Egeyin incisi, gözəl İzmirdən reportaj… - FOTOLAR


 

"İzmir, bir prensestir çok güzel küçük şapkasıyla.
Mutlu ilkbaharlar durmaksızın onun çağrısına yanıt verir.
Nasıl vazo içindeki çiçekler gülümserse,
O da denizler arasından ışıldar.
Hatta Arşipel'in yaratılışından çok daha tutkulu...."

(Viktor Hüqo)

Bu şəhəri gəzərkən hiss ettiyim, Barselonadakılarla çox bənzəyirdi. Barselonaya gedərkən Polşadan sonra sanki isti bir cənnətə düşmüşdüm. Soyuq və qaranlıq bir yerdən gəldiyim üçün günəşin şüalarını saçdığı bu şəhər mənə çox möhtəşəm görünmüşdü. Əlbəttə, Barselonanı özəl edən tarixi binaları və gözəl mühiti də təəssüratlarımın rəngbərəng olmasına səbəb olmuşdu. Kataloniyanın paytaxtı, hər detalı ilə xüsusi olan, mədəniyyət mərkəzi Barselona...

İzmiri Türkiyənin ən böyük sərvəti adlandırmaq olar, hətta fikrimcə yaşamaq üçün Türkiyənin ən uyğun şəhərlərindən biridir. Burada İstanbulun izdihamından çox uzaqsınız, özünüzü sakit, səliqəli, günəşli bir Avropa şəhərində hiss edirsiz.

Bir izmirli tələbə yoldaşım anasının illərdir İzmirdən çıxmadığını, buna gərək belə duymadığını söyləmişdi. Niyəsini soruşanda belə cavab verdi. "Həm yaşamaq,həm işləmək, həm əylənmək üçün İzmirdən daha gözəli varmı? İş həyatını da orda keçirir, yay tətilini də orda edir. Şəhər də elə şəhərdir ki, xüsusilə orda doğulmusansa ömürlük aşiq olursan".

İnsanları da Türkiyənin digər şəhərlərindən fərqlidir, özünəməxsusdur. Yeri gəlmişkən İzmir qızları Türkiyədə gözəllik simvolu hesab olunurlar.

"Savaşta da, aşkta da esaslıdır kadın duruşları
Hiçbir topuk tıkırtısı bu kadar
Davetkar çalamaz
Bir göz vuruşuyla yerle bir eder
Böyle bir şey olamaz

Körfezin yakamozu, yıldızı,
Keskin tuzu tadında
Parfümü meltem
Yasemenler açar balkonunda"

IMG-20190317-WA0013.jpg (126 KB)

Tarixi

İzmirin tarixi bizim eramızdan əvvəlki minilliklərə qədər uzanır. Şəhərin adının haradan gəldiyi ilə bağlı vahid bir fikir yoxdur. Amma ən çox qəbul edilən görüş Amazon şahzadəsi Smirnanın adından gəldiyidir. Bu adın şəhərin ətrafındakı qədim kəndlərdən birinin adı olduğu güman edilməkdədir. Şəhər minilliklər boyu Ellin mədəniyyətinin ən mərkəzi yerlərindən biri olub.

İzmir hər cür tarixi hadisələrə şahidlik edib. Makedoniyalı İsgəndərdən ərəblərə, cenevizlilərdən səlibçilərə qədər hər kəs şəhər üçün bir-biriylə savaşıb. Türklərin bölgəyə ilk gəlişi Malazgird savaşından sonra, 1081-ci ilə təsadüf edir. Həmin dövrdə akıncılar şəhərə hücumlar edir və nəhayət Çaka bəyin başçılığı ilə türklər şəhəri ələ keçirirlər. Sonralar şəhərin idarəsi bizanslılara, daha sonra rodoslulara keçir. 1344-cü ildə cenevizlilər aşağı şəhəri tutsalar da, şəhərin yuxarı hissəsi Aydınoğulları bəyliyinin əlində qalır. Deyilənə görə "Gavur İzmir" sözü də məhz bu dövrdə yaranıb, cenevizlilərin əlində olan aşağı şəhəri adlandırmaq üçün istifadə olunub. İzmirə hətta Teymur da sahib olub. Osmanlı sultanı İldırım Bəyazidi məğlub etdikdən sonra Əmir Teymur 1403-cü ildə şəhəri tutub. İzmirin birdəfəlik Osmanlıya bağlanması 1422-ci ilə, Sultan II Muradın dövrünə təsadüf edir.

İzmir I Dünya Müharibəsindən sonra yunanlar tərəfindən işğal edilsə də 1922-ci ildə Qurtuluş Savaşından sonra Türkiyənin olub. Şəhərin yunan (rum) əhalisi isə həmin dövrdə və sonrakı köçlərdə azalaraq yerini türklərə buraxdı. Dövrün Osmanlı mənbələrinə görə XXI əsrin əvvəllərində İzmir əhalisinin sadəcə 38%-ini türklər təşkil edirdi. Çoxmillətli şəhərdə həm də yəhudilər və ermənilər də yaşayırdı. Bu sayıma görə həm də şəhərin əhalisinin 55%-i xristian olaraq yazılmışdı.

İndi  o Ege bölgəsinin ortasında yer almış, 4 milyon əhalisi olan ölkənin üçüncü böyük şəhəri, Türkiyənin ən böyük yeddinci limanıdır. İzmirdə Aralıq dənizi iqlimi hakimdir. Yay ayları isti, qışı isə mülayim tempraturlu və yağışlı keçir.

IMG-20190317-WA0012.jpg (142 KB)

Egeyin incisi...

"İzmir gibiyim artık gülmeyi Alsancak’ta bıraktım. Aşkı Bornova’da. Asansör kadar yorgun, Agora kadar yıkık, Eşrefpaşa kadar belalı, Basmane kadar vedalara alışık, Kemaraltı kadar kalabalık, Yalı kadar cefakar. İzmir gibiyim yani, uzaktan ışıl-ışıl. Ama aslında yorgun ve her şeye rağmen saat kulesi gibi dimdik ayakta".

Bu məşhur, müəllifi bilinməyən təsvirdən də anlaşıldığı kimi İzmirin hər bölgəsinin özünəxas hekayəsi var. İlk olaraq məşhur Saat Kulesinin yerləşdiyi Konak Meydanından başlamaq istəsəm də bəxtimdən qüllə təmirə bağlanmışdı. Ona görə də İzmirin ən məşhur rəmzlərindən biri olan, 1901-ci ildə tikilmiş bu qüllənin yalnızca təmir prosesini görə bildim.

Osmanlı dönəmindən qalma Türkiyədəki bazar mədəniyyətinin ən önəmli təmsilcilərindən biri olan Kemeraltı Çarşısı turistlərin sevimli yeridir. Türkiyəyə ilk gəldiyim gün İstanbuldakı çarşılarda gəzib bu ənənəni çox sevmişdim. Həm açıq bazar, həm restoranların toplandığı bu yerlərə girəndə adam çıxmaq istəmir. Bir tərəfdə şirniyyat mağazaları, qızıl dükanları, digər tərəfdə balaca bazar restoranları...

Burda maraqlı olan hər restoranın, yaxud mağazanın yeni olmadığı, yüzillərdir bu işi görən nəsil tərəfindən işlədildiyidir. Eyni şeyi Təbriz bazarında da müşahidə eləmişdim. Fikirləşdim ki, bu bizim kimi sovet kollektivləşməsindən keçmiş ölkələr üçün yenidir, yəqin yerlilər üçün bir nəslin öz biznesini yüzillər boyu davam etdirməsi çox sıradandır.

Kemeraltı Çarşısında ən maraqlı yerlərdən biri də "Kızlarağası Hanı"-dır. Karvansara tipli bu yerin inşası XVIII əsrə təsadüf edir və şəhərin ticarət tarixində önəmli bir yeri olub. İzmin limanına gələn, müxtəlif ölkələrdən olan tacirlər və sənətkarlar bu binada gecələyiblər.

Kemeraltı Çarşısından heç də uzaq olmayan bir məsafədə Agora antik şəhəri yerləşir. Bizim eradan əvvəl IV əsrə aid bu bölgə açıq hava altında bir muzeydir.

İzmirin digər simvolik yerlərindən biri isə "Tarihi Asansör" dedikləri, 60 metrlik bir hündürlüyə çıxmaq üçün tikilmiş məşhur liftdir.  Lift 1907-ci ildə tikilib. Həmin vaxt ərazinin aşağı hissəsində Devidas Ailəsi, aşağıda isə yəhudi tacir Nesim Levi yaşayırmış. Gediş-gəlişi asanlaşdırmaq üçün oraya "Devidas Merdivenleri" deyilən pilləkanlar inşa edilir. Lakin bir gün Devidas bu pilləkanlarından yıxılaraq ayağını qırır və dostu Nesim Levi qərara gəlir ki, buraya bir lift inşa etsin. Liftin girəcəyində ivrit və fransız dilində tikilinin gerçəkləşdiyi tarıx, Nesim Levinin adı yazılıb. Deyilənə görə, Levi bu tikilidə istifadə olunan kərpicləri Marseldən sifariş edib. Yuxarıdan İzmirə gözəl bir mənzərə açılır, qırmızı dam örtükləri olan evlər və gözəl dəniz mənzərəsi..

IMG-20190317-WA0014.jpg (145 KB)

Mətbəx...

"İzmirdə nə yemək olar?" sualını heç tərəddüd etmədən soruşa bilərsiz, çünki bu suala veriləcək çox sayda cavab ver. Bu şəhər Egey mətbəxinin paytaxtlarından biridir, burada müxtəlif cür məzələr, balıqlar, ət yeməkləri, salatlar və bütün Türkiyədə məşhur olan şirniyyatlardan dada bilərsiz.  Şəhərin özünəxas səhər yeməyi süfrəsi də var. Türkiyəlilər bizdən fərqli olaraq səhər yeməyinə çox önəm verir, hətta yuxudan günorta qalxsalar belə, günə səhər yeməyi olmadan başlamırlar.

Boyoz, Lokma, İzmir köftesi, kumru, şambali, kuşkonmaz kovurması.. Bunlar İzmirin məşhur yemək və şirniyyatlarıdır, amma mənim ən çox bəyəndiyim Lokma oldu. İzmir mətbəxində həmçinin yunanların və digər xalqların mətbəx mədəniyyətinin təsirləri də var. Xüsusən də məzələrdə. Burda dəniz məhsullarından, müxtəlif  bitkilərdən hazırlanmış, min bir dad verən hər cür məzə tapmaq olar.

İzmirdə gəzərkən düşündüm ki, mən bu şəhərdə heç tərəddüd etmədən yaşaya bilərəm. İzmir sahilboyu palma ağaclarının uzandığı, insanlarının gülərüz və mədəni olduğu, Günəşin daim işıq saçdığı gözəl bir şəhərdir. Egeyin incisidir. Buranı aşiq olmadan tərk etmək və ya yaşamaq qeyri-mümkündür.

Araz Bayramov,
Musavat.com



Tarix: 4-04-2019, 21:50
Xəbəri paylaş





Xəbər lenti