Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Ukraynada ciddi, daha doğrusu, özünün çalışdığı bir siyasi karyera qura bilməsə də, etiraf edək ki, məhz bu adamın sayəsində Ukrayna Azərbaycan mediasında, ələlxüsus da azərbyacanlı siyasi yazarların araşdırmalarında təbii halda ola biləcəyindən daha çox yer ala bildi.
Bu son günlərə gəldikdə isə, mübaliğəsiz demək olar ki, iki ölkədə - qardaş Türkiyədə və bir də Ukrayanada keçirilən seçkilər azərbaycanlı oxucuları ən çox məşğul edən mövzulardan oldu.
Türkiyə ilə bağlı bəzi qeydlərimizi sizinlə bölüşmüşük, Ukraynaya gəldikdə isə, indi güman ki, ən çətin məsələ Ukraynanın geosiyasi perspektivlərilə bağlı nəsə deməkdir, çünki hamı bu ölkədə aprelin 21-də keçirləcək ikinci tur prezident seçkilərinin nəticəsinin artıq bəlli olduğu qənaətindədir.
Əlbəttə, ikinci turların nəticələrinə təsir edəcək əsas amillərdən biri həlləedici mübarizə ərəfəsindəki siyasi qruplaşmalar olur– buarada sanki seçki ərəfəsində potensial səslərin təkrar bölüşdürülməsi prosesi gedir. Odur ki, hələ bir neçə gün siyasi qüvvələrin iki əsas namizəd ətrafında toplaşmasını müşahidə etmək lazım gələcək və bu özü də maraqlı proses olmağı vəd edir.
Amma bir daha deyirik ki, indi ən çox diskussiya olunan siyasi məsələlərdən biri də Ukraynanın “geosiyasi səylər gəmisi”nin hara sahil alacağıdır – bax, burada həqiqətən də tapmacaya bənzər detallar çoxdur, çünki ən çox səs toplayan namizədin guya ana dililə bağlı probleminin olduğu bildirilir, bu isə elə məsələdir ki, onun üstündən sükutla keçmək olmur,- belə ki, “dil qafanın aynasıdır” deyiblər...
Amma qeyd etmək lazımdır ki, bilavasitə seçkilərin özü də gözlənilməz məqamlarla və yeni siyasi trendlərlə çox zəngin oldu.
Birincisi, biz ilk dəfə gördük ki, erkən sosioloji tədqiqatlar belə seçkilərin nəticələrini irəlicədən müjdələyə bilər. Rusiya mediasından periodik olaraq Ukraynada seçki ərəfəsində keçirilən sorğulardan xəbər tuturduq. Sorğular hələ seçkiyə qədər artıq ölkənin növbəti lderini bizə təqdim edirdi – bu adam Vladimir Zelenski idi. Birinci tur bunu təsdiq etdi, bircə fərqlə ki, sorğularda indiki prezident Pyotr Poroşenko adətən üçüncü yerdə olurdu...
İkincisi, ilk turun favoriti hansısa təcrübəli, “bərkdən-boşdan çıxmış” siyasətçi və yaxud da “üzü üzlər görmüş” maliyyə oliqarxı deyil, adi bir teleaparıcı və şoumen oldu. Qeyd etmək lazımdır ki, son vaxtlarda belə hal az qala, yeni siyasi trendə çevrilir: bəlli olduğu kimi, ABŞ prezidenti D.Tramp da şou mühitindən çıxıb və hətta Ermənistanda keçirilən ən son seçkilərdən birinin qalibi - İrəvanın da yeni meri bu sferanın adamı idi...
Bu, qətiyyən təsadüfi deyil və səbəbləri də olduqca çoxdur. Məsələ bundadır ki, insanlar “siyasi –sfinks”lərdən, çirkli maliyyə oliqarxlarından, onların aşkar və gizli sövdələşmələrindən, daxili və xarici siyasətdə bu adamların qurduqları çeşidli, hətta bir az da iyrənc “konspiroloji ssenarilər”dən beziblər və siyasətdə daha anlaşıqlı, açıq və əlçatan, belə demək mümkünsə, daha şəffaf adamları görmək istəyirlər.
Vaxtilə bir sıra aparıcı əcnəbi politoloqlar bu tendensiyanı da duymuşdular. Məsələ bundadır ki, zaman keçdikcə siyasi ideologiyalar arasındakı fərqlər azalır, ideoloji sərhədlər şəffaflaşır və hətta silinir, artıq, məsələn, sosial-demokratı liberaldan ayırmaq olmur – bir daha ərz edirik ki, siyasi ideologiyaların yaxınlaşması və hətta konvergensiyası prosesi baş verir.
Belə vəziyyətdə ön plana siyasətçilərin şəxsi keyfiyyətləri, onların mənəvi və etik idealları, ayrı-ayrı siyasətçilərin geniş publika üçün nə dərəcədə açıq və əlçatan olması kimi yeni meyarlar çıxır.
Odur, heç də təsadüfi bir hal deyil ki, böyük siyasətdə də “qeyri-ənənəvi” sferanın təmsilçiləri adət etdiyimiz anlamdakı siyasətçiləri, maliyyə nəhənglərini sıxışdırmağa başlayıblar.
Burada həm də bir mühüm faktı qeyd etmək lazımdır. Siz şoumenlərə, televiziya aparıcılarına “yuxarıdan aşağı” baxmayın; bir tərəfdən efirin magik qüvvəsi, digər tərəfdən belə adamların siyasi texnologiyalara və reklam işinə çox yaxşı bələd olması bunu deməyə əsas verir ki, onlar heç də trivial insanlar deyillər. Elə ənənəvi siysətçilərin özlərini yaradan və onları publikaya qəbul etdirən adamlar məhz tele-aparıcılar, jurnalistlər deyilmi? Əgər başqasının üzərində onlar bu işi görə bilirlərsə, niyə bunu özləri üçün etməsinlər?..
Həm də başqa bir detalı deyək. Siyasətdə çirkli adamların at oynatmasının səbəbləri bilirsinizmi nədir? Burada hələki çox məsələləri pul həll edir və onları da daha çox çirkli adamların qazana bilmək imkanları olur. Bu tendensiya tədricən çəkilir. Siyasət daha şəffaf duruma gəldikcə burada ziyalıların, intellektualların, o cümlədən də tele- aparıcıların və jurnalistlərin iştirakı daha da artacaqdır.
Yeri gəlmişkən, bir detalı da xatırladaq ki, Saakaşvili də Ukraynada siyasi şoular aparmağa başlamışdı. Təkrar Ukraynadakı hadisələrə dönsək, gərək, belə bir detalı xatırladaq ki, ölkə iki inqilab – iki Maydan yaşayıb. Bəli, böyük ümidlər vardı. Təbii, demək olmaz ki, “ayrıca götürülmüş ölkədə baş tutmuş iki inqilab” ümidləri, ümumiyyətlə, puç etdi, yox, əlbəttə ki, belə olmadı – müəyyən irəliləyişlər var, amma vəd olunmuşların çoxu çin olmadı.
Ən böyük narahatlıq da bu sarıdandır. Maydanlardan məyusluq kobzarların ölkəsinin “ümidlər gəmisi”ni yenidən gərəksiz istiqamətə yönəldə bilər.
Ukrayna cəmiyyəti trivial deyil, əksinə mürəkkəbdir. Burada daban-dabana zidd siyasi və geosiyasi tendensiyaların iştirakını görmək olar – qatı müstəqillik tərəfdarları da az deyil, ölkənin Rusiyaya birləşməsini arzu edən rusofillər də.
Bu baxımdan da gələcək Ukraynanın NATO və AB ilə təmasları çox maraq kəsb edir. Məsələ bundadır ki, Gürcüstandan fərqli olaraq Ukraynada avro - hissiyatlar elə də möhkəm və dayanıqlı deyil. Əgər yaddaşımız aldtamırsa, qərbçi prezident V.Yuşşenkonun dövründə əksər ukraynalılar ölkənin NATO-ya inteqrasiyasının əleyhinə səs vermişdilər!
İndi çoxu Kiyevin NATO-ya ləng inteqrasiyasını əsasən bununla izah edir ki, guya prosesi “V.Putinin rəfiqəsi” A.Merkel və yaxud da demək olar ki, anlaşılmaz səbəblərdən Ukraynayla “arası soyumuş” Macarıstan tormozlayır. Amma məlumdur ki, ölkənin özü, xüsusən də onun nüfuzlu siyasi eiltası NATO-ya sürətli inteqrasiyanı arzulamır.
Səbəblər çox müxtəlifdir: kimisə sürətli inteqrasiyanın geosiyasi nəticələri qorxudur, axı AB ilə “Assosiasiya sazişi” imzalanandan sonra Krım ilhaq olundu və Şəqri Ukrayna böhranı başladı.
Amma prosesə qarşı bir ictimai müqavimət də var. Bəlkə də heç bir ölkədə Qərbə və Şərqə bölünmək Ukraynadakı kimi qabarıq görünmür. Odur ki, hələ heç kim bir suala birmənalı şəkildə cavab vermək iqtidarında deyil. Sual budur ki, prezident seçkilərindən sonra Ukrayna hara istiqamət götürəcək? Ölkə yenidən Rusyaya yönələcək, yoxsa son illərdə aparılan qərbləşmə siyasəti davam edəcəkdir?
Bu konteksdə maraqlı bir fikir var və nə qədər qəribə olsa da, onun müəllifi Rusiya prezidenti Vladimir Putindir. O, bir dəfə demişdi ki, heç olmasa, bir dəfə “Mersedes” sürmüş bir adamı təkrar “Jiquli”nin sükanı arxasında əyləşdirmək çətindir...