Ekspert: “Rusiya Qarabağ klanı ilə sıx işləyir və Köçəryanın həbsdən azad olunması üçün çalışır”


Mayın 9-da, Şuşanın ələ keçirilməsi münasibətilə təşkil olunan bayram mərasimləri zamanı qondarma “dqr”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyana istehza edib. Əvəzində Paşinyan onu hədələyib.

Şuşada jurnalistlər Balasanyandan son günlər təmas xəttində atışmaların artması haqda soruşublar. Balasanyan isə belə cavab verib: “Gedin onu ”lift danışıqlarının" aparıcısı Paşinyandan soruşun". Balasanyan bununla Paşinyanın ötən ilin payızında Qazaxıstan paytaxtındakı MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə baş tutmuş qeyri-formal görüşünə eyham vurub. Həmin sammit zamanı Əliyevlə Paşinyan təmas xəttində gərginliyin azaldılması, qarşılıqlı rabitə kanalının qurulması kimi məsələlərdə anlaşıblar. Söhbətin bir hissəsi də liftdə qalxarkən baş tutub.

“Qraparak” qəzetinin yazdığına görə, Ermənistan rəhbərliyi Balasanyanın  bu ironiyasından qəzəblənib. Paşinyan qondarma “dqr” rəhbəri Bako Saakyana xəbərdarlıq edib ki, Vitali Balasanyana özünü yığışdırmalı olduğunu çatdırsın. Və deyib ki, əks halda gələn dəfə onunla başqa dildə danışacaqlar. Qeyd edək ki, V.Balasanyan Dağlıq Qarabağda “prezidentliyə” əsas iddiaçıdır.

Qəzet yazır ki, Paşinyan Qarabağdan yaxşı əhvalla qayıtmayıb. Onun Yerevana qayıdandan sonra Qarabağda “əksinqilab ocaqları” barədə Facebook-da status yazmasının səbəblərindən biri Balasanyanla bağlı məsələdir. Digər səbəbi isə budur ki, Şuşada bayram yemək-içmək mərasimi zamanı Dağlıq Qarabağ rəhbərləri Paşinyanla ünsiyyətdən qaçıblar. Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan isə ümumiyyətlə Paşinyandan yan qaçıb və oliqarx Ruben Ayrapetyanın müşayiət etdiyi Serj Sərkisyanı isti qarşılamağa üstünlük verib.

Paşinyan yazmışdı ki, ona bəzilərinin Qarabağı əksinqilab ocağına çevirmək istədiyi haqda xəbərlər çatır və belə cəhd olsa, o, Qarabağı inqilab ocağına çevirəcək.

Bu olay Dağlıq Qarabağdakı rejimlə Paşinyan arasında əslində bir gərginliyin olduğunun təzahürüdürmü? Paşinyanın Dağlıq Qarabağdakı rejimi dəyişməyə gücü yetərmi?

İlgili resim

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan ilə işğal olunmuş ərazilərdə qondarma rejim nümayəndələri arasında konflikt yeni deyil: “Paşinyan Xankəndində qondarma rejimi dəyişmək və özünə sadiq qüvvələri burada yerləşdirməyi planlayır. Qarabağ klanın son qalasını ələ keçirmək istədiyini artıq dilə gətirir. Paşinyana qarşı daha da radikal mövqe ortaya qoyan ”dqr" rejiminin  “təhlükəsizlik şurasının katibi” adlanan Vitali Balasanyandır. O, Qarabağda Paşinyanın möhkəmlənməsini qəbul etmir.  Qarabağ klanı Balasanyanı qabağa verməklə Paşinyana qarşı yeni cəbhə açırlar. Bundan əlavə, Qarabağ klanının Robert Köçəryanın həbsdən azad olunması üçün müraciət etməsi məhz onların toparlanmasına hesablanıb. Xankəndində Paşinyana qarşı əks-inqilab yaranır. Artıq  Paşinyana Qarabağ klanı güc göstərməyə start verib. Ona görə də Paşinyan Qarabağdakı qondarma rejimi inqilabla hədələyir".

Politoloq hesab edir ki, Paşinyan hakimiyyətinin ilk aylarında Dağlıq Qarabağda inqilab etməyə daha yaxın idi, indi isə şansı əldən verib: “Çünki Paşinyanın sosial və iqtisadi islahatlar paketi bir il ərzində müsbət nəticə vermədiyi üçün artıq daxildə ona qarşı narazı kütlə formalaşır: ”Məhz  Qarabağ klanı prosesləri yaxından diqqətlə izlədiyi üçün aktivləşmək kursu götürərək Xankəndində savaşa keçir. Bu daxili ziddiyyətlər gün üzünə çıxmaqdadır və Paşinyan Xankəndindəki rejimi Köçəryan və Serj Sərkisyanla əməkdaşlıq etdiyi üçün hədəfə alıb, devirməyə cəhd edəcək. Lakin Paşinyanın Qarabağda inqilab etmək planı baş tutmaya bilər.

Ermənistanda inqilab populizmdən ibarət oldu və real siyasi-iqtisadi dirçəlişə gətirmədi. Rusiya Qarabağ klanı ilə sıx işləyir və Robert Köçəryanın həbsdən azad olunması üçün çalışır. Əgər Köçəryan həbsdən azad olunsa, Paşinyana qarşı yeni siyasi güc formalaşdıraraq onu devirməyə çalışacaq. Ona görə də Paşinyan Köçəryanı həbsdə saxlamağa davam etməklə separatçıları sıxacaq. Paşinyan üçün çıxış yolu Rusiya ilə əlaqələri zəiflətmək, ABŞ-ın ona verdiyi mesaja uyğun olaraq Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq, işğala son qoymaqdır. Paşinyan Rusiya ilə yaxınlaşdığı üçün hazırda hakimiyyəti üçün təhlükə yaranır və Ermənistanda ağır sosial vəziyyət davam etməkdədir, müsbət irəliləyiş əldə edə bilmir. Bundan da istifadə edən Qarabağ klanı yenidən toparlanır. Paşinyanın Şuşaya gəlişi onun üçün xoş olmadı. Açıq şəkildə ona qarşı mənfi münasibəti gördü. Separatçı rejim Paşinyanı arzuolunmaz və siyasi düşmən hesab edir. Ona görə də qarşıda iki tərəf arasında hesablaşmalara şahidlik edə bilərik".


Tarix: 13-05-2019, 09:43
Xəbəri paylaş





Xəbər lenti