Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra İstanbulda hansı namizədin qəlib gəldiyi hələ də məlum deyil. İlk günlərdə ana müxalifət sayılan CHP-nin namizədi Əkrəm İmamoğlunun qalib gəldiyi açıqlansa da, AKP iqtidarı qanun pozuntularının olduğu iddiası ilə nəticələri tanımır.
Artıq bir çox yerlərdə səslər yenidən sayılıb və Ə.İmamoğlu ilə iqtidarın namizədi Binəli Yıldırım arasındakı səslərdə 14 min fərqlə CHP öndədir. Hazırda Maltəpədə səslər yenidən sayılır.
B.Yıldırım seçkilərdən sonra ilk dəfə açıqlama verib. O deyib: “İnsan heyrətlənir. Bu seçki murdar olmuş bir seçkidir. Murdar ətin qovurması olmaz. Birində CHP 29500 səslə qalib gəldiyini açıqladı. Həmin gecə biz də əlimizdəki məlumatlara əsasən, qalib gəldiyimizi bildirdik. Seçki bitəndən sonra anormallıqlar, şübhəli məqamlar olduğu üzə çıxdı. Hüquqi proses hələ də davam edir. İki partiyanın namizədi bir-birinə yaxın səs topladığı halda səslərin təkrar sayılmasından sonra mənim səsim nə üçün artır? İstanbul kimi şəhəri idarə edəcək bələdiyyə sədrinin şübhəli seçki nəticəsində seçilməsi yaxşı hal deyil. Etiraz etməsəydik, səs fərqi 29 min nəfərdən 12 minə düşməzdi. Özünü ”fanklub"un rəhbəri kimi aparan şəxsdən bələdiyyə sədri olmaz. Sədrlik mandatını Ali Seçki Qurumu verəcək".
İstanbul uğrundakı bu savaşın Türkiyə demokratiyasına ciddi zərbə vurduğu yönündə çoxsaylı fikirlər səslənir. Bunun əksini düşünüb, səslərin sayılmasını demokratik proseslərin nəticəsi kimi düşünənlər də az deyil.
VHP sədri Sabir Rüstəmxanlı gedən proseslərdən narahatlığını dilə gətirdi: “Seçkilərdə AKP Türkiyənin iri şəhərlərinin bir çoxunu uduzdu. Ankara, İstanbul, Mersin, Antalya kimi şəhərlərdə iqtidar məğlub oldu. İzmir bəlli idi, çünki CHP daim burada güclü olub. Artıq seçilən bələdiyyə başqanlarına vəsiqələr verilib. Amma İstanbulda son nəticə məlum deyil. Binəli Yıldırıma böyük hörmətim var. Əkrəm İmamoğlunu tanımıram və bunun üçün də fəaliyyəti ilə tanış deyiləm. Binəli Yıldırım belə seçilsəydi təəccüblənməzdim. Amma reallıq budur ki, ilk elan olunan rəqəmlərə görə Əkrəm İmamoğlu seçkiləri udub. Bir sıra yerlərdə şübhələr var idi. Orada da səslər yenidən sayıldı. Amma nədənsə şəhərin bütün yerlərindəki nəticələrə şübhə yaranıb. Belə görünür ki, nəticələr ləğv olunacaq, yenidən seçkilər keçiriləcək. Bu da şübhəsiz ki, türk demokratiyasında ilk hadisə olacaq. Çünki bu seçkilər Türkiyədə seçki sisteminin nə qədər mükəmməl olduğunu və seçkilərin necə demokratik keçirildiyini göstərdi. Heç Avropa ölkələrində seçkilərə bu qədər maraq olmur, seçkilərə qatılım belə bu qədər olmur. Bələdiyyə seçkiləri yüksək səviyyədə keçirildi. Bunu sona qədər davam etdirmək lazım idi. Bir dönəm üçün AKP iqtidarının uduzması Türkiyəyə ciddi zərbə vurmazdı. Görünür, İstanbulda maraqlı olan qüvvələr var. Onlar heç cür bu şəhəri uduzmaq istəmirlər. Hesab edirəm ki, yüksək səviyyədə keçirilən seçkilərə İstanbul ləkəsi salırlar. Bu olmasa daha yaxşı olardı”.
Politoloq Əhəd Məmmədli yenidən seçkilərin ən doğru yol olduğunu düşünür: “İstanbulda səslərin 3-cü dəfə sayılması xəbərləri yanlışdır. Ümumən İstanbulda səslərin yenidən sayılması və keçərsiz səslərin sayılması cəmi 5 % əhatə edir. Yəni bütün İstanbulda səslərin yenidən sayılması deyə bir şey yoxdur. İkincisi, böyük saxtakarlıqların aşkarlandığı və hazırda səslərin yenidən sayıldığı Maltəpə rayonunda, bir seçki məntəqəsində, hansı ki bu məntəqədə 387 nəfər səs verib, həmin məntəqədə səslər bir daha sayılıb. 387 nəfərin səs verdiyi bir məntəqədə səslərin sayılmasını ”İstanbulda səslər 3-cü dəfə sayılır" kimi təqdim etmək dezinformasiyadır. Təəssüf ki, Azərbaycanda da bu cür dezinformasiyaya bilərəkdən və bilməyərəkdən yoluxanlar çoxdur. Gedən proseslər Türkiyə demokratiyasını zədələyə bilər, amma bu xoşagəlməz olay məhz müxalifətin ucbatından baş verdi. CHP-nin nəzarətində olan bələdiyyələrdə səslərin saxtakarlığı baş verib və sonra da sübutlu, faktlı bunlar müəyyənləşdirilib. Baxın, yenidən həmin o şübhəli səslərin 5% sayılmağa başlayandan bu yana ortadakı fərq 27 mindən 12 min fərqinə Binəli Yıldırımın xeyrinə endi. Bu da böyük suallar doğurur. Bu suallara cavab isə ancaq şübhəli səslərin sona qədər sayılmasından sonra verilə bilər. CHP isə hər vəchlə şübhəli səslərin sayılmasına əngəllər törədir. Adama deyərlər, əgər belə əminsənsə qalibiyyətindən, onda niyə səslərin sona qədər sayılmasını əngəlləyirsən?
Yəni problemləri AK Partiyada deyil, CHP-də axtarmaq lazımdır. Demokratik seçkiyə ciddi kölgə səslərin sona qədər sayılmaması sala bilər. Bu cür kölgəni isə CHP salır. Ümid edirik ki, CHP qərəzindən əl çəkib İstanbul seçkilərində demokratiyanın təntənəsinə əngəl törətməyəcək. Bütün suallara cavab almaq üçün təkrar seçkilər keçirilə bilər, keçirilməlidir də. Əks halda isə CHP-yə seçkilərdə qalib gəlməyə bu saxtakarlıq bəs edəcək. Bu isə demokratiyanın təməl prinsiplərinə zidd olduğu üçün qəbul edilə bilməz. Qardaş Türkiyədə demokratik ölkə olduğu üçün güman edirəm ki, müxalifətin belə saxtakarlığına imkan verilməyəcək, ədalətli nəticənin bərpa olunması üçün lazım gəlsə İstanbulda yenidən seçkilər keçiriləcək. Ədalətsiz nəticələr ləğv olunacağı təqdirdə saxtakarlar xaricdəki havadarları, sahibləri tərəfindən saxta demokratiya şüarları altında aranı qarışdırmağa çalışacaqlar. Amma artıq dövran o dövran deyil. Nə Amerika Türkiyəni qarışdırmaq üçün o gücdə deyil, nə də Türkiyə əvvəlki Türkiyə deyil ki, Amerikanın dediyi ilə durub otursun. Yəni bütün qeyri-qanuni cəhdlər son illərdə olduğu kimi yenə də türk dövləti tərəfindən yerindəcə alınacaq. İndiki durumda şəxsən mənə saxta nəticələrin ləğvi daha real görünür. Və ən doğru da bu olar"./“Yeni Müsavat”/