Kriminal Amerika - Al Kapone, Korleone... və Barak Obamanın göz yaşları- VİDEO


“Xaç atası” (The Godfather) qanqster filmi yadınızdadırmı? Nyu-Yorkda məskunlaşmış əslən Siciliyalı Korleone mafioz ailəsinin həyatından həbs edən film 1945-1955-ci illəri əhatə edir. İki hissədən ibarət olan bu film 1972-ci ildə ilk dəfə nümayiş etdirildi və ağlasığmaz şöhrət qazandı...

Film Karleonenin qızı Konni və Karlo Rissinin düyünü ilə başlayır. Qonaqlar fürsətdən istifadə edib Korleone ailəsinin başçısı Vitodan bu və ya digər şeyləri xahiş edirlər. Hamı bilir ki, ata qızının toyunda kimsəyə “yox” deməyəcək...
Gələn qonaqlar arasında Vito Korleonenin xaç oğulluğu müğənni Conni Fonteyn də var. O, şikayətlənir ki, kinostudiyanın rəhbəri Cek Vols ona rol vermir. Problemi aradan qaldırmaq üçün don (mafiya babası) Cek Volsun yanına adam göndərir. O, isə donun təklifini rədd edir. Deyir ki, Fonteyn onun sevgislisini əlindən alıb. Korleone ailəsinə etiraz etdiyinə görə Cek Vols cəzalandırılır. Belə ki, o, yuxudan duranda yatağını qan içində görür. Qanqsterlər onun 600 min dollarlıq atının başını kəsdirib yatağına qoydurmuşdu....

“Xaç atası” filmi bu kimi səhnələrlə zəngindir...

Ancaq Korleone ailəsi nə qədər məşhur olsa da,onlar başqa bir kriminal mafiya babasına ciddi şəkildə uduzurdu. Bəli, söhbət Al Kaponedən gedir. Amerika kriminal aləminin bütün zamanlar üçün kralı kimi tanınan Al Kapone Outfit klanına rəhbərlik edib. Mafiya babası kimi cinayətkar aləmdə daha çox “Great” (böyük, möhtəşəm anlamında) və “Scarface” (üzündə çapıq olan anlamında) ləqəbləri ilə tanınır. Sonucu ləqəblə bağlı onu deyim ki, keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda üzündə çapıq olmaq ( üzünə “şıram” atılmış) son dərəcə mənfi imicdən (məsələn, polislə iş birliyindən) xəbər verir. Ancaq Amerikanın kriminal aləmi son dərəcə fərqli dəyərlərə söykənir...
Al Kapone də İtaliya əsilli amerikalı idi. Ümumiyyətlə, ABŞ-da mafiya babalarının əksəriyyəti İtaliya kökənlidir. Tarixdən də bildiyimiz kimi, 1930-cu illərdə Amerikada spirtli içkilərin satışına qadağa qoyulub. Çikaqo Outfit klanı bu qadağadan istifadə edərək spirtli içki bazarını nəzarətə götürdü və qeyri-qanuni istehsal etdiyi içkiləri bazara axıtdı. Nəticədə, Çikaqo klanı ağlasığmaz varidat əldə etdi...

Al Kapone haqqında sadəcə bir-iki faktı xatırladaraq mətləbə keçmək istərdim. O, 8 il həbsdə yatıb. Azadlığa çıxdıqdan sonra isə bir neçə ağır xəstəlikdən əziyyət çəkib və yataq xəstəsi olub. Həkimlərin verdiyi rəyə görə, həyatının sonuna yaxın onun ağlı 12 yaşlı uşağın ağlı səviyyəsinə düşüb...

Onun ən çox işlətdiyi bu ifadə isə sonralar dillər əzbəri oldu: “Kiməsə nə isə deyirsən, o, səni yaxşı başa düşür. Ancaq nə isə deyərkən sən əlindəki silahı ona tərəf tuşlayırsansa, onda insanlar səni daha tez və daha yaxşı anlayır”...
Ancaq bu yazı nə Korleone, nə də Al Kapone haqqında deyil. Bu yazıda bu kimi əfsanəvi mafiya babaları yetişdirən Amerikada mövcud olan kriminal mühit haqqında danışacağıq. Nə qədər qəribə də olsa, Hillari Klintonun 2015-ci ilin aprelində Kolumbiya Universitetində etdiyi çıxışından bir sitatla başlayaq. Əminəm ki, bu sitat qabartmaq istədiyimiz mövzunun mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur: “Dünya əhalisinin 5 faizə yaxını ABŞ-da yaşayır, ancaq dünyada olan dustaqların 25 faizi Amerikanın payına düşür”.
Hələ orası da var ki, ABŞ-da dustaqların sayı son 30-40 illə müqayisədə xeyli artıb, ümumilikdə isə cinayətkarlıq əvvəlki illərlə müqayisədə kəskin şəkildə aşağı düşüb. Bu ziddiyyətin səbəbi nədir? Məsələyə aydınlıq gətirmək üçün daha çox “The Washington Post”da bu mövzu ilə bağlı gedən faktlara istinad edəcəyik...

Qeyd edim ki, Hillari Klintondan bir ay əvvəl digər siyasətçi- senator Rand Paul da bu faktı gündəmə gətirmişdi.
“The Washington Post” yazır ki, Amerikada hər 100 min insanın 716 nəfəri dustaqdır. Mərkəzi Böyük Britaniyada yerləşən Dustaqlarla bağlı Araşdırma Mərkəzi (International Center for Prison Studies) qeyd edir ki, dünyada mövcud olan irili-xırdalı 222 dövlət və ərazilərin ən azı yarısında hər 100 min nəfərə cəmi 150 nəfər dustaq düşür. Daha az olanlar da var. Məsələn, 2013-cü ilin statistikasına görə, Avropa Birliyində hər 100 min nəfərə 133,5 nəfər dustaq düşür. Kanada da hər 100 min nəfərə 188, Avstraliyada 130, Yeni Zelandiyada 192, Yaponiyada isə cəmi 51 nəfər düşür.


Amerikada törədilən cinayətlərin sayı 1960-1970-ci illər arasında ən yüksək səviyyəyə çatıb. 1980-1990-cı illərdə isə cinayətkarlığa qarşı mübarizədə ən sərt üsullardan istifadə olunub.
Qəzet bildirir ki, 1970-ci ildən etibarən Amerikada seçicilər qarşısına çıxan siyasətçilər bir qayda olaraq cinayətkarlığın yüksəlişinin qarşısının alınması üçün görəcəkləri işlər barədə seçicilərə məlumat verməli olublar. Çünki bu mövzu Amerikalı seçicilər üçün xüsusi önəm daşıyıb. Eyni zamanda, Amerikada cinayətkarlığın çoxalmasının səbəbi və nəticələri ilə bağlı onlarla mərkəz araşdırmalar aparıb. O da maraqlıdır ki, cinayətkarlığa qarşı sərt mövqe sərgiləyən siyasətçilər seçicilərin daha çox rəğbətini qazanıb.

ABŞ-da baş verən cinayətlər digər inkişaf etmiş ölkələrdəkindən nə ilə fərqlənir? Sirr deyil ki, amerikalıların böyük əksəriyyətinin şəxsi silahı var. Bir çoxları isə silah kolleksiyası yığmaqla məşğuldur. O da faktdır ki, amerikalıların əksəriyyəti silahdan istifadə etməkdən çəkinmirlər. Demək olar ki, ildə 4-5 dəfə ABŞ-da silahla həyata keçirilmiş kütləvi qətllər haqqında xəbərlər yayılır. Statistikaya görə, 1982-ci ildən bəri ABŞ-da odlu silahla 30 ştatın ərazisində 61 kütləvi qətl hadisəsi törədilib. Əksər hallarda qatillər silahları qanunsuz yollarla əldə ediblər.

Son 50 ildə dünya üzrə baş vermiş 20 ən ağır qətliamdan 11-i ABŞ-da baş verib.
ABŞ-da daxili silah bazarındakı xüsusi çəkisi olan aktyorlar son dərəcə nüfuzludur. Heç bir Amerika prezidenti indiyə qədər Amerikanın daxili bazarında silah satışına müdaxilə edə bilməyib. Düzdür, Barak Obama buna cəhd etdi. Amma alınmadı.
2012-ci ilin dekabrın əvvəlində 20 yaşlı Adam Lanza anasını öldürdükdən sonra ibtidai məktəbə gedərək orada iki sinifdə gülləbaran törətdi. Nəticədə 5 yaşından 10 yaşınadək 20 uşaq da daxil olmaqla, 27 nəfər qətl edildi...

Televiziya ilə yayımlanan çıxışı zamanı prezident Obama göz yaşlarını saxlaya bilmədi və dedi ki, onun ölkəsi belə faciələrlə dəfələrlə üzləşməli olub.
2017-ci ilin oktyabrı. Təpədən dırnağa qədər silahlanmış 64 yaşlı Stefan Paddok Las Vegasda 50 nəfəri bir dəfəyə qətlə yetirdi.
Silahlı qatillərin törətdiyi ölüm hadisələrinin statistikasına baxaq. 2012-ci ildə açıqlanmış hesabatda hər 1 milyon adamdan silahla öldürülən insanların sayı belə təsbit olunub:
1) Avstraliya-1.4 nəfər; 2) Yeni Zelandiya-1.6 nəfər; 3) Almaniya-1.9 nəfər; 4) Avstriya-2.2 nəfər; 5) Danimarka-2.7 nəfər; 6) Niderland-3.3 nəfər; 7) İsveç-4.1 nəfər; 8) Filandiya-4.5 nəfər; 9) İrlandiya-4.8 nəfər; 10) Kanada-5.1 nəfər; 11) Lüksenburq-6.2 nəfər; 12) İsveçrə-7.7 nəfər; 12) ABŞ-29.7 nəfər.


Göründüyü kimi, bu məsələdə heç bir inkişaf etmiş ölkə Amerika ilə müqayisə oluna bilməz. Çünki ortada olan fərq ağlasığmazdır və məhz bu cinayətkar mühit Amerikada mafiya sindikatları, klanları yetişdirir. (https://www.washingtonpost.com/news/fact-checker/wp/2015/07/07/yes-u-s-locks-people-up-at-a-higher-rate-than-any-other-country/?noredirect=on&utm_term=.8780daef96d1)

Elbəyi Həsənli, Sürix

Musavat.com


Tarix: 30-03-2019, 23:08
Xəbəri paylaş





Xəbər lenti