Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərindən 8 gün ötür.
Lakin hələ ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) bir sıra dairələrdə seçkilərin nəticələrini tanımır. Daha çox mübahisəli ərazi İstanbuldur. Bu şəhərdə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu qalib gəlsə də, AKP etibarsız sayılmış səslərin yenidən hesablanmasını tələb edir. Hakim partiya Ankara da daxil olmaqla, 11 şəhərdə məğlubiyyətini qəbul edib.
Ancaq AKP-nin İstanbul məsələsində dirənişi haqlı suallar doğurur. İstanbul istər əhali, istərsə də ərazi baxımından Türkiyənin ən böyük şəhəridir. 16 milyondan çox əhalisi olan İstanbulda AKP-nin uduzması isə hakim partiyanın siyasi perspektivini sual altına salır. Seçkilərin hazırkı nəticəsində görə, CHP həm paytaxt Ankarada, həm də İstanbulda seçkini udub. Paytaxt olmasına baxmayaraq, AKP Ankarada məğlubiyyətini qəbul edib, amma İstanbulu CHP-yə vermək niyyətində deyil.
Qeyd edək ki, İstanbulda etibarsız hesab edilmiş səslərin AKP-nin tələbi ilə yenidən sayılması artıq yekunlaşmaq üzrədir. Son məlumatlara görə, 330 minə yaxın etibarsız səslərin 90 faizdən çoxunun yenidən sayılması başa çatıb. Nəticələrə görə isə CHP-nin namizədi Əkrəm İmamoğlu 15823 səs fərqi ilə öndədir. Səslərin yenidən sayılması nəticəsində İmamoğlu ilə AKP-nin namizədi Binəli Yıldırım arasında səs fərqi azalsa da, belə görünür ki, CHP-nin namizədinin qələbəsi şübhə doğurmur. Lakin AKP bu dəfə bütün səslərin yenidən sayılması üçün Yüksək Seçki Qurumuna (YSK) müraciət edib. Əgər bütün səslərin yenidən sayılmasına qərar versə, o zaman proses 7-8 ay vaxt apara bilər.
İstanbul seçkiləri ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi isə bu cürdür: “ABŞ-da, hətta 1 faiz mübahisəli səs miqdarı olsa, erkən seçkiyə müraciət edilir və yaxud yenidən seçki keçirilir. İndi 10 milyondan artıq seçicinin olduğu İstanbulda 13-14 min səslə “seçkiləri qazandım” havasına girməyə heç kimin haqqı yoxdur. Etirazlardan sonra çıxan nəticəni can-başla qəbul edəcəyik. Hər şey bu qədər sadədir”.
AKP-nin İstanbulu heç bir vəclə CHP-yə verməməyə çalışması bir sıra iddiaların səslənməsinə səbəb verir. Diqqətçəkən iddialardan biri isə AKP-nin rəhbərliyi dönəmində İstanbul Böyük Şəhər Bələdiyyəsinin büdcə xərclərində yol verdiyi qanunsuzluqlardır ki, CHP-nin namizədinin bu faktların üstünü aça bilər. İddia olunur ki, İstanbul Böyük Şəhər Bələdiyyəsi qeyri-hökumət təşkilatlarını, birlikləri, media quruluşlarını ələ almaq üçün lüzumsuz xərcləmələrə gedib.
Bu vəsaitlər isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin büdcə xərclərinə yazılıb. Nəticədə isə hazırda İstanbul Böyük Şəhər Bələdiyyəsinin 8 milyard TL borcu yaranıb. Qeyd edək ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin büdcəsi 20 milyard 100 milyon lirə (9 milyard manat) civarındadır. Konsolidə (birləşdirilmiş, icmal) büdcəsi isə 42 milyard 600 milyon lirə (19 milyard maant) olaraq müəyyənləşdirilib. Hakim partiyanın İstanbulu məhz bu amillərə görə CHP-yə vermək istəmədiyi bildirilir. Ekspertlər isə bununla yanaşı, İstanbul çox böyük siyasi əhəmiyyət kəsb edir.
“AKP cığallıq edir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində AKP-nin İstanbul uğrunda apardığı mübarizənin doğru hesab etmədiyini deyib. E.Şahinoğlu bildirib ki, AKP cığallıq edir:
“Yəni, AKP kifayət qədər seçkidə qələbə qazanıb, amma heç kim həmin nəticələri şübhə altına almayıb. AKP o qədər əmin idi ki, İstanbul və Ankarada qalib gələcək, bu arxayınlıq ona gətirib çıxardı ki, İstanbuldakı nəticələri tanımaq istəmir. Şübhələr var idi və yoxlanıldı, amma yenə də nəticələr Əkrəm İmamoğlunun xeyrinədir. İndi də AKP seçkiləri ləğv etmək, ya da yenidən səslərin sayılmasına getmək istəyir. Bu əslində Türkiyə demokratiyasına bir zərbədir. Çünki bundan sonra bütün seçki nəticələri təftiş olunacaq. Bu da Türkiyənin imicinə zərbə olacaq. Ərdoğan özü də vaxtı ilə İstanbul bələdiyyəsindən siyasətə gəldi və hakimiyyətə yiyələndi. İstanbulu ona görə itirmək istəmir ki, Ankara və İstanbulun müxalif bələdiyyə sədri gələcəkdə prezident seçkilərində də qələbə qazana bilər. Amma bu seçkilərə hələ 4 il var. Bütün hallarda AKP məğlubiyyəti etiraf etməlidir. Çünki bu proses Türkiyədə vəziyyəti çətinləşdirə bilər”.
“İstanbulda uduzmaq bütün Türkiyədə məğlub olmaq deməkdir”
Bəs, AKP nədən İstanbul məsələsində bu qədər israr edir? E.Şahinoğlu hesab edir ki, bu yəqin ki, AKP-nin nəzərdə tutduğu layihələrlə bağlıdır:
“Müxalifətdən olan bələdiyyə başçıları ilə AKP-nin İstanbul üçün nəzərdə tutduğu meqalayihələri reallaşdırması çətin olacaq. Bələdiyyə sədri AKP-dən olanda, Ərdoğan bütün layihələri onunla rahat şəkildə razılaşdıra bilirdi. İndi isə bu çətin olacaq. Görünən odur ki, AKP bu qədərini gözləmirdi, Ankara və İstanbulda rahat qələbə qazanacaqlarını düşünürdülər. Ankaradakı seçkilərdə fərq böyük olduğundan, AKP məğlubiyyətini qəbul etməyə yaxındır. Amma İstanbuldan ikiəlli yapışıblar. Sanki İstanbulda uduzmaq bütün Türkiyədə məğlub olmaq deməkdir. Bunun da bir maraqlı tərəfi var ki, İstanbul elə Türkiyənin yarısı deməkdir. Bunu Ərdoğan da hər zaman vurğulayır. Ərdoğan prezident olsa da, gördük ki, İstanbul uğrunda necə böyük savaş verdi. Az qala hər gün 5-6 mitinqdə çıxış edirdi. Amma nəticədə AKP İstanbulu itirdi. Bu isə ondan xəbər verir ki, artıq hakim partiyanın da mövqeyi kifayət qədər zəifləyib”.
Elxan Şahinoğlu hesab edir ki, İstanbulun yeni bələdiyyə başçısı gələndən sonra köhnə sənədlərlə tanış olacaq, büdcənin necə xərcləndiyini təftiş edəcək:
“Ola bilər ki, bu zaman AKP üçün müəyyən problemlər yaransın. Bu problemlər yaranarsa, o zaman bəzi məsələlər üzə çıxacaq. Hətta AKP-nin şikayətindən sonra səslərin yenidən sayılması zamanı arada müəyyən müddət yaranır.
Bu zaman çərçivəsində bir sıra sənədlərin gizlədilməsi ilə bağlı da şayiələr yayılır. İstisna deyil ki, Əkrəm İmamoğlu bələdiyyə başçısı kimi təsdiq edildikdən sonra müəyyən təftiş işləri aparacaq. Bu da çox normal haldır və bütün dünya praktikasında var. Yeni gələn köhnənin işlərinə baxmalı, araşdırmalı, cinayət əməli varsa, prokurorluğa müraciət etməlidir. Belə halların baş verəcəyi də istisna deyil”.
Vilayət Muxtar
Cebhe.info