SİĞƏ: əxlaqsızlığa geydirilən dini don, yoxsa mənəviyyatsızlığın təbliği...

 Namizəd Səfərov: “Azərbaycanda yalnız qeydiyyat şöbəsində qeydə alınmış nigahlar qanuni hesab olunur”
Tahir Abbaslı: “Günaha batmamaq, zina etməmək üçün siğə mütləqdir”
Hazırda cəmiyyətimizdə çoxarvadlılığa, siğə izdivaclarına münasibət birmənalı deyil. Bunu kəskin tənqid edib qəbulolunmaz sayanlar da var, şəriət hökmü kimi alqışlayanlar da.
Müasir Azərbaycan cəmiyyətində bir-birinə daban-dabana zidd olan müxtəlif tendensiyalar özünü göstərir. Belə ki, cəmiyyətin müəyyən bir hissəsi sovetlər dönəmindən mövcud olan klassik ailə institutunun yaşadılmasını vacib sayırsa, digər bir qismi şəriət hökmləri ilə yaşamağı üstün tutur. Rəsmi nigahda yaşayan Azərbaycan vətəndaşlarının sayı həyatını dini izdivac üzərində quran soydaşlarımızdan qat-qat çox olsa da, kəbin və siğə artıq gündəlik həyatımıza yol tapıb desək, yanılmarıq.
Bu gün rəsmi nigahla bərabər molla kəbininin kəsilməsi adi haldır, amma rəsmi nigahda ola-ola ikinci, hətta üçüncü ailəsi olan dindarlar da az deyil, eyni zamanda müvəqqəti nigah kimi təqdim olunan siğə izdivacları da getdikcə çoxalır. Özü də bu özünü dindar, Allah adamı sayan kişilər arasında daha çox yayılıb.
Bu günkü cəmiyyətimizdə çoxarvadlılığa, siğə izdivaclarına münasibət birmənalı deyil. Bunu kəskin tənqid edib qəbulolunmaz sayanlar da var, şəriət hökmü kimi alqışlayanlar da.
İslamda evlilik daimidir
Kiçik bir araşdırma aparıb siğə haqqında məlumat toplamağa çalışdıq. Öyrəndiklərimiz isə bu oldu:
Siğə ərəb dilində "mut'a" adlanır. Lüğətdəki mənası, "faydalanmaq", "istifadə etmək" deməkdir. İstilahda isə, hər hansı bir qadınla müəyyən məbləğin əvəzində, müəyyən bir müddət birlikdə olmaq üçün razılığa gəlməkdir. Bu tərifdən də aydın olur ki, siğədə İslam hüququndakı adi kəbin kəsdirmək üçün şərt qoşulan şahid və elan yoxdur. Hər iki cinsin müəyyən bir məbləğ və müddət ərzində razılığı siğədə kifayətdir. Bundan basqa kişidən qadının maddi ehtiyaclarını təmin etmək üçün də heç nə istənilmir. Bu "evlilik"də miras da olmur. Təyin edilən vaxt qurtarandan sonra adi boşanmadan fərqli olaraq qadın iddət müddətinin (iddət - əri ölən və ya bosanan qadının yenidən evlənə bilməsi üçün gözləməli olduğu müddətdir) yarısını gözləyir. Bütün bunlar da siğənin İslamda haram olduğunu göstərir.
Ailə həyatı qurmaqda məqsəd təkcə cinsi həvəsi nəzarət altına almaq olsaydı, müvəqqəti kəbin sayılan siğə məntiqli olardı. Müxtəlif mədəniyyətlərdə, dinlərdə olduğu kimi, İslam dinində də evlənməyin bir deyil, bir çox səbəbi var. Bu səbəblərin əsasını ruh və bədən sağlamlığı, cəmiyyətin mənəvi mirası və dəyərləri ilə bütövləşmiş nəsillər dünyaya gətirib yetisdirmək təşkil edir. İslamda qadınla-kisi arasında yeganə yaxınlıq əlaqəsi ancaq kəbinlə, ailə həyatı qurmaqla mümkündür. İslam dini zinanı qadağan etmiş və kişi ilə qadın arasındakı əlaqələrin yeganə yolu olaraq daimi evliliyi gətirmişdir.
Amma artıq qeyd etdiyimiz kimi, müasir cəmiyyətimizdə çoxarvadlılıq və siğə günün gerçəyidir.
“Siğə heç bir hüquqi əhəmiyyət kəsb etməyən qəbulolunmaz bir aktdır”

Siğə ilə bağlı münasibətini öyrəndiyimiz hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə bunları söylədi: “Siğə ilə bağlı yalnız onu deyə bilərəm ki, Azərbaycanda yalnız qeydiyyat şöbəsində qeydə alınmış nigahlar qanuni hesab olunur və yalnız qanuni nigaha girən ər və arvad arasında hüquqi münasibətlər yaranır. Sabah övladları dünyaya gələndə bir valideyn kimi hüquq və vəzifələri, eləcə də boşanacaqları təqdirdə aliment məsələsi yalnız rəsmi nigahla tənzimlənir.
Nigahdan qeyri qurulan bütün ittifaq və münasibətlər isə qanunla nizamlanmır. Siğə məsələsinə gəldikdə isə, mollalar bunu daha yaxşı bilər.
Çox guman ki, Azərbaycanda rəsmi nigah bağlanması qanuniləşənə qədər kəbin kimi, siğə də elə nigah statusunda olub. Bu gün də bəzi inanclı insanlar nigahlarını məhz bu yolla rəsmiləşdirirlər.
“Nigah haqqında şəhadətnamə əhəmiyyətsiz bir şeydir, əsas insanların öz aralarında olan münasibətidir”
Əslində, mənim fikrimcə, kişi-qadın, ər-arvad münasibətləri müstəvisində nigah heç bir əhəmiyyət kəsb etmir, yəni, mənə görə, nigah haqqında şəhadətnamə əhəmiyyətsiz bir şeydir, əsas insanların öz aralarında olan münasibətidir. İnsanlar var ki, rəsmi nigaha girmədən uzun illər birlikdə xoşbəxt həyat sürüb, övladları dünyaya gəlib, elə insanlar da var ki, rəsmi nigahla, təmtəraqlı toy-düyünlə ailə ququr, amma ailə həyatlarının ömrü cəmi bir neçə ay olur. Yəni, burda əsas olan insani münasibətlərdir, iki insanın bir-birinə olan sevgisi, qarşılıqlı hörmətidir.
Mayakovskinin məşhur “Sovet pasportu” şeirində deyildiyi kimi, mən bütün kağızlara nifrət edirəm. Doğrudan da, nigah haqqında şəhadətnamə iki şəxs arasındakı münasibətləri rəsmiləşdirən formal bir kağızdır. Başa düşürəm ki, mövcud qanunvericilik bunu tələb edir. Amma artıq qeyd etdiyim kimi, iki insan arasındakı münasibətin nə rəsmi qeydiyyata, nə də kəbinlə siğəyə heç bir ehtiyacı yoxdur.
Sözügedən mövzu ilə bağlı isə bir daha vurğulamaq istəyirəm ki, dövlət qanunvericiliyinə görə ər-arvad münasibətləri rəsmi nigahla müəyyən edilirsə, təbii ki, siğə heç bir hüquqi əhəmiyyət kəsb etməyən qəbulolunmaz bir aktdır”.
“Əgər bu günkü cəmiyyət siğəni qəbul etmirsə, buna görə kimlərsə əziyyət çəkməlidir?”

Demokratik İslam Partiyasının sədri Tahir Abbaslı isə siğə haqda belə düşünür: “Həyat yoldaşı dünyasını dəyişən, yaxud yoldaşından ayrılan qadın daşdan, qəmbərdən deyil axı, o da insandır, onun da arzuları, istəkləri var, o da yaşamaq istəyir, əri ölübsə, yaxud artıq onunla deyilsə, həmin qadın ölməli deyil ki. Həyat davam edir. Və günaha batmamaq, zina etməmək üçün o mütləq siğə etdirməlidir. Əgər bu günkü cəmiyyət siğəni qəbul etmirsə, buna görə kimlərsə əziyyət çəkməlidir?
“Qanun da elə ona görədir ki, insan müxtəlif situasiyalara uyğun olaraq öz həyatını qurub yaşaya bilsin”
Dünya işidir, müharibələr ola bilər, adam bir yerdən başqa bir yerə gedə bilər, bir müddət başqa bir şəhərdə, yaxud ölkədə işləyə bilər, şəxsi həyatında dəyişiklik ola bilər, ikinci ailə də qura bilər. Qanun da elə ona görədir ki, insan müxtəlif situasiyalara uyğun olaraq öz həyatını qurub yaşaya bilsin.
Məsələnin başqa bir tərəfini də deyim. Misalçün, ata qızını ərə verəndə ona deyir ki, qızım, ya gedib ər evində birincinin birincisi olacaqsan, ya da qayıdıb ikincinin ikincisi olacaqsan. Sən bu evdə bekar qalmayacaqsan, mən sənə bu yaşına qədər sahib çıxa bilərdim, səninlə hesab-kitabım bu yaşına qədər idi. Ayrılıb gəlsən, təbii ki, bir ata kimi səni qəbul edəcəyəm, amma səni hökmən ikinci ailəyə verməliyəm ki, ailəmizin namusu əldən getməsin.
“Allah şəriət hökmünü ona görə verib ki, insanlar bir-birinə sahib çıxsınlar”
Heç kəs üçün siir deyil ki, ərindən boşanmış, yaxud dul qalmış qadınlara kişilərin başqa fikitrləri olur. Allah şəriət hökmünü ona görə verib ki, insanlar bir-birinə sahib çıxsınlar.
Bu günkü cəmiyyətimizdə siğəyə olan ögey münasibət qadınların xəsisliyindən qaynaqlanır. Müasir qadınlar həyat yoldaşlarına şəxsi əmlakı kimi yanaşır. Halbuki, kişinin azadlığını məhdudlaşdırmaq olmaz.
O ki, qaldı qadına. Biz bir müsəlman olaraq şəriət hökmləri ilə yaşasaq, bütün dəyərlər öz yerini tapar. Qadın kişinin namusudur. Odur ki, o kişi kimi azad hərəkət edə bilməz. Amma onun da hüquqları var. Belə ki, əgər həyat yoldaşı 6 ay müddətində qadınından uzaq olursa, qadının ondan ayrılmaq haqqı var. Yəni həyat yoldaşı ilə şərt kəsə bilər ki, altı aydan bir yanıma gəlməsən, mən sənin xanımın olmayacağam. O zaman kəbin, yaxud siğə geri oxunur və həmin qadın öz həyatını istədiyi kimi yaşamaq hüququ qazanır. Amma əri ola-ola başqası ilə yaşamaq bağışlanılmaz günahdır, zinadır, o cür qadınlar cəhənnəm əhlidir.
“Müasir dünyamızda siğə fahişəliyin, əxlaqsızlığın qarşısını almaq üçün gərəkdir”
Əslində müasir dünyamızda siğə fahişəliyin, əxlaqsızlığın qarşısını almaq üçün gərəkdir. Yəni qazanc arxasınca Dubaya və qeyri ölkələrə üz tutan qadınlara burda sahib çıxan, maddi və mənəvi cəhətdən onlara dəstək olan biri tapılsa, ayaqları qərib diyarlardan çəkilər və tövbə edib düz yola qayıdarlar.
Eləcə də həyat yoldaşları müharbədə şəhid olan, yaxud hər hansı səbəbdənsə dünyadan köçən xanımların onlara sahiblənəcək bir kişiyə ehtiyacı var. Kəbin, yaxud siğə isə həm bu izdivacın Allah tərəfindən qəbul edilməyi üçün şərtdir, həm də ağzıgöyçəklərin sözünü kəsmək üçün lazımdır.
Yazıq molla bu qadınların qeyrətini, namusunu çəkdiyi üçün təmənnasız olaraq siğə oxuyur, onlar da gedib övladlarını saxlayırlar. Odur ki, mollaları nədəsə günahlandırmaq, hətta siğə oxuduqlarına görə cəzalandırmaq doğru deyil.
Siğə əleyhdarları çox zaman siğə haqda Qurani-Kərimdə ayə olmadığını əsas gətirir. Halbuki, Quranda müvəqqəti kəbin haqda ayə var, amma hər şey Quranda yazılsaydı, onda Quran adi kitab olardı, heç kəs oxumazdı. Allah peyğəmbəri göndərib ki, həm insanlığa nümunə olsun, həm də cəmiyyətə şəriəti öyrətsin.
“Siğə müsəlmanların günaha batmaması üçündür, axirətlərini qazanmalarından ötrüdür”
Məsələ ondadır ki, qeyri cinsin nümayəndələrinin bir-birinə toxunması, xəlvətdə danışması üçün icazə lazımdır. Siğə təkcə yastıq məsələdi deyil, əgər bir sahibsiz xanımın hansısa bir kişi ilə ikilikdə işgüzar görüçü planlaşdırılırsa, onların birlikdə olması günaha yazılmasın deyə, siğə oxutdurub görüşmələri şərtdir. Siğə bir saatlıq, bir günlük, bir aylıq, yaxud bir illik, eləcə də daimi ola bilər. Siğə müsəlmanların günaha batmaması üçündür, axirətlərini qazanmalarından ötrüdür.
Müasir cəmiyyətimiz şəriətin hökmlərini qəbul etsə, pozğunluq, əxlaqsızlıq aradan götürülər, insanlar bir-birinə düşmən kəsilməz, əksinə bir-birinin qayğısına qalar,ərlərini itirmiş qaqdınlar müxtəlif xəstəliklərə tutulmaz. Səxavət, ədalət, mərhəmət, vicdan, qeyrət, namus siğə məsələsində öz əksini tapır.
“Azərbaycanda siğəyə qarşı çıxanlar cəmiyyəti əxlaqsızlığa sürükləyən qüvvələrdir”
Kəbinlə siğə hər ikisi izdivacdır və hər ikisi müvəqqətidə ola bilər, daimi də. Bunların arasında ən böyük fərqi ondadır ki, kəbin kəsdirən insanlar şərikli ömür sürürlər və ortaq mülkiyyətləri olur. siğə oxutduran şəxslərin isə bir-birinin qarşısında bu cür öhdəliyi yoxdur. Siğə könüllülük prinsipinə əsaslanan müvəqqəti birlikdir. Təbii ki, kişi siğə oxutdurduğu xanıma istənilən dəyərdə hədiyyə verə bilər, onu mal-mülk sahibi edə bilər, lap öz evinə də gətirə bilər, bu istəyə bağlı bir şeydir. (Siğə məsələsində kişinin qanuni (rəsmi nigahda olduğu) qadınından icazə almasına ehtiyac yoxdur).
Bu gün Avropada əxlaqsızlığın yayılmasının başlıca səbəbi kişi-qadın münasibətlərinə heç bir məhdudiyyət qoyulmaması, bu münasibətlərin qanunla tənzimlənməməsi, qadına dəyər verilməməsidir. Elə Azərbaycanda siğəyə qarşı çıxanlar, mətbuatı ələ alıb siğənin əleyhinə yazılar yazdıran da məhz cəmiyyəti əxlaqsızlığa sürükləyən qüvvələrdir.
“Müasir Azərbaycan cəmiyyətinin saflaşdırılmasının yeganə yolu şəriət hökmlərinə tabe olmasındadır”
Əslində siğə qadın hüquqlarını qorumaq üçündür. Sizcə, bizdə də Hindistandakı kimi ər öləndə xanımını da diri-diri onunla birgə yandırmaları, ya başsız qalan qadının hansısa bir kişi ilə qanuni izdivaca girib normal həyat yaşamasımı daha məsləhətlidir ?
Kəbinin ən təkmil forması sonuncu dinimizi bəşəriyyətə çatdıran peyğəmbərin buyurduğudur, bütün digər izdivac fotrmaları isə düzgün deyil.
İslam ayrı-ayrı məhəllələrə, yaxud ölkələrə deyil, bütün bəşəriyyətə hədiyyə olunub. Buna görə müsəlman ölkələrində əhali gündən-günə artır, ruzi-bərəkət aşıb daşır. Çünki İslamda hər şey, o cümlədən də kişi-qadın münasibətləri ölçülü-biçilidir.
Müasir Azərbaycan cəmiyyətinin saflaşdırılmasının yeganə yolu şəriət hökmlərinə tabe olmasındadır. İslamda xanımın xanım düşüncəsi, kişinin isə kişi düşüncəsi var. Kişi uzaqgörən olduğu üçün onu xarici işlər nazirinə, evin, ailənin dayağı olan qadınlar isə daxili işlər nazi ilə müqayisə etmək olar
Riskli həyat yaşayıb axirətini itirməyə dəyərmi? Müxtəlif növ kapitallar olduğu kimi, ailə kapitalı da var və bu kapital göz bəbəyi kimi qorunmalıdır.”
Hazırladı: İNCİ, Hurriyyet.org
P.S. Göründüyü kimi, Tahir Abbaslı siğə oxutdurmağı təqdir edir və bunu müasir cəmiyyətimizdə əxlaqsızlığın qarşısını alan vasitə kimi dəyərləndirir. Təbii ki, onun fikirlərinə hörmətlə yanaşırıq. Amma xatırlatmaq istəyirik ki, Azərbaycan dünyəvi ölkədi və dövlət qanunvericiliyi əsasında idarə olunur.
Bizim ölkəmizdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi nigahı olmayan insanların kəbin kəsdirməsi belə qadağan edilib, siğə oxuyan mollalar isə cinayət məsuliyyəti daşıyır.
Odur ki, Azərbaycan cəmiyyətini mənəviyyatsızlıqdan qorumağın yeganə yolu mövcud ailə institutunun dağılmasına imkan verməməkdir.
Siğə isə əksər soydaşlarımızın (o cümlədən də kişilərin), eləcə də din alimlərinin fikrincə, sadəcə əxlaqsızlığa dini don geydirmək məqsədi daşıyır.
Tarix: 4-04-2019, 14:59
Xəbəri paylaş





Xəbər lenti