Hər nə qədər İranın dini lideri və ABŞ prezidentinin “müharibə olmayacaq” bəyanatları son günlər yaranmış ajiotajı aradan qaldırsa da, müharibə riski hələ də qalır. Çünki Vaşinqtonun ötən həftə körfəzə, İran sahillərinə göndərdiyi hərbi qüvvələr hələ də ordadır, üstəlik regionda siyasi vəziyyət günü-gündən pisləşir.
Məlum olduğu kimi, ötən həftə İranın Yaxın Şərqdə Amerikanın maraqlarına zərbə vuracağı ilə bağlı kəşfiyyat məlumatlarının yayılmasının ardınca Vaşinqton körfəzə ard-arda qüvvələr göndərib. Əvvəlcə İtaliya sahillərində lövbər salmış, 2003-cü ildə İraq müharibəsində istifadə olunmuş “USS Abraham Linkoln” aviadaşıyıcısı, ardınca isə “USS Arlington” döyüş gəmisi qrupu Fars körfəzinə göndərilib. Bunun ardınca Qətərdə ABŞ-ın regionda ən böyük hərbi hava bazası hesab olunan “Əl-Udeyd”ə 4 ədəd strateji B-52 bombardmançıları və “Patriot” zenit-raket batareyaları göndərilib. Nəzərə alsaq ki, Bəhreyndə ABŞ-ın 5-ci donanması, eləcə də “Əl-Udeyd” bazasında 13 min, İraqda isə 5200 ABŞ hərbçisi mövcuddur, bu qüvvənin özü də istənilən ölkəyə hücum etmək üçün yetərlidir.
Ancaq bu qüvvə toplama müharibə üçün səbəb sayıla bilməz. Məsələn, iddialara görə, Trampın İran mövzusunu həvalə etdiyi milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Fars körfəzinə qüvvə göndərilməsi İrana “qəti və kəskin bir mesaj vermək” üçündür. Eyni zamanda o, deyib ki, bu addımlar “bir sıra narahatlıq doğuran və gərginliyi artıran işarə və xəbərdarlıqdan” sonra atılıb.
Hər nə qədər sakitləşdirici bəyanatlar olsa da, son günlərdə regionda gərginliyin artması açıq-aydın hiss olunur. Əvvəlcə bazar günü BƏƏ sahillərində Səudiyyə Ərəbistanına məxsus 2 tanker, eləcə də BƏƏ və Norveçə məxsus bir gəmi olmaqla, 4 neft daşıyan tanker hücuma məruz qaldı. Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, ABŞ mənbələri İranın, İran tərəfi isə provokasiyanın İsrailin törətdiyini iddia edir. Həftənin əvvəlində isə Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki neft boru kəməri və nasos stansiyaları 7 bombalı dronun hücumuna məruz qaldı. Bu hücuma görə Səudiyyə rəsmiləri Yəməndəki husiləri ittiham etdi.
Ötən gün isə ABŞ hökuməti İraqdakı diplomatik personalın böyük əksəriyyətini ölkədən çıxaracağını bəyan etdi. Buna səbəb kimi, İraqda ABŞ diplomatlarına hücum hazırlığı ilə bağlı xəbərlərin olduğu iddia edilir.
Bütün bu ard-arda baş verən hadisələr müharibə öncəsi olayları xatırladır. Və təbii ki, hər dəfə İrana qarşı hərbi müdaxilə mövzusu gündəmə gələndə aktual bir sual ortaya çıxır: ABŞ İranı hansı ölkə üzərindən vuracaq?
Məsələ ondadır ki, indi faktiki olaraq İranın dörd bir tərəfində ABŞ hərbi bazaları yerləşir. Türkiyə, İraq, Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Omanda rəsmi şəkildə mövcud olan ABŞ hərbi bazaları var. Bundan başqa Hind okeanında ABŞ qüvvələri mövcuddur. Ancaq İranın digər qonşularında da bu ölkəyə hücum zamanı istifadə edilə biləcək potensial zərbə nöqtələri də var.
Yeri gəlmişkən, ilk dəfə ABŞ-ın İrana hücum xəbərləri çıxanda məhz bu ölkələrin adı çəkilirdi. Məsələn, Rusiyada dərc olunan “Nezavisimaya Qazeta”nın 2003-cü ilin mayında hazırladığı məqalədə ABŞ-ın İranı İraq, Azərbaycan və Gürcüstan üzərindən vuracağı yazılırdı. Bu cür iddialar sonrakı dövrdə də yayıldı. Hətta Qərb mediasında Azərbaycan aerodromlarının İrana hücumda istifadə ediləcəyi iddiaları yayıldı. Lakin Azərbaycan hökuməti ən yüksək səviyyədə bu iddiaları təkzib etdi.
Yeri gəlmişkən, ötən ilin payızında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna səfərində əsas məqsəd bölgə dövlətlərinə Vaşinqtonun İranla bağlı mövqeyini bildirmək idi. Hər halda ekspertlər belə düşünürdü.
Aydın məsələdir ki, İranla böyük sərhəd xəttinə malik və eyni zamanda bu ölkə ilə etnik və dini bağlılığı olan Azərbaycan İranda müharibə istəmir. Çünki müharibənin gətirdiyi zərərlərlə yanaşı, Azərbaycana kütləvi qaçqın axını və o tayda çoxlu sayda soydaşlarımızın ölümü bu tərəfə də təsirsiz ötüşməyəcək.
Digər tərəfdən, Azərbaycan öz ərazilərindən İrana qarşı istifadə üçün icazə verib, savaşın və zərbələrin riskini ala bilməz. Bu baxımdan Bakının bu plana “yox” dediyi aydındır. Gürcüstanın isə İranla birbaşa sərhədi yoxdur. Azərbaycan və Ermənistanın hava dəhliz vermədiyi təqdirdə, Gürcüstan ərazilərindən istifadənin bir faydası ola bilməz. Sırada qalır Ermənistan...
Əlbəttə, Rusiyanın hərbi bazalarının yerləşdiyi Ermənistanın İrana hücum üçün koridor verəcəyi əvvəldən inandırıcı deyildi. Ancaq indi situasiya dəyişib. Birincisi, Ermənistanın “patronu” Rusiyanın özü belə, İran məsələsində əvvəlki mövqedə deyil. Dünən Pompeo ilə görüşdən sonra Putin İranı qoruya bilməyəcəyini açıq ifadə edib. İkincisi isə qərbyönümlü Paşinyan hökuməti ABŞ-la daha yaxındır və Vaşinqtonun tələbləri qarşısında ərazilərini istifadəyə verə bilər. Bunu Ermənistanın baş naziri Boltonun Qafqaza səfərindən sonra da etiraf etmişdi.
İranın digər şimal sərhədində Orta Asiya ölkəsi Türkmənistan yerləşir. Ancaq bu ölkədə ABŞ-ın təsdiqlənmiş hərbi mövcudluğu yoxdur, eyni zamanda Aşqabadın adı İrana qarşı hücumda hallanmayıb.
Sırada olan növbəti ölkə Əfqanıstandır. 2001-ci ildə ABŞ ordusu tərəfindən işğal olunan Əfqanıstanda hazırda rəsmi rəqəmlərə görə, 14 min ABŞ hərbçisi mövcuddur. Kabil, Qəndəhar, Məzari-Şərif, Barqam kimi ərazilərdəki aviasiya bazalarında ABŞ ordusunun aviasiya və raket sistemləri mövcuddur. Yəni Əfqanıstan bu mənada ABŞ-ın əlindədir.
İranın daha bır böyük qonşusu Pakistandır. İmran Xanın baş nazir seçilməsindən sonra Tehran-İslamabad əlaqələrində istiləşmə meylləri açıq şəkildə özünü göstərsə də, Pakistanın Tehran üçün əlverişli ortaq olacağını demək çətindir. Ancaq Pakistanın eyni zamanda ABŞ-la münasibətləri də xeyli dərəcədə soyuqdur. İndiki şərtlərdə Pakistanın öz ərazilərindən ABŞ-ın İrana qarşı istifadəsinə icazə verməsi az inandırıcıdır.
İranın qərb sərhədlərindəki qonşusu Türkiyədir. Türkiyədə ABŞ-ın hərbi varlığı olsa da, Ankaranın da öz ərazilərindən İrana qarşı istifadəyə icazə verməsi inandırıcı deyil. Hələ 10 il əvvəl Abdullah Gül bu barədə suala cavab olaraq, İran-Türkiyə sərhədlərinin razılaşdırıldığı 1639-cu ildə bir çox dövlətin mövcud olmadığını deməklə, ABŞ-a eyham vurmuşdu.
İranın quru sərhədlərinin olduğu sonuncu ölkə İraqdır. Hazırda rəsmi olaraq İraqda 5200 nəfər ABŞ hərbçisi var. Ancaq hazırda Bağdad və Vaşinqton arasında soyuq küləklər əsir. Ötən gün Ankarada olan İraqın baş naziri Adil Əbdülmehdi ölkəsinin öz ərazilərindən İrana hücum üçün istifadəyə icazə verməyəcəyini deyib. Amma bu bəyanatın nə qədər işlək olacağını demək çətindir, çünki İraq üzərində faktiki ABŞ hərbi hakimiyyəti mövcuddur.
Qeyd edək ki, ABŞ-ın hazırda regionda nə qədər hərbi gücünün olduğu dəqiq bilinmir. Bir neçə il əvvəlin rəqəmlərinə görə, Pentaqon Yaxın Şərq regionunda 120 min hərbi qüvvə saxlayır. Yaxın Şərq regionu ABŞ ordusunun Mərkəzi Qüvvələr Komandanlığı, başqa adla SETCOM ərazisinə daxildir. Fars körfəzi, Oman dənizi, Qırmızı dəniz və Hind okeanında təxminən 20 milyon kv.km əraziyə nəzarət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması İranın “bir addımlığında”, Bəhreyn dövlətində yerləşir. 5-ci donanmada 20 minə yaxın hərbi qulluçu və 20 döyüş gəmisi xidmət edir.
İraqın cənubunda, Fars körfəzi sahillərində yerləşən Küveytdə bir neçə ABŞ hərbi bazası mövcuddur. Bunlardan ən məşhuru Əhməd əl-Cabir hərbi hava bazasıdır. Hansı ki, amerikalılar bu bazadan İraqa qarşı müharibədə geniş şəkildə istifadə edib.
Körfəzin ən sakit ölkəsi Omanda “ərəb baharı” prosesində təxminən 26 min ABŞ hərbçisi yerləşirdi.
Səudiyyə Ərəbistanında isə paytaxt ər-Riyad yaxınlığındakı ABŞ hərbi bazasında hələ də 5 minə yaxın amerikalı hərbçi və təyyarə mövcuddur. BƏƏ-nin Dubay əmirliyi və eyniadlı şəhərində də ABŞ hərbi bazası və “nimts” sinfinə aid aviadaşıyıcısı var.
Qətərdə yerləşən əl-Udeyd hərbi hava bazasında isə 13 min hərbçi xidmət edir. ABŞ ordusunun regiondakı ən böyük aviabazasına bir neçə gün əvvəl nüvə bombası daşıyan 4 ədəd B-52 bombardmançıları yerləşdirilib.
Göründüyü kimi, ABŞ faktiki olaraq regiona nəzarət edəcək qədər hərbi gücə sahibdir. Bu qüvvələr dənizdə və regionun müxtəlif ölkələrinə səpələnib. Ancaq onu da qeyd etmək lazımdır ki, aviasiya üçün açıq məkan olsa da, İran 1,648 milyon kv.km ərazisi ilə çox geniş və mürəkkəb ölkədir.
Bu ölkədə quru əməliyyatları real deyil. İsrail, ABŞ və İranın Yaxın Şərqdəki düşmənlərini çəkindirən də bu amildir. Hər kəsə aydındır ki, İranı müasir təyyarələrlə havadan bombalamaq mümkün olsa da, sonradan onun yaradacağı əks-nəticələr qarşısında durmaq çox çətin olar. Bu səbəbdən də Vaşinqton Tehranı iqtisadi cəhətdən zəiflətməyə, daxildəki “minaları” işə salmağa çalışır.
Musavat.com