Vaşinqtonun hədəfindəki Hizbullah...


ABŞ Hizbullahın maliyyə şəbəkəsini çökdürmək üçün lazım olan məlumatları verən şəxs və qurumlara 10 milyon dollar mükafat vəd edib

Livan Hizbullah Hərəkatının Azərbaycanda da fəallığı var. Virtualaz.org  RİA Novosti-yə istinadən bildirir ki, jurnalistlərə brifinq zamanı ABŞ Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin koordinatoru Nathan Sayles açıqlama verib. Sayles deyib ki, Hizbullahın təsir dairəsi Yaxın Şərqlə məhdudlaşmır, onların nümayəndələri bir sıra dövlətlərdə fəallıq göstərirlər. Məsələn, şəbəkənin nümayəndələri Azərbaycanda aşkar edilib.

BBC-nin məlumatına görə, aprelin 22-də ABŞ maliyyə nazirinin terrorçuluğun maliyyələşməsi ilə mübarizəyə cavabdeh müavini Marşal Billinqsli bəyan edib ki, Hizbullahın maliyyə şəbəkəsini çökdürmək üçün lazım olan məlumatları verən şəxs və qurumlara 10 milyon dollar mükafat veriləcək. Bu qərar Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı çərçivəsində müəyyən olunub. Məqsəd Yaxın Şərqin ən böyük hərbi-siyasi təşkilatının maliyyə qaynaqlarını sıradan çıxarmaqdır.

ABŞ hökuməti Hizbullaha qarşı bir sıra addımlar atıb. Ötən ilin oktyabrında Livanda 241 amerikalı əsgərin öldürülməsi ilə bağlı keçirilən tədbirlər proqramı çərçivəsində prezident Tramp “Hizbullahın Beynəlxalq Maliyyə Qaynağının Əngəllənməsi Qanununa Dəyişiklik” adı ilə yeni qanun imzalayıb. Ağ Ev bu qanunun Hizbullahın beynəlxalq arenada təklənməsi, eləcə də bu qruplaşmaya dəstək verən şəxslər və təşkilatların, eləcə də hökumətlərin hədəfə alınacağını bəyan edib.

Hisbullah USA ile ilgili görsel sonucu

Xatırladaq ki, 1983-cü ildə Livanın paytaxtı Beyrutda ABŞ səfirliyi və hərbi qarnizonunun partladılması nəticəsində 241 amerikalı dəniz piyadası öldürülüb. Bu hücumun Hizbullah tərəfindən həyata keçirildiyi təsdiqlənib.

ABŞ hökuməti Hizbullahın regionda siyasi rolunun və nüfuzunun artmasından narahatdır. Məsələ ondadır ki, Hizbullah 2013-cü ildə Suriyada hərbi münaqişəyə qoşulandan sonra müharibənin taleyi Bəşər Əsədin xeyrinə dəyişib. Bundan başqa, Hizbullah Livanda İsrailə qarşı, eləcə də İraqda, Yəməndə eyni adlı islamçı silahlı qrupların təlim keçməsində ciddi rola malikdir.

ABŞ hökuməti Hizbullahı 1987-ci ildə “xarici terror təşkilatları siyahısı”na daxil edib. ABŞ-ın Hizbullahla münaqişəsinin arxasında Livanda 1982-ci ildən sonra baş verən hadisələrlə yanaşı qruplaşmanın İranla əlaqələri və İrandan dəstək alması faktoru da var. Qeyd edək ki, Azərbaycanda Hizbullah fəaliyyəti haqda bir neçə dəfə müxtəlif vaxtlarda məlumat yayılıb. Birinci dəfə 1997-ci ildə Bakıda qətlə yetirilən akademik Ziya Bünyadovun işində Hizbullahın adı hallanıb. Mətbuatda gedən məlumatlarda qətlin Hizbullah şəbəkəsi tərəfindən törədildiyi iddia olunurdu.

Hisbullah USA ile ilgili görsel sonucu

İkinci dəfə Hizbullahın adı Azərbaycanda İsrail səfirliyinə terror hücumu planlaşdırılması ilə bağlı çəkilib. 2008-ci ildə Azərbaycan təhlükəsizlik orqanları bir neçə Azərbaycan vətəndaşını və iki Livan vətəndaşını həbs edib. Sonrakı illərdə Hizbullahın Azərbaycanla əlaqələri və ya buradakı fəaliyyətləri ilə bağlı hər hansı məlumat və ya iddia mediaya yol tapmayıb.

Qeyd edək ki, Livanda əsas hərbi-siyasi təşkilatlardan biri olan Hizbullah hazırda 128 nəfərlik Livan parlamentində 12 deputat yeri ilə təmsil olunur. Bundan başqa, Livan Mili Barışıq hökumətində 30 nəfərlik Nazirlər Kabinetində Hizbullah 2 nazir portfeli ilə təmsil olunur. Ancaq təbii ki, dünyada Hizbullah siyasi hərəkatdan daha çox hərbi güc kimi tanınır. Ümumiyyətlə, Hizbullahın silahlı gücü və təcrübəsi Yaxın Şərqdə ən güclülər sırasında gəlir. Hətta 2014-cü ildə İsrail ordusunun baş qərargah rəisi Qantz Hizbullahın dünyanın ən güclü 7-ci ordusuna çevrildiyini bildirmişdi.

Hizbullah (ərəbcədə - Allahın partiyası) 1982-ci ildə İsrailin Beyrutu işğal etdiyi dövrdə yaranıb. Bir qrup şiə müqavimətçi tərəfindən yaradılıb.

Hizbullahın yarandığı gündən bu yana 3 rəhbəri olub. Birinci baş katib Şeyx Raqib Hərb, ikinci lideri Seyid Abbas Musəvi olub. Hərəkatın sayca üçüncü lideri Seyid Həsən Nəsrullahdır. 1960-cı il təvəllüdlü Seyid Həsən Nəsrullah ilahiyyatçıdır. Livanda, Nəcəfdə və qısa müddətdə İranda dini təhsil alıb. 1992-ci ildə Seyid Abbas Musəvinin öldürülməsindən sonra Hizbullahın baş katibi seçilib. 1997-ci ildə 17 yaşlı oğlu Hadi Nəsrullah İsrail ordusu ilə toqquşmada öldürülüb.

İran tərəfindən maliyyə və silah alan Hizbullahın hazırda 150 min (2006-cı ildə 33 min - K.R.) raketinin olduğu və raketlərin böyük qisminin Israil ərazisini vurmağa qadir olduğu bildirilir. Bunların arasında 45 km məsafəyə uçan Fəcr-4, 75 km məsafəli Fəcr-5 və 200 km məsafəyə uça bilən “Zelzal-2" raketləri var. Bu raketlərin əksəriyyəti İran istehsalıdır. Ancaq indi bu silahlar Suriya və Livan ərazisində istehsal olunur. Bundan başqa, 2006-cı il savaşında Hizbullah İsrailin Livan sahillərində reyd keçirən döyüş gəmisini C-802 tipli Çin istehsallı raketlə vurdu. Eləcə də İsrailin ağır ”Merkava" tanklarını Rusiya istehsallı müasir raket əleyhinə sistemlərlə vurması Hizbullahın yalnız İran silahları deyil, eləcə də Rusiya və Çindən də silahlar aldığını sübut edir. Bəzi mənbələrə görə, hazırda Hizbullahın yüksək peşəkarlığa və döyüş təcrübəsinə sahib 20 min döyüşçüsü var. Ancaq bu barədə dəqiq rəqəm demək çətindir.

Hisbullah USA ile ilgili görsel sonucu

Silahlı qüvvələrlə yanaşı, Livanda Hizbullahın 8 xəstəxanası, 24 klinikası, 32 məktəb və digər yardım fondları, ictimai və sosial quruluşları var. Hazırda Hizbullaha İranla yanaşı, Avropa, Latın Amerikası ölkələrindən də maliyyə dəstəyi var. Təşkilatın Latın Amerikası, Afrikada bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələri var.

Hizbullah üzvləri Afrika qitəsində bahalı metalların ticarətində, həmçinin Latın Amerikasının bir sıra ölkələrində ticarət fəaliyyətləri var. Maraqlıdır ki, Afrikada Hizbullah israilli iş adamları ilə rəqabət aparır.

Qərb ölkələri - ABŞ, Kanada, İsrail, Avstraliya, Səudiyyə Ərəbistanı kimi bir sıra ölkələr Hizbullahı terrorçu təşkilat kimi tanıyır. 1983-cü ildə Hizbullah silahlıları ABŞ-ın Beyrutdakı səfirliyinə hücum edib. Bu zaman, 17-si ABŞ vətəndaşı olmaqla, 63 nəfər ölüb. Yenə həmin il Beyrutdakı ABŞ Hərbi Dəniz piyadalarının bazasına hücum təşkil edən Hizbullah silahlıları 241 amerikalı əsgərin ölümünə səbəb olub. ABŞ Hizbullah liderlərinə və təşkilata yardım edən qurumlara sanksiyalar təşkil edir.

İndi isə Vaşinqton Hizbullahın məhz maliyyə kanallarını bağlamaq, bununla da təşkilatın gücünü və imkanlarını məhdudlaşdırmaq istəyir. Görünür, Vaşinqton Hizbullahın ciddi maliyyə şəbəkəsinin olduğu haqda məlumat əldə edib və indi bunun qarşısını almağa çalışır. Lakin bu siyahıda Azərbaycanın adının çəkilməsi çox maraqlıdır.

Siyasi şərhçi Elxan Şahinoğlu amerikalıların ehtimalını əsaslı hesab etmir. E.Şahinoğlunun fikrincə, hazırda Hizbullahın Azərbaycanda fəaliyyətinin olması ilə bağlı məlumatların ciddi əsasları yoxdur.

Sitat: “Əvvəllər Hizbullahın Azərbaycandakı fəaliyyətlərinə dair müəyyən məlumatlar olurdu. Hətta hansısa azərbaycanlıların Hizbullah düşərgələrində təlim keçməsi ilə bağlı iddialar da vardı. Lakin indi inanmıram ki, Hizbullahın Azərbaycanda geniş fəaliyyəti mümkün olsun. Çünki bu, İran-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. İran hakimiyyəti özü də indi istəməz ki, Azərbaycanla münasibətləri pozulsun. Amerikanın sanksiyalarından əziyyət çəkən İranın qonşuları ilə yaxşı münasibətlərə ehtiyacı var. Yəqin ki, amerikalılar köhnə məlumatlar əsasında Azərbaycanın da adını bu siyahıya salırlar. Bu açıqlamada bir hiyləgər gediş bundan ibarətdir ki, Amerika İranla qonşu ölkələr üçün Hizbullah təhlükəsinin olduğunu göstərməyə çalışır. Amerikanın bu tip hesabatları çox olur, amma bu o demək deyil ki, bütün hesablar tam həqiqətdir”.//“Yeni Müsavat”//


Tarix: 24-04-2019, 10:13
Xəbəri paylaş





Xəbər lenti