Beynəlxalq təşkilatlar Liviyada yeni seçki və milli birliyin əldə olunması üçün hərbi-siyasi qrupları bir araya gətirməyə çalışır
İyul ayında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Liviyaya həsr olunmuş “Milli Uzlaşma Konfransı” keçiriləcək. “Əş-Şərq əl-Avsat” qəzetinin yazdığına görə, bu barədə razılaşma BMT, Avropa Birliyi, Afrika Birliyi və Ərəb Liqası nümayəndələrinin iştirakı ilə Tunisdə keçirilmiş “4 tərəfli Liviya konfransı”nda əldə olunub.
Toplantıdan sonra Ərəb Liqası baş katibi Əhməd Əbu Qeyt, AB ali təmsilçisi Federika Moqerini, Afrika Birliyi Komissiyasının sədri Musa Faki və BMT baş katibi Antonio Qutteresin keçirdiyi mətbuat konfransında M.Faki bildirib ki, Liviyanı böhran və xaosdan qurtarmaq üçün keçiriləcək konfrans iyulda Əddis Əbəbədə olacaq. O, bu toplantının liviyalılar üçün bir fürsət olduğunu deyib. M.Faki əlavə edib ki, “dördlük” Liviyadakı bütün münaqişə tərəfləri ilə davamlı əməkdaşlıq edir.
Ancaq buna qədər Liviyada tərəflər ölkədə parlament və prezident seçkilərinin təqvimini müəyyən edəcək. Bu ilin 14-16 aprel tarixlərində Liviyanın şimal-qərbində “Milli Forum” keçiriləcək və bu toplantıda ölkənin bütün ərazisində prezident və parlament seçkilərinin keçirilməsi təqvimi müəyyən olunacaq.
Qeyd edək ki, 2017-ci il iyulun 25-də Fransa dövlətinin cəhdlərinin nəticəsi olaraq Parisdə Milli Uzlaşma Hökuməti ilə Xəlifə Həftər arasında 2018-ci ildə Liviyada seçkilərin keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Seçki 2018-ci il dekabrın 10-a təyin olunsa da, sonradan plan pozulub. Elə indi də tərəflər arasında, xüsusən də şərq əyalətlərinə nəzarət edən Milli Uzlaşma Hökuməti ilə ölkənin qərbinə, həmçinin cənubuna nəzarət edən Abdullah Sininin rəhbərlik etdiyi Liviya hökuməti və ya Təmsilçilər Məclisi hökuməti arasında fikir ayrılığı davam edir.
Milli Uzlaşma Hökuməti Liviyanın əsasən qərb ərazilərinə, o cümlədən Trablus, Misrata kimi mühüm şəhərlərinə nəzarət edir. Bu hökuməti əsasən Türkiyə və Qətər dəstəkləyir.
Liviyanın şərqində yerləşən hökuməti Qərb ölkələri, ABŞ, bəzi Avropa dövlətləri, o cümlədən Misir, BƏƏ və Səudiyyə Ərəbistanı dəstəkləyir.
Qeyd edək ki, BMT-nin vasitəçiliyi ilə Liviyadakı böhranı aradan qaldırmaq üçün 2015-ci ildə Şərq və Qərb hökumətləri, yəni Tobruk və Benqazi arasında anlaşma əldə olunsa da, general Həftərin tabe olmaması nəticəsində Tobruk hökuməti anlaşmanı imzalamayıb. Daha sonra qeyd etdiyimiz kimi, 2018-ci ildə seçkilərin keçirilməsi ilə bağlı Paris razılaşması əldə olunsa da, sonradan bu razılaşma da pozulub.
BMT-nin Liviyada münaqişənin və bölünməni aradan qaldırmaq üçün irəli sürdüyü 3 mərhələli plana əsasən birinci mərhələdə 2015-ci il anlaşması dəyişdirilməli, ikinci mərhələdə bütün siyasi qüvvələri bir araya gətirib ümummilli konqres təşkil etməli və nəhayət, konstitusiya referendumunu keçirib, yeni konstitusiyaya uyğun olaraq prezident və parlament seçkiləri keçirilməlidir. İndi isə təklif olunur ki, apreldə tərəflər prezident və parlament seçkilərini razılaşdırsın.
Məsələ ondadır ki, Osmanlı dönəmində əyalətlər şəklində idarə olunan Liviyada qəbilə-tayfa münasibətləri güclü olaraq qalıb. Ölkəni vahidliyi isə böyük ölçüdə Qəzzafi tərəfindən tayfalara edilən maddi dəstək və güc vasitəsilə təmin olunub. Ancaq inqilabdan sonra birləşdirici amillər aradan qalxıb və ölkə xaosa yuvarlanıb. İndi isə Liviyanı yenidən birləşdirmək və bütün tayfa və siyasi-hərbi, eləcə də dini qrupları bir araya gətirmək üçün hər kəsin qəbul edəcəyi seçkilərə və liderə ehtiyac var.
Belə bir lider isə Müəmmar Qəzzafinin oğlu Seyfəlislam Qəzzafi ola bilər. Artıq oğul Qəzzafinin seçkilərdə namizəd olacağı ötən ilin martında onun vəkili Xalid əl-Quveyl tərəfindən elan olunub. Vəkil deyib ki, Seyfəlislamın namizəd olması ilə bağlı Tunistə keçirilən toplantıda qərar qəbul olunub.
Vəkil deyib ki, Qəzzafinin oğlu Liviyanı birləşdirmək, yenidən keçmiş imicini bərpa etmək üçün seçkilərə girmək istəyir. Seyfəlislam Qəzzafi Liviya Xalq Qurtuluş Cəbhəsi adlı qurumun namizədi olacaq. Xatırladaq ki, Qəzzafinin oğlu və inqilaba qədər əsas varisi hesab olunan Seyfəlislam Qəzzafi 2011-ci ildə həbs olunub və 2017-ci ilin aprelində Tobrukda yerləşən Liviya hökumətinin elan etdiyi amnistiya çərçivəsində azadlığa buraxılıb.
Maraqlıdır ki, həbsdən azad edildikdən qısa müddət sonra Seyfəlislam Liviyada nüfuzlu qəbilə rəisləri ilə birlikdə iftar yeməyinə qatılmışdı. Hələ o zaman ehtimal olunurdu ki, oğul Qəzzafi siyasətə, daha doğrusu, atasından sonra boş qalan Liviyada iqtidar olmağa iddiaçıdır. Bunun üçün indi, necə deyərlər, ciddi səbəb də var.
Qəzzafilərin Liviyada ən böyük tayfalardan birinin üzvü olduğu, eləcə də keçmiş əlaqələri, nüfuzlarını nəzərə alsaq, Seyfəlislamın iddiasının boşuna olmadığını deyə bilərik. Müharibə nəticəsində Liviya xaraba qalıb, əhali terror və xaosdan, səfalətdən əziyyət çəkir. Belə bir zamanda təbii ki, xalq Qəzzafinin rifah və sabitlik dövrünü (demokratiya indi o qədər də yada düşmür - K.R.) tez-tez xatırlayır. Üstəlik, indi Liviyada Qəzzafinin güclü tayfaları hələ də böyük güc və maddi imkanlara sahibdir. Bu isə o deməkdir ki, bu il keçiriləcək seçkilərin əsas iddiaçısı məhz Seyfəlislam olacaq.//Musavat.com//