Beynəlxalq Valyuta Fondu (İMF) ABŞ sanksiyaları altında İran iqtisadiyyatının 6 faiz azalacağını proqnozlaşdırıb.
Qurumun hesabatında deyilir ki, Birləşmiş Ştatlar Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etməsindən sonra inflyasiya 40 faizə yüksələcək.Güzəştin müddəti mayın 2-də başa çatır.
ABŞ bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran nefti bazardan tam yığışdırılarkən qlobal tələbi qarşılamaq üçün lazımı addımlar atmaq barədə razılığa gəlib.Bununla, onların neft istehsalını artıracaqları gözlənilir.Ağ Ev bildirib ki, bu qərar İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini kəsmək məqsədi daşıyır.ABŞ İranı illik 50 milyard dollarlıq gəlirdən məhrum etməyə çalışır.
Türkiyə ABŞ-ın addımını rədd edib.Xarici işlər naziri rəsmi tvitter səhifəsində yazıb ki, “Amerikanın qərarı regional sülh və sabitliyə xidmət etməməklə yanaşı, İran xalqına da zədə yetirir.Türkiyə təktərəfli sanksiyaları və qonşuları ilə münasibətlərində necə davranacağına müdaxiləni qəbul etmir”.
Çin də eyni reaksiya ilə çıxış edib.Çinin xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Çin Amerikanın təktərəfli sanksiyaları və "uzunqollu" yurisdiksiyasını rədd edir.Təhlilçilər isə xəbərdarlıq edir ki, neft qalmaqalı ABŞ-İran qarşıdurmasına səbəb olmaqla yanaşı, Çinlə ABŞ arasında ticarət danışıqlarının da dalana dirənməsinə yol aça bilər.İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gün müsahibəsində Birləşmiş Ştatların Tehranın beynəlxalq neft ticarətinə mane törətmək istəyərək, İranı diz çökdürməyə və Tehran hökumətini devirməyə çalışmaqda ittiham edib.
Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa rəsmi səfər edəcəyi də məlum olub.Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib ki, Ərdoğanın İraqa səfəri Türkiyə-İraq yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının dördüncü iclası çərçivəsində baş tutacaq.Çavuşoğlunun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan İraqın prezidenti Bərham Saleh və ölkənin türkmən icması ilə görüşəcək.XİN rəhbəri səfərin tarixini açıqlamayıb.Güman edilir ki, Ərdoğanın İraq səfərinin mahiyyətində İran neftinin əvəz edilməsi məsələsi dayanır.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun bəyanatı o demək deyil ki, rəsmi Ankara İrandan neft idxalını davam etdirəcək:
“Tərkibində bir neçə neft emalı zavodları olan Türkiyənin “Tüpraş” şirkətinin konfiqurasiyası ağır neftə hesablanıb, yəni, İran neftinə. İndi həmin İran neftini əvəzləyəcək alternativ mənbələr axtarılmalıdır. Təbii ki, Türkiyə ilə İraq Kürdüstanını birləşdirən Kərkük-Yumurtalıq neft kəməri, o cümlədən Azərbaycanla birləşən Bakı-Tbilisi-Ceyhan neft kəmərləri var. Amma Türkiyədəki və əsasən də, “Tüpraş”ın aktivində olan emal gücləri Azərbaycan neftinə hesablanmayıb. Yəni, o zavodun konfiqurasiyası buna imkan vermir.Əgər müşahidə etsək, görərik ki, 2016-cı ildən İrana tətbiq olunan sanksiyalar ləğv edildikdən sonra Türkiyənin İrandan idxal həcmləri durmadan artıbdır.Ötən ilin sonundan idxal həcmləri durmadan aşağı düşüb.Son statistik məlumata görə, Türkiyə İrandan sutkalıq 96 min barel neft idxal edib. Türkiyədəki zavodların alternativ mənbələr axtarmasında bir az problemlər olacaqdır. Çünki bölgədə ağır neft İraqda var və onun keyfiyyət göstəriciləri Türkiyə neft emalı zavodlarını qane edəcəkdir.İkinci mənbə Rusiyanın “Ural” markalı neftidir.Artıq beynəlxalq bazarlarda bu neftin trendi aşağı düşüb.Polşa, Slovakiya, Belarus, Almaniya "Drujba" kəməri ilə Rusiyadan neft qəbulunu tam dayandırıb.Rusiya neftinin tərkibində xloridlərin həcminin çox olması tranzit keyfiyyətini aşağı salıb.Rusiya neftinin mayın 2-də bərpa olunacağı gözlənilir.Düşünürəm ki, bu qəza aradan qaldırılsa belə, Avropa bazarlarında Rusiya neftinə maraq azalacaq.Yəni, alıcı şirkətlər, investorlar Rusiyanın “Ural” markalı neftinin idxalından çəkinəcəklər.Ona görə də Türkiyədə müəyyən problemlər yarana bilər.Amma nəzərə almaq lazımdır ki, Türkiyədəki emal zavodları özəl sektora aiddir.
Bu zavodların əksəriyyətinin həm Avropa ölkələri ilə, həm ABŞ-la yaxın əlaqələri var. Ən azı müəyyən reagentlərin, emal prosesində istifadə olunan yüksək keyfiyyətli katalizatorların, avadanlıqların və aqreqatların idxalında, eyni zamanda mühəndis xidmətləri nöqteyi-nəzərindən həm Qərb, həm də Amerika şirkətlərindən asılıdır. Düşünmürəm ki, Çavuşoğlunun bəyanatı qarşılığında Türkiyədəki emal gücləri İran neftinin idxalını davam etdirəcəklər.Bu, ciddi görünmür.Alternativ mənbələrdən idxal olunan neft həcmləri və kommersiya şərtləri İranın kommersiya şərtlərindən fərqli olsa da, emal gücləri idxalı davam etdirəcəklər.Təbii ki, İran nefti ilə müqayisədə digər mənbələrdən idxal olunan neftin emal marjı aşağı düşəcək.Yəni, zavodlar yüksək gəlir əldə etməyəcəklər”.
Ekspertin sözlərinə görə, hazırda İranda inflyasiya dərinləşir:
“Aparıcı istehsal müəssisələrində istehsal gücü aşağı düşür, İran milli valyutası dollara nisbətən sürətlə ucuzlaşıb. Hazırda İranda 1 ABŞ dollar 14500 tüməndir.Digər ixrac coğrafiyası da daralır.Qarşıdakı aylarda İranın neft-kimya məhsullarına, xam neftə olan tələbat kəskin şəkildə aşağı düşəcək.İran iqtisadiyyatının aparıcı sahələrindən biri metallurgiyadır ki, bu sahə də çox böhranlı vəziyyətlə üzləşəcək.Çünki istehsal olunan məhsulun bazarları daraldıqca, İranda istehsal müəssisələrinin böyük əksəriyyətinin fəaliyyəti dayandırılacaq”.
Yeganə Oqtayqızı
Cebhe.info