Rusiya iki nəhənglə savaş meydanına sürüklənir


 

Əhəd Məmmədli: “Moskva bu qarşıdurmada yenə məğlub olacaq”; Əziz Əlibəyli: “Rusiya ilə NATO-nun əməkdaşlığı dayandırması mümkün deyil”

Rusiyanın NATO və Amerika ilə münasibətləri gərginləşməkdə davam edir. Artıq proseslər münaqişə həddinə çatmaqdadır. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ölkəsinin NATO ilə hərbi və mülki sahədə əməkdaşlığı tamamilə dayandırdığını bildirib. Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb.

Moskvanın 2012-2018-ci illər ərzində NATO yanındakı daimi nümayəndəsi kimi də çalışmış Qruşko bildirib ki, NATO özü Rusiya ilə əlaqələrində müsbət agendada yayındı və bugünkü vəziyyət Soyuq Müharibə dövründəki “status kvo”nu xatırladır.

Diplomat NATO-nu Rusiya ilə hər hansı formada hərbi münaqişəyə girməkdən çəkinməyə çağırıb və deyib ki, bütün düşüncəli insanlar belə bir şeyin baş verməyəcəyinə ümid edirlər: “Bu, böyük humanitar faciə olar. Əminəm ki, bunu Vaşinqton və Brüsseldə də anlayırlar”.

Rusiya-NATO və Rusiya-ABŞ münasibətlərini ekspertlər müxtəlif rakurslardan dəyərləndirirlər. Azərbaycan da burada müzakirə obyektlərindən biridir. Rəsmi Bakının yerləşdiyi regionun ən nəhəng dövləti sayılan Rusiya ətrafında baş verə biləcək hər bir hadisənin onun qonşuluğunda yerləşən dövlətlərə birbaşa və ya dolayısı ilə təsirinin ola biləcəyi istisna edilmir. Belə bir şəraitdə Azərbaycanın nə etməli olduğu barədə çoxsaylı suallar yaranır.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli bu mövzuda danışarkən dedi ki, NATO-Rusiya qarşıdurmasının yarım əsrdən çox tarixi var:“Rusiyanın güclü vaxtlarında SSRİ NATO-ya alternativ Varşava paktını qurmuşdu. SSRİ-nin dağılmasının əsas səbəblərindən biri də ABŞ-la silah rəqabətinə girib tab gətirə bilməməsi oldu. Amerika ilə silah rəqabətinə girmək üçün gərək çox güclü iqtisadiyyatın olsun. SSRİ-nin iqtisadiyyatı belə buna dözmədisə, Rusiya Federasiyasının iqtisadiyyatı, ümumiyyətlə, dözməyəcək. Rusiyaya qarşı ildən-ilə genişlənən sanksiyaları əlavə də etsək, düşünürəm ki, Moskva bu qarşıdurmada yenə məğlub olacaq. Rusiya özünü SSRİ-nin siyasi varisi sayır. Bu baxımdan da Rusiya-NATO münasibətlərinə SSRİ-NATO münasibətləri kontekstindən də yanaşa bilərik. ”Soyuq müharibə" dönəmində SSRİ ilə NATO arasında ciddi silah yarışması həyata keçirilirdi. Sonda bu rəqabətdə SSRİ uduzdu və bunun da məntiqi sonluğu quruluşun dağılması ilə yadda qaldı. İndi də məsələ elədir. Rusiya özündən qat-qat güclü olan bir alyansla rəqabətə girişib. NATO-ya daxil olan ölkələrin iqtisadi gücləri həddən artıq çoxdur. Rusiya desə də ki, rəqabət aparmır, bunu inandırıcı saymaq olmaz. Məhz silah rəqabətinin aparılması həmin ölkənin iqtisadiyyatını sarsıdır. Bildiyiniz kimi, Azərbaycan xarici siyasət kursunda balanslı siyasət həyata keçirir. Həm NATO, həm də Rusiya ilə eyni məsafədə dayanır. Güman edirəm ki, bu siyasət davam etdiriləcək. Təbii ki, Rusiya bizi müəyyən provokasiyalara çəkməyə cəhd edəcək. Ona görə də biz buna ciddi şəkildə hazır olmalıyıq. Xüsusən də bu gərgin məqamlarda biz NATO üzvü olan, eyni zamanda Rusiya ilə yaxın dostluq edən qardaş Türkiyə ilə birlikdə addımlamalıyıq. Çalışmalıyıq ki, bu iki nəhəng gücün qarşıdurmasından zərərsiz çıxaq. Bu bizim oyunumuz deyil, ona görə də neytral qalmağımız, provokasiyalara uymamağımız daha məqsədəuyğundur".

Æziz ÆlibÉyli ile ilgili görsel sonucu

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Rusiya-NATO əməkdaşlığının dayanmasına inanmır: “II Dünya müharibəsindən sonra yaranan NATO  və BMT o qədər silahlandı  ki, bir-birini təhdid edərək ciddi təhlükə mənbəyinə çevrildilər. ”Karib böhranı",  Damansk, Əfqan savaşı, Koreya, Vyetnam, Şərqi Avropa olayları göstərdi ki,  tərəflərdən biri digərini cəzalandırmağa çalışsa, dünyanın sonu gələ bilər. Ümumi məsuliyyəti paylaşmaq naminə Orta Mənzilli Nüvə başlıqları ilə bağlı müqavilə imzaladılar və qarşılıqlı şəkildə sözügedən silahların istehsalını dayandırdılar. Amma sonra SSRİ dağıldı və müqavilələrin varislik prinsipinə görə, anlaşmanın yükünü Rusiya öz çiyninə aldı. O isə  yarandığı gündən bəri son 30 ildə təxminən 10-a qədər müharibədə müxtəlif səviyyələrdə yer alıb. Öz gücünün zirvəsinə çıxandan sonra isə Qərblə anlaşmaları bir tərəfə atan Rusiya NATO-nun Şərqə genişlənməsinə də mane  ola bildi. Gürcüstanda, Ukraynada, Suriyada, Şərqi Afrikada olanlar bunun sübutudur. Bu cür gedişat Rusiya ilə bağlanan anlaşmaları zədələdi və ABŞ-ın ciddi sanksiyalarına səbəb oldu. Çünki  artıq Rusiya 1987-ci ildə ABŞ prezidenti ilə Qorbaçovun imzaladığı orta mənzilli silahların tətbiq edilməməsi ilə bağlı müqavilədən birtərəfli çıxdı. Ondan sonra NATO-da ciddi əndişə yaranmağa başladı. Söhbət o raketlərdən gedir  ki, 500 km ilə  5 min 500 km məsafədə hədəfi məhv edir. Bu gün Rusiya ilə NATO-nun əməkdaşlığı dayandırması əslində mümkün deyil, çünki təhlükəsizlik kimi bir qlobal problem hər iki tərəfi bir-birinə möhtac qoyur. Tərəflərin əlində nüvə silahı var, hansı əməkdaşlığın dayandırılmasından söhbət gedə bilər  ki, onun alternativi  kimi müharibədə də Rusiya zəif çıxış etmir. Bu məsələ bəyanatlar səviyyəsindən irəli gedəsi deyil. Azərbaycan beynəlxalq müqavilələrə hörmət edir. Açığı, regionda baş verən heç bir qarşıdurma Azərbaycana da yaxşı nəsə vəd edə bilməz. Bizim Rusiya ilə də, NATO üzvü  olan ölkələrlə də yaxşı münasibətlərimiz var. O baxımdan bizi təhdid edən bir ünsür üfüqdə belə görünmür. Amma vacib bir istisna var: Hər zaman Qarabağda savaş başlaya bilər və hüquqa hörmət edilməyən bir dünyada Qarabağda bütün terrorçu təşkilatlar, ABŞ, Rusiya daxil, hamısı üz-üzə qala bilərlər. Bu, bizim ciddi təhlükə yaradacaq nöqtəmizdir"./“Yeni Müsavat”/


Tarix: 18-04-2019, 10:31
Xəbəri paylaş





Xəbər lenti