Türkiyədə seçki gərginliyi davam edir - səslər necə hesablanır?


Seçki mübahisələrinin mərkəzində dayanan səslərin sayılıb elan edilməsi mexanizmi haqda məlumatlar...

Türkiyədə 31 mart bələdiyyə seçkiləri başa çatsa da, seçki etirazları davam edir. Ümumilikdə seçkidən sonra 46 vilayətdə (il) seçkilərin nəticələrinə etiraz olub və bundan sonra 21 vilayətdə səslərin qismən, yəni yalnız etibarsız bülletenlərin, yaxud da bütün bülletenlərin yenidən sayılması barədə qərar verilib.

AKP İstanbul, Ankara, İzmir, Əskişəhər, Siirt, Dənizli, Adıyaman, Samsun, Yalova, Ərzurum, Kırklareli, Adana, Aydın, Ardahan, Antalya , Osmaniyə, Sivas, Rizə, Artvin, Van, Ağrı və Karamanda seçkilərin nəticələrinə etiraz edib.

MHP isə İğdır, Yozqat, Kırşehir, Qars, Adana, Aydın, Mersin, Aksaray , Malatya, Osmaniye və Kırklareli olmaqla 11 vilayətdə seçki nəticələrinə etiraz edib.

CHP İstanbul (bəzi rayonlarında), Ankara, İzmir, Ədirnə, Bursa, Əskişəhər, Adana, Mersin, Malatya, Giresun, Artvində nəticələrə etiraz edib.

İYİ Partiya Ankara, Dənizli, Uşak, Mersin, Hatay, Aydın, Kırıkkale, Manisada nəticələrə etiraz edib.

Hazırda İstanbulun 15 rayonunda etibarsız bülletenlər, 3 rayonunda isə bütün səslər yenidən sayılır. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkinin nəticələri də AKP-nin etirazından sonra sayılır.

Xatırladaq ki, 31 mart bələdiyyə seçkilərində Türkiyə ərazisində 30 böyük şəhər bələdiyyəsi, 51 vilayət bələdiyyəsi, 922 rayon (ilçe), 32 min 105 məhəllə və 18306 kənddə keçirilib. Artıq seçkilərin nəticələri məlumdur. Lakin indi daha çox sual doğuran məsələlər Türkiyədəki seçki sistemidir. Xüsusən də səslərin sayılması və sürətlə elan edilməsi.

seçimler ile ilgili görsel sonucu

Nəzərə almaq lazımdır ki, Türkiyədə bələdiyyə seçkiləri xeyli dərəcədə mürəkkəb bir mexanizm üzərində qurulub. Ümumilikdə 31 mart seçkilərində 12 partiya iştirak edib. Üstəlik, Türkiyə seçicisi bu seçkilərdə xeyli sayda namizəd arasında bir neçə nəfəri seçməli olub. Məsələn, böyük şəhər bələdiyyələrində Böyük Şəhər bələdiyyə sədri, rayon bələdiyyə sədri, Bələdiyyə Məclisi üzvləri, Muxtarlıq və Ağsaqqallar Heyəti üzvləri seçilib. Böyük şəhər olmayan vilayətlərdə isə Vilayət Bələdiyyəsi Baş Məclisi üzvləri, bələdiyyə sədrləri, Bələdiyyə Məclisi üzvləri, Muxtarlıq və Ağsaqqallar Heyəti üzvləri seçilib. Kənd sakinləri olan seçicilər isə Vilayət Məclisi üzvlüyü, Muxtarlıq və Ağsaqqallar Heyəti üzvlərini seçib.

Türkiyə qanunlarına görə, xüsusi istisnalar xaric hər kəs qeydiyyatda olduğu ünvanda səs verir. Bələdiyyə seçkiləri zamanı qanuna əsasən əvvəlcə Böyük Şəhər Bələdiyyəsi sədri, bələdiyyə məclisi, bələdiyyə məclisi üzvlüyü və muxtarlıq, digər vilayətlərdə isə bələdiyyə sədri, bələdiyyə məclis üzvlüyü, vilayət bələdiyyə məclisi üzvlüyü, muxtarlıq seçkilərinin nəticələri sıra ilə sayılır və aktlaşdırılır.

Ümumilikdə, Türkiyədə 81 vilayətdə 878 rayonda seçki prosesində 1 milyona yaxın insan iştirak edir. Yalnız hakim AKP-nin ölkə üzrə bütün məntəqələrdə hər birində 3 nümayəndəsi təmsil olunur. Türkiyədə 31 mart bələdiyyə seçkilərinin təhlükəsizliyini 255 min polis, 130 min jandarma qoruyub.

Türkiyədə seçki prosesinə müdaxiləyə görə 2 ildən 5 ilə qədər həbs cəzası verilir. Əgər bu müdaxilə silahla edilirsə, minimum cəza 3 ildən başlayır. Birdən artıq şəxs tərəfindən həyata keçirilsə, həbs cəzası 15 ilə qədər arta bilər.

Bundan başqa, seçicilərə hansısa partiyaya səs verməsi üçün təzyiq edən şəxsə 2 ildən 6 ilə qədər həbs cəzası verilə bilər.

Bir nəfərin səs verməsinə mane olmağa görə isə 1 ildən 4 ilə qədər həbs cəzası verilə bilər. Bunu zorakılıqla edərsə, həbs cəzası 3 ildən 5 ilə qədər arta bilər. Bundan başqa, səs verdikdən sonra məntəqəni tərk etməyən və seçicilərə hansısa namizədə səs verməyi təlqin edən şəxsə 3 aydan 1 ilədək həbs cəzası verilə bilər.

seçimler ile ilgili görsel sonucu

Başqasının əvəzindən səs verən və ya təkrar səs verməyə cəhdə görə 1 ildən 5 ilə qədər həbs cəzası verilir. Seçki bülletenini oğurlayan şəxsə 3 ildən 5 ilə qədər həbs cəzası verilə bilər. Seçkiyə gəlməyən şəxsin əvəzinə səs verənə isə 3 ildən 5 ilə qədər həbs cəzası verilə bilər. Seçki nəticələrini dəyişməyə görə isə 5 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, 31 mart seçkilərində ən çox mübahisə doğuran mövzulardan biri də dövlətin rəsmi xəbər agentliyi olan “Anadolu” Agentliyinin seçkilərin nəticələrinin açıqlanması prosesində yaranan ləngimələr idi. Məsələ ondadır ki, “Anadolu” Agentliyi Türkiyədə hazırda seçki nəticələrini elan edən yeganə media orqanıdır. O da məlumdur ki, hazırda Türkiyə Yüksək Seçki Qurumuna daxil olan nəticələri qeydə alıb hesablayan elektron hesablama mərkəzi siyasi partiyalardan yalnız AKP-yə məxsusdur. Hətta CHP-nin də belə bir mərkəzi yoxdur. Eyni zamanda media orqanları arasında yalnız “Anadolu” Agentliyi YSK-ya daxil olan seçki nəticələrini qeydə alan sistemə sahibdir.

Daha əvvəl belə bir sistem yalnız “Cihan” Xəbər Agentliyinə məxsus olub və Türkiyədə ilk seçki nəticələrini məhz bu agentlik açıqlayıb. Lakin 2013-cü il 17-25 dekabr tarixlərində baş verən hadisələrdən sonra F.Gülən qrupuna məxsus “Cihan” Agentliyi qapadılıb. Bu sistem isə sadə eyni zamanda böyük bir sistemdir. Belə ki, dairə seçki komissiyalarında, yəni rayon mərkəzlərindəki seçki qurumlarında olan agentlik əməkdaşları hər bir məntəqədən gələn nəticə protokollarını əldə edərək bunu sistemə daxil edir. Beləliklə, nəticələr DSK-da hesablanmadan artıq agentlik buna sahib olurdu. Ehtimal olunur ki, “Anadolu” Agentliyi də məntəqələrdəki protokolları partiyaların seçki qərargahı və ya rayon seçki dairələrindən alaraq agentliyin mərkəzindəki seçki hesablama ofisinə göndərir. Onlar isə gələn nəticələr əsasında səsləri hesablayaraq elan edir. 31 mart gecəsi nəticələrin elan edilməsi prosesinin gecikməsini də “Anadolu” Agentliyi  məhz bununla izah etmişdi, yəni yerlərdən protokolların gəlməsi üçün yeni məlumat verilmirdi.

seçimler ile ilgili görsel sonucu

Eyni zamanda Türkiyə mediasının məlumatına görə, yerlərdən məlumatların toplanıb hesablanmasını həyata keçirən sistemi İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlu da yaradıb. Məhz bu səbəbdən də İmamoğlu seçki günü axşam seçkilərin nəticələri ilə bağlı dəqiq rəqəmlərə malik olub. Lakin Türkiyədə qəbul edilən qaydaya əsasən dövlətin rəsmi agentliyi olan “Anadolu” Agentliyinin nəticələri elan etməsini istəyib.//“Yeni Müsavat”//


Tarix: 5-04-2019, 10:10
Xəbəri paylaş





Xəbər lenti