Rusiya prezidenti Vladimir Putin Ukrayna üçün yeni işğal planını işə salıb.
Belə ki, prezident Vladimir Putin Ukraynada yaşayanlar və sovet dövrü mühacirlərinin Rusiya pasportu və vətəndaşlığı almasını sürətləndirməklə bağlı fərman imzalayıb.Fərman mayın 1-də Kremlin rəsmi internet səhifəsində yayımlanıb.Bundan bir həftə əvvəl isə, Putin Ukraynanın şərqində yaşayanların Rusiya pasportu almasını sadələşdirən fərman imzalamışdı.Yeni fərmanla Ukrayna vətəndaşları və uşaqlarının Rusiya pasportu alması sadələşdirilir.Bu, vaxtilə Krımda yaşamış, Rusiya 2014-cü ildə yarımadanı ilhaq etməzdən öncə köçüb getmiş şəxslərə də aid edir.
Qeyd edək ki, Putinin bu fərmanından sonra Sovetlər dövründə Krımdan getmiş şəxslərin törəmələri, qohumları da Rusiya pasportlarını əldə edə biləcəklər.Onların çoxu sovet diktatoru İosif Stalinin əmriylə 1944-cü ildə Özbəkistana deportasiya olunublar.Putinin bu fərmanını Ukraynanın yeni prezidenti Vladimir Zelenski və Qərb dövlətləri kəskin şəkildə pisləyib.
Maraqlıdır, bu addımı Putinin yeni işğal planı hesab etmək olarmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bu prosesi ilhaq faktının rəsmiləşdirilməsidir. Politoloqun sözlərinə görə, Ukraynanın bu problemi həll etməsi çətin olacaq:
“Əslində, bu, Donbasın Rusiya tərəfindən ilhaqının rəsmiləşdirilməsidir. Orada yaşayan hər kəs Rusiya pasportlarını alsa, hətta nə vaxtsa bu bölgə Ukraynaya qaytarılsa belə, fiziki baxımdan Rusiyaya bağlı olacaq.Çünki orada yaşayanlar Rusiya pasportlarını daşıdıqları üçün oradan maaş və pensiya alacaqlar, Rusiyanın imkanlarından istifadə edəcəklər. Bu məsələnin ikinci mühüm tərəfi isə odur ki, Ukraynanın artıq bu bölgəni güc yolu ilə geri qaytarması da çətinləşəcək.Məsələn, Ukrayna ordusu hücuma keçir, kimlərsə öldürülür və onların cibində də Rusiya pasportu var. Rusiya buna seyrçi qalacaqmı?Əlbəttə ki, yox.Bu baxımdan da, Ukraynanın durumu çətinləşir.Əslində, Rusiyadan əvvəl çox təəssüf ki, Avropa ölkələri də Ukraynanı bu yolla parçalamağa çalışıb.Ukraynanın Zaporejye bölgəsində etnik macarlar yaşayır.Bir neçə ildir ki, Macarıstan yarı gizli şəkildə onlara öz pasportlarını paylayır.Hətta Macarıstanın Ukraynadakı konsulu da pasport verir. Artıq bir neçə min adam Macarıstan pasportunu cibində gəzdirir. Ukrayna bu prosesin qarşısını almağa çalışsa da, Budapeştə nota göndərsə də, nəticəsi olmayıb.Yəni, Rusiyadan əvvəl də Macarıstan və Ruminya Ukraynanın parçalanması prosesinə başlamışdılar. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin mövzu ilə bağlı danışanda belə bir sual etdi: Avropa bizə qarşı niyə etiraz edir ki? Birinci özləri pasport verirdilər.Bu baxımdan, Ukraynanın həqiqətən də pasportla bağlı ciddi problemləri var. Ukraynanın bu problemi necə həll edəcəyini isə söyləmək çətindir.
Elxan Şahinoğlu deyib ki, Rusiyanın bu prosesi Dağlıq Qarabağda da təkrarlamayacağına zəmanət yoxdur:
“Bizim qanunlara görə, ikili vətəndaşlıq qadağandır. Amma bilirəm ki, bəzi vətəndaşlarımızın cibində həm Azərbaycan, həm də Rusiya pasportları var. Şimal bölgəmizdə olan vətəndaşlarımızın da bəzilərində Rusiya pasportunun olması ilə bağlı xəbərlər yayılır.Ən əsası isə Dağlıq Qarabağla bağlı təhlükə var. Doğrudur, Rusiya hələlik bu məsələyə o qədər də qarışmır. Amma kim təminat verər ki, Donbasda separatçıların nəzarətində olan ərazidə pasport paylayan bir ölkə bunu digər bir bölgədə, Dağlıq Qarabağda etməyəcək”.//Cebhe.info//