AKP-də “qiyam” alovlanır


AKP-də “qiyam” alovlanır

Türkiyənin siyasi elitasında son vaxtlar başlanmış bölünmə getdikcə artır.

Konstitusiya Məhkəməsinin sabiq sədri Haşim Kılıçın hakim Ədalət və İnkişaf Partiyası daxilində yaranmış müxalifətə qoşulacağına dair məlumatlar öz təsdiqini tapıb.Kəskin bəyanatla çıxış edən H.Kılıç Ərdoğan iqtidarını tənqid edib."Rəqabət Dərnəyi" tərəfindən təşkil olunan "Ədalətli Rəqabətə Təkan" mükafat mərasimində danışan Haşim Kılıç, AKP iqtidarının ölkənin hüquq sisteminə ağır zərər verdiyini qeyd edib.Dövlət Tender Qanununun 186 dəfə dəyişdirilməsini tənqid edən Kılıç bu olayı ölkənin hüquq sisteminə ağır zərbə vurulması adlandırıb.

"Pozitiv hüquqi normanı ləğv edirsiniz, digər tərəfdən, əxlaqi tərəfi tərk edirsiniz.Təəssüf ki, əvvəl “”əxlaq və mənəviyyat” deyə hakimiyyətə gələn bu dostlarımız, nə pozitiv hüquq normaları qoydular, nə də əxlaq qoydular.Buna görə də nə rəqabət, nə başqa bir şeydən söhbət gedə bilməz. Biz bu əxlaqı, daha doğrusu, insanların subyektiv sahəsinə həvalə edilən işləri sıfıra endirmədiyimiz müddət ərzində, bu ölkədə rahat ola bilməyəcəyik” - Haşim Kılıç belə deyib. Qeyd edək ki, Haşim Kılıçın sabiq baş nazir Əhməd Davudoğlunun yaratmaq istədiyi yeni siyasi partiyaya qoşulacağı bildirilir.

Yaxın günlərdə hakim düşərgədə prezident Ərdoğana və tərəfdarlarına qarşı yeni etiraz bəyanatlarının səslənəcəyi gözlənilir.Əldə olunan məlumatlara görə, AKP daxilində Milliyyətçi Hərəkat Patiyası ilə müttəfiqliyə son qoyulmasını tələb edən yeni qrup formalaşıb.Onlar martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Türkiyənin böyük şəhərlərində AKP-nin məğlub olmasına görə MHP ilə “Cümhur ittifaqına” daxil olması göstərilir.Ona görə, də elitadaxili müxalifət AKP-nin “Cümhur ittifaqı”ndan çıxmasını tələb edir.

Ekspertlər isə hesab edir ki, sabiq baş nazirin partiya qurması Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb ola bilər. Bu isə hakimiyyətin parçalanması ehtimalını artırır.

Politoloq Natiq Mirinin sözlərinə görə, Haşim Kılıçın etiraz bəyanatı Əhməd Davudoğlunun başçılığı ilə başladılan prosesin tərkib hissəsidir: 

“Bu prosesin seçkilərdən dərhal sonra başlanması təsadüfi deyil. Artıq Davudoğlunun başçılığı altında yeni siyasi güc mərkəzinin yaradılması üçün düyməyə basılıb.Bu prosesin arxasında dayanan güclər Türkiyədə deyil.Bu planı maliyyələşdirən, dəstəkləyənlərı ingilis və amerikan məktəbidir. Onların məqsədi “Cümhur ittifaqı”nı hakimiyyətdən salmaq və sözəbaxan və Qərbdən idarə olunan Türkiyəni bərpa etməkdən ibarətdir. Çünki Türkiyə dövləti artıq öz çevrəsinə sığmır.Əvvəlki siyasi qüvvələrin hakimiyyəti dövründə Türkiyə terror vasitəsilə öz daxilinə sıxışdırılmışdı.Artıq terror əməliyyatları Türkiyə sərhədlərindən kənara çıxıb.Əlavə olaraq, Türkiyə öz geosiyasi maraqlarını ortaya qoyub.Biz bunu Suriyanın, İraqın şimalında aparılan anti-terror əməliyyatlarında görürük.Həmçinin, Türkiyə şərqi Aralıq dənizi sahilindəki neft və qaz mənbələrinə öz iddialarını ortaya qoyur. Bu iddialarda həm Şimali Kiprin, həm də Türkiyənin haqları var. Halbuki, 20 il öncə Türkiyə belə bir imkana malik deyildi. Çünki Türkiyə üçün cızılmış ciddi qırmızı sərhədlər mövcud idi. Bu gün Türkiyə ABŞ-ın və NATO-nun razlılığı olmadan özünün havadan müdafiə sistemlərini qurursa, Türkiyə istehsalı olan “Altay” tankları, uçan pilotsuz aparatları dünya bazarına çıxarılırsa, 2023-cü ildə Türkiyənin milli döyüş təyyarələrinin istehsalına başlayacaqsa, bu, dünyada böyük gücə malik fərqli bir dövlət deməkdir. Ona görə də sual olunur. Davudoğlu hakimiyyətə gəlməklə, Türkiyənin 2023-cü və 2053-cü il hədəflərindən artığını edə biləcəkmi? Deməli, əsas hədəflər bu deyil.Əsas məqsəd MHP-nin müttəfiqi olan AKP-ni iqtidardan salmaq və yenidən idarəolunan Türkiyəni bərpa etməkdən ibarətdir.Bütün xərclənən milyardlar da buna yönəlik strategiyaya xidmət edir.Ona görə də düşünürəm ki, Davudoğlunun yaradacağı siyasi partiyanın və Haşim Kılıçın bəyanatının arxasında ingilis xüsusi xidmət orqanları dayanır.Yaxın perspektivdə biz AKP sıralarını tərk edən qüvvələri görəcəyik.Amma bütün bunlar AKP-dən ciddi heç nə qopara bilməyəcək.Sadəcə olaraq, qlobal səviyyədə Türkiyənin əleyhinə planlar işə salınıb ki, bu çərçivədə də AKP-nin və MHP-nin içərisinə yerləşdirilmiş qüvvələr gəmini tərk etməyə başlayıb.Ötən parlament seçkiləri ərəfəsində MHP-ni parçalamaq və İYİ Partiyanı yaratmaqla “Cümhur ittifaqı”nəı gücdən salmağa çalışdılar.Lakin CHP bu prosesdən güclənərək çıxdı.Fikrimcə, hazırda baş verən hadisələr də AKP-nin Qərbin əlaltılarından təmizlənməsi və güclənməsi ilə nəticələnəcək”./Cebhe.info/


Tarix: 1-05-2019, 22:23
Xəbəri paylaş





Xəbər lenti