Elxan Şahinoğlu: "Timoşenko baş nazir kimi Ukraynada əsas söz sahibi ola bilər" Qubad İbadoğlu: "Partiyası və parlamentdə tərəfdarları olmayan Zelenskiyə ölkəni idarə etmək asan olmayacaq, böyük ehtimalla, onun hakimiyyətinə güclü müxalifət formalaşacaq"
Natiq Cəfərli: "Ukrayna xalqı demokratiyaya nail oldu, lakin rifaha nail olmaq üçün nəsil və düşüncə paradiqmasının dəyişməsi də baş verməlidir"
Zeynal Əmrəliyev: "Böyük ehtimalla, hazırda rəsmi Kiyevin Azərbaycana qarşı izlədiyi siyasət elə Zelenskinin dövründə də davam edəcək"
Məhəmməd Əsədullazadə: "ABŞ öz təlimatçılarını Kiyevə göndərərək mövcud siyasi kursla bağlı yeni prezidentlə bir neçə ay çalışacaq"
Bugünlərdə, daha dəqiq desək, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda deyilir ki, səslərin 95,73 faizi hesablanıb. Beləliklə, seçkinin nəticələrinə görə, şoumen Vladimir Zelenski 73,15 faiz, onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə 24,52 faiz səs toplayıb. Onu da qeyd edək ki, Vladimir Zelenski prezident kürsüsünə əyləşdikdən sonra ilk olaraq Rusiyada həbs edilən dənizçilərin Ukraynaya qaytarılmasını təmin edəcəyini, prezident administrasiyanın işçilərini ixtisara salacağını, o cümlədən Donbasda informasiya müharibəsini təşkil etməyi planlaşdırdığını bildirib.
"Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü, Ukraynanın borcları artdı"
Bu arada, "Hürriyyət" xəbər verir ki, Zelenskinin ikinci turda qalib gələcəyinin gözlənilən olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Petro Poroşenkonun məğlub olma səbəblərini izah edərkən oliqarxların öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət etdiklərini, bütün bunların isə Poroşenkonun reytinqinə mənfi təsir etdiyini qeyd edib: "Petro Poroşenko prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi. Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Bundan başqa, ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik sisteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu. Buna baxmayaraq, Petro Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü. Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Petro Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa, yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də bu, onun imkanı xaricində idi. Çünki birincisi, özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi, Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə, imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi".
"Zelenski Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər"
Vladimir Zelenskinin artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazandığını xatırladan politoloqun sözlərinə görə, onun yeganə üstünlüyü siyasətçi olmamasıdır:"Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı. Əksinə, artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu".
Zelenskinin daxili və xarici siyasəti barədə fikirlərini bölüşən Elxan Şahinoğlu bu qənaətdədir ki, o, oliqarxik sistemi dəyişə bilməyəcək: "Bu, onun əlində deyil. Əksinə, Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən "iş başına" keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar. İkincisi, Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyaya ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə institutları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko Qərbpərəst siyasətinə rəğmən, istədiyi investisiyaları ala bilmədi. Zelenski isə Qərb üçün qara qutudur. Digər tərəfdən, Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur. Üçüncüsü, Vladimir Zelenskinin Krım və Donbas siyasəti bəlli deyil. Əlbəttə, Zelenski Krımın ilhaqını və Donbasın işğalını qəbul etmir. Ancaq Zelenski Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşmək istəyə bilər. Əgər Zelenski Putinin təklifinə müsbət yanaşsa, iki hadisə baş verəcək. Ukrayna millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan başqa, Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu bir sıra Avropa dövlətinin də arzusudur. O da aydındır ki, Vladimir Zelenski torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. Zelenski müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq".
"Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Zelenski Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər: "Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq. Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır. Ali Radanın böyük səlahiyyətləri var. Ukraynada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktyabra qədər hazırkı yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu "Xalqın xidmətçisi" hərəkatını parlamentdə yüksək təmsilçiyini təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi onlardan üz döndərmələri də uzun çəkmir. Bunu Ukraynanın yaxın tarixdə örnəkləri az deyil. Zelenskinin siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub".
"Əsas odur ki, o, ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin"
Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etdiyini deyən politoloqun fikrincə, əsas odur ki, o, ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin: "Biz Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik. Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin".
"Ukrayna xalqı əslində Zelenskiyə "hə" deyil, Poroşenkoya "yox" dedi"
"Hürriyyət"in məlumatına görə, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu isə hesab edir ki, Ukrayna xalqı əslində Zelenskiyə "hə" deyil, Poroşenkoya "yox" dedi: "Bunun da başlıca səbəbi Poroşenkonun siyasi və sistem korrupsiyaya qarşı mübarizədə, oliqarxların iqtisadiyyatda dominantlığının aşağı salınmasında verdiyi sözü tutub, ötən prezident seçkilərində götürdüyü öhdəliklərə əməl etməməsi, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin qanunun aliliyinə deyil, hakimiyyət və oliqarx maraqlarına xidmət etməsi, ölkədə yaşam şərtlərinin yoxsul təbəqə, xüsusilə də pensiyaçılar üçün ildən-ilə pisləşməsi, Rusiya ilə müharibədə itirilmiş ərazilərin bütövlüyünün təminatı sahəsində irəliləyişə nail olmamasıdır".
Vladimir Zelenskinin birinci turda müxtəlif namizədlər arasında bölünən səsin demək olar ki, böyük əksəriyyətinə ikinci turda sahib çıxdığını vurğulayan Qubad İbadoğlunun sözlərinə görə, bu, o deməkdir ki, Zelenski Yulia Timoşenko və Yuriy Boyko ilə yanaşı, digər namizədlərlə də danışıqlara gedib, onların səsini də ikinci turda qazanıb: "İkinci turda seçkilərin fəallığı aşağı düşsə də, bu, Zelenskinin xeyrinə işlədi. Zelenski daha çox özünün və müttəfiqlərinin tərəfdarlarını seçkiyə gətirə bildi. Ukrayna xalqı daimi dəyişikliklər axtarışındadır. Odur ki, seçicilər adətən köhnə deyil, yeni namizədlərə üstünlük verir. Ukraynada demokratik, xüsusilə də seçki institutları artıq formalaşıb və seçkilərin nəticəsi xalqın iradəsini ifadə edir. Bunu isə heç kəs, hətta hakimiyyətini itirən prezidentlər belə, dəyişməyə cəhd etmir. Nəhayət, onu da qeyd edim ki, seçkilərdən sonra komandası, partiyası və parlamentdə tərəfdarları olmayan Zelenskiyə xüsusilə də sosial-iqtisadi və təhlükəsizlik problemləri olan, son illər dövlət borcu artan ölkəni idarə etmək asan olmayacaq. Çox böyük ehtimalla, Zelenski hakimiyyətinə güclü müxalifət formalaşacaq. Amma istənilən halda bu dəyişiklik Ukraynanı irəli aparacaq, ölkədə korrupsiyaya ilə mübarizəyə, Avroatlantika məkanına inteqrasiya, bölgədə demokratikləşmə proseslərinə yeni impulslar verəcək".
"Kremlin Ukrayna üçün "sərhədlərimizə NATO və Avropa Birliyini buraxmarıq" tezisi içiboş söz yığını, bəhanədir"
"Hürriyyət" xəbər verir ki, Ukrayna xalqının demokratiyaya nail olduğunu qeyd edən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bunu alqışlamaqla yanaşı, bildirib ki, rifaha nail olmaq üçün nəsil və düşüncə paradiqmasının dəyişməsi də baş verməlidir: "Demək olar ki, Ukraynanın hər bölgəsində olmuşam, çox sevdiyim ölkələrdən biridir. Böyük potensialı var, tək özünü yox, bütün Avropanı kənd təsərrüfatı məhsulları ilə təmin etmək gücündədir. Yeni nəsil yetişib ki, İT sahəsində dünyada artıq söz sahibi olurlar. Amma ölkənin problemlərinin tək demokratiya ilə həll olunmadığını da görürük, nəsillər, regionlar arasında dərin uçurum var. Təqribən 50 yaşdan yuxarı olan əhali hələ sovetdən çıxa bilməyib, ölkənin şərqi və cənub-şərqi isə ümumiyyətlə anti-kapitalistdir. Hələ də torpaq islahatını edə bilmirlər, hökumət hazırdır, cəmiyyə isə yox. Biznes üçün babat şərait var, amma camaatın biznesə həvəsi yoxdur, sabit maaşlı iş istəyirlər. Ölkədə ciddi demokrafik problem var, rəsmən 44 mln. insan yaşadığı deyilsə də, reallıqda 35 mln. nəfər yaşayır, gənclər ölkədə qalmaq istəmir, Avropa və ABŞ-a köç etməyə üstünlük verirlər. Ərazisi Fransadan böyük olan ölkənin əhalisi azı 100 mln. olmalıdır ki, iqtisadi inkişaf reallaşa bilsin".
Politoloqun fikrincə, Ukraynanın Qərbi ilə Şərqi arasında uçurumun əsas səbəbi odur ki, Qərb bölgələri 1945-ci ildən sonra sovetləşdirildi, hətta buna müqavimət göstərdi: "1950-ci illərin ortalarına qədər sovet rejimi oturuşmamışdı, şərqi və cənub-şərqi isə 1920-ci illərdən sovetləşdi. Digər səbəb dinlə bağlıdır. Ölkədə katolik və provoslav kilsələri fəaliyyət göstərir, bu da cəmiyyəti bölən amilə çevrilib. Çünki provoslav şəbəkə ilə Rusiya, katoliklərlə Qərb işləyir - hər birinin də öz gündəliyi və məqsədləri var. Nəhayət, Rusiya amili, işğal faktı var ki, bu da ciddi maneədir. Söhbət tək Putinin siyasətindən getmir. Rusiya siyasi elitası Ukrayna və Belarusu süni şəkildə və qədim rus torpaqları üzərində qurulmuş dövlətlər sayır, onların müstəqilliyi ilə barışmırlar. Ukraynanın NATO və Avropa Birliyinə inteqrasiya məsələsi bəhanədir. Ona qalsa NATO və Avropa Birliyi çoxdan Rusiya ilə sərhəddir. Baltikyanı ölkələr, Finlandiya, Norveç, Türkiyə ya NATO, ya da Avropa Birliyi ölkələri olaraq çoxdan Rusiya sərhədindədirlər. Deməli, Kremlin Ukrayna üçün "sərhədlərimizə NATO və Avropa Birliyini buraxmarıq" tezisi içiboş söz yığını, bəhanədir".
"Xalq siyasiləri parodiya edən şoumenin simasında iqtidar-müxalifət demədən bütün siyasətçilərə tarixi dərsini verdi"
"Hürriyyət"in məlumatına görə, siyasi şərhçi Zeynal Əmrəliyev isə bu qənaətdədir ki, debat zamanı Zelenskinin Poroşenkoya xitabən "Mən siyasətçi deyiləm, sizin səhvlərinizin nəticəsiyəm" cümləsi əslində, seçkiyə öz damğasını vurdu. Siyasi şərhçi hesab edir ki, Zelenski tək Poroşenkonun deyil, Ukraynadakı bütün köhnə nəsil siyasilərin səhvinin nəticəsi olaraq meydana çıxdı: "Və xalq siyasiləri parodiya edən bu şoumenin simasında iqtidar-müxalifət demədən bütün siyasətçilərə tarixi dərsini verdi. Poroşenko administrasiyasının hər səhvinin prezidentliyə onu daha da yaxınlaşdırdığını güman edən ölkənin əsas müxalifət lideri Yuliya Timoşenko nəinki seçkinin qalibi olmadı, heç ikinci tura belə, keçə bilmədi. Poroşenko isə bütün seçki boyu hər şeyi kənara qoyaraq, əsl demokratik Qərb lideri kimi rəqibi ilə canlı debata çıxdı, onun tələbi ilə tibbi müayinədən keçdi. Sonda da öz əməlinə sadiq qalaraq bütün demokratik liderlər kimi dərhal rəqibini təbrik edib ona uğurlar arzu etdi. Bu seçkinin arxa fonunun əslində iki oliqarx - Poroşenko və Kolomoyski arasında mübarizədən ibarət olduğunu demək olar ki, bunu bilməyən yox idi. Açıq bilinən bir faktdır ki, prezident olmaq üçün tək populyarlıq lazım deyil, həm də pul lazımdır. Zelenskini maliyyələşdirənin isə mühacirətdəki Kolomoyski olduğu dəfələrlə deyilib. İki oliqarxın arasındakı mübarizə lap əvvələ dayanır. Poroşenko hakimiyyətə gələn kimi biznesdəki rəqibi ilə haqq-hesab çürütmək qərarına gəldi, onun əlindəki "Privatbank"ı qanunsuzluq və fırıldaqçılıqda ittiham edərək, Qərbin də dəstəyi ilə tez bir zamanda milləşdirirdi. Ancaq Kolomoyski bu məsələni belə qoymadı. Yerli və beynəlxalq məhkəmələrdə bununla bağlı məsələlər qaldırdı. Hər nə məsələdirsə əvvəl Kolomoyskinin əleyhinə gedən yerli məhkəmələrdə Zelenskinin qalib gələcəyi göründükdən sonra ard-arda onun haqqında müsbət qərarlar verirdi. Zelenskinin qarşısında duran ən mühüm məqam bu məsələnin ədalətli həlli olacaq".
"Yuliya Timoşenkoya özünün otura bilmədiyi prezidentlik postuna siyasi dəstəyi zəif olan şəxs lazım idi"
Zelenskinin Ali Radada özünə tərəfdaş tapmasının vacibliyini vurğulayan Zeynal Əmrəliyevin sözlərinə görə, Ukraynanın yeni prezidenti üçün ən gözlənilən tərəfdaş məhz Yuliya Timoşenkodur: "Timoşenko baş nazir postu qarşılığında onu dəstəkləyə bilər. Zelenskinin rəqibini bu qədər yüksək səslə məğlub etməsində Timoşenko amili də həlledici rol oynayıb. Xanım siyasətçiyə özünün otura bilmədiyi prezidentlik postuna siyasi dəstəyi zəif olan şəxs lazım idi. Hətta Timoşenko prezidentlikdən daha təsirli olan baş nazir kürsüsündə oturmaqla Ukraynada əsas söz sahibi ola bilər və belə görünür ki, olacaq da. Bu arada, Zelenskinin prezident seçilməsinin Azərbaycan-Ukrayna əlaqələrində elə də bir ciddi dəyişikliyə səbəb olacağını güman etmirəm. Çox böyük ehtimalla, hazırda rəsmi Kiyevin Azərbaycana qarşı izlədiyi siyasət elə Zelenskinin dövründə də davam edəcək".
"Zelenski çalışacaq ki, Moskva ilə mümkün dialoqu davam etdirsin, konfrontasiyaya getməsin"
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Zelenskinin seçkilərdə böyük səs üstünlüyü ilə hazırkı prezidenti Petro Poroşenkoya qalib gəlməsi ukraynalıların yeniliyə səs verməsinin nəticədir: "Qeyd edim ki, Ukrayna xalqı bu dəfə seçki qutularında inqilab etdi. Bu, ukraynalıların mövcud siyasi liderlərə və prosesə qarşı səssiz dəyişim inqilabı idi. And içmədən sonra Zelenski güclü və etimad hökuməti formalaşdıracaq. Yəhudi oliqarxiyasına yaxın Zelenskiyə Vaşinqton tam dəstək verəcək. ABŞ öz təlimatçılarını Kiyevə göndərərək mövcud siyasi kursla bağlı yeni prezidentlə bir neçə ay çalışacaq. Bu seçkilər bir daha Ukrayna xalqını Qərb dəyərlərinə yaxınlaşdırdı. Təbii ki, Qərb yeni prezidentin Rusiya ilə bağlı siyasi oriyentasiyasını bir qədər gözləyəcək. Çünki naşı və şoumen olan bir şəxs strateji postda təlimatçıları tərəfindən yönləndiriləcək".
Politoloqun sözlərinə görə, Zelenski çalışacaq ki, Moskva ilə mümkün dialoqu davam etdirsin, konfrontasiyaya getməsin: "Krımın və Donbasın geri qaytarılmasına gəldikdə, bu, Zelenski üçün mümkün olmayan bir işdir. Çünki işğal faktoru Ukraynanın Qərbə inteqrasiyasından dolayı geosiyasi mübarizənin təzahürüdür. Sadəcə, yeni prezident ölkədə iqtisadi və sosial sıçrayışa gətirə bilən islahatlara gedəcək. Ukrayna xalqının da istəyi bürokratiyanın sonu, ölkədə sosial rifahın yaxşılaşdırılmasıdır. Ümumiyyətlə, Zelenskinin seçilməsi Rusiyada da ictimai-siyasi proseslərə təsir edəcək. Belə ki, Rusiyada seçkilərdə siyasətdən kənar şəxslər meydana atılarsa, xalqın etimadını qazanacaq".