO- ya üzv olacağı günü səbirsizliklə gözləyirlər. Bəzi siyasi bilim adamları isə hətta hesab edirlər ki, onların ölkəsi praktiki olaraq NATO- nun üzvüdür, institusional baxımdan çoxdan bu təşkilatdadır, çünki Blokla ölkələri arasında “bir yığın müqavilə və qarşılıqlı öhdəliklər imzalanıbdır”.

Biz də inkar etmirik ki, ilbəil NATO ilə Gürcüstan arasındakı əlaqələr sıxlaşır.

Amma bununla belə bir faktı konstatasiya etmək zorundayıq ki, müəyyən prosedurlar var və onlar NATO-nun əsas ölkəsinin - ABŞ-ın nöqteyi-nəzərindən nə qədər formal görünsələr də bütün hallarda Tiflis bütün zəruri mərhələləri və pillələri, o cümlədən də məxsusi olaraq Tiflis və Kiyev üçün nəzərdə tutulmuş “ən yeni status”ları keçməli olacaq...

Bəli, Gürcüstana səfəri həftənin əvvəlində başa çatan  NATO-nun baş katibi Yens Stoltenberq növbəti dəfə bəyan etdi ki, Tiflisin narahatlığına əsas yoxdur, Gürcüstan NATO-nun üzvü olacaq.

Əlbəttə, hər belə bəyanat Tiflisi arzuolunan məqsədə bir az da yaxınlaşdırır. Amma bir daha qeyd edirik ki, təəssüf, NATO təkcə ABŞ və ya Stoltenberq demək deyil.

Məsələn, hələ də belə bir ehtimal gücdədir ki, Ukraynanın və Gürcüstanın Alyansa üzv olmasına etiraz edən sanballı və nüfuzlu siyasətçilər var, onlardan biri də A.Merkeldir. Elə Macarıstan təmsilçilərinin də bu iki ölkənin, xüsusən də Ukraynanın Bloka üzvlüyü yolunda əngəl olması haqda xəbərlər kəsilmir.

Burada yenə də yadımıza Türkiyənin ən yeni tarixindən bir epizod düşür. Vaxtilə ABŞ siyasətçiləri və diplomatları daim vəd edirdilər ki, bəs Türkiyə mütləq Avropa Birliyinin üzvü olacaq. Amma belə olmadı və güman ki, məhz bu detal Türkiyəni Avropa təhlükəsizlik və əməkdaşlıq arxitekturasından kənarda müttəfiqlər axtarmağa sövq etdi.

İddia etmirik ki, Gürcüstanı və Ukraynanı eyni aqibət gözləyir, amma əlahəzrət zaman özü gözləmir, hətta NATO-nun özünü yeni-yeni amplualarda təqdim edir; təşkilat daxilində yeni trendlər duyulur, hətta eyni bir Alyansın nəzdində yeni geosiyasi qruplaşmalar yaranır. Üstəlik, bəzi hallarda NATO-ya “inteqrasiya sürəti”nin çox yüksək, digər hallardasa, əksinə çox aşağı olması da diskomfort, hətta inamsızlıq üçün xeyli əsas yaradır.

Düşünürük ki, Gürcüstanın NATO-ya inteqrasiya məsələsində iki məqam var. Birincisi, Cənubi Qafqaz da Qara dəniz kimi NATO üçün yeni regiondur. Burada çox ehtiyatla, zərgər dəqiqliyi ilə irəliləmək lazım gəlir, çünki söhbət bilavasitə Rusiyanın təsir sferasından gedir.

İkincisi, bəlli olduğu kimi, Gürcüstan ərazisində iki ciddi münaqişə ocağı var. NATO rəhbərliyi, Blok üzvləri daim Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər. Amma hiss olunur ki, bu hələki Brüsselin Tiflisə verə biləcəyi yeganə dəstəkdir və Şimali Atlantika Bloku bu məsələdə siyasi bəyanatlardan uzağa getmək iqtidarında deyil.

Amma Gürcüstanın özündə məsələyə çox maraqlı yanaşma var. Bəzi gürcü ekspertləri hesab edir ki, ərazi problemləri ölkənin NATO-ya inteqrasiya olunması yolunda əngəl ola bilməz, çünki bu maneəni dəf edə biləcək yol artıq məlumdur; sənəddə sadəcə yazmaq olar ki, məşhur “beşinci bənd” bu ərazilərə şamil edilmir...                               

Brüssel strateqlərinin bununla bağlı nə düşündüklərini bilmirik. Aydın olan bir məsələ var: NATO tədricən, amma məqsədyönlü şəkildə iki yeni regionda oturuşmaqdadır: o, Qara dənizdə güclənir və təsir sferasını genişləndirir, Cənubi Qafqazda isə hələ indi özünə yer eləyir.

Bu günlərdə ABŞ prezidenti D.Tramp da çox maraqlı bəyanatla çıxış etdi; o qeyd etdi ki, Xəzərin statusu haqqında Konvensiyanın imzalanması Türkmənistanın enerji resurslarının nəqli üçün yeni imkan açır və yəqin Aşxabad bundan faydalanmağa çalışacaq.

Düşünürük ki, bu da Cənubi Qafqaz regionunun geosiyasi və geostrateji önəmini artıran daha bir məqamdır. Axı NATO-nun mühüm funksiyalarından biri də enerji, kommunikasiya və tranzit arteriyalarının təhlükəsizliyini təmin etməkdir.

Hüseynbala Səlimov
Tarix: 28-03-2019, 10:08
Xəbəri paylaş





Xəbər lenti