Paşinyanın Qazaxıstanla dost olmaq istəyinin arxasındakı hədəf


Toğrul İsmayıl: “Qazaxıstanın Azərbaycanla münasibətləri Ermənistanla müqayisə olunacaq səviyyədə deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanda səfərdədir. Ötən gün Paşinyan Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevlə görüşüb. “Sputnik”in məlumatına görə, görüşdə Paşinyan bildirib ki, ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var. Ermənistan baş naziri iddia edib ki, iki ölkə arasında tarixi əlaqələr, eyni zamanda iqtisadi sahədə əlaqələrin inkişafı üçün siyasi iradə mövcuddur.

Paşinyanı salamlayan Nazarbayev də ikitərəfli iqtisadi-ticari əlaqələrin əhəmiyyətini vurğulayıb. “Qazaxıstan və Ermənistan arasında xoş münasibətlər olub. Qazaxıstandakı erməni diasporu ölkələrimiz arasında körpü rolunu oynayır” - deyib.

Qeyd edək ki, mayın 29-da Qazaxıstanda keçiriləcək Avrasiya İqtisadi Şurasının toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gələn Ermənistan baş naziri Nursultan Nazarbayevlə yanaşı, ölkə prezidenti Qasım-Comert Tokayevlə də görüşüb.

Ermənistan mediasında tirajlanan bu yazı Azərbaycanda da diqqət doğurub. Çünki Qazaxıstan Azərbaycanla dost-qardaş ölkədir. Üstəlik, Nazarbayev prezident olduğu uzun illər ərzində Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyib. Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra Qazaxıstanla əlaqələri inkişaf etdirməyə çalışır. Çünki Qazaxıstan həm Avrasiya İqtisadi Birliyinin aparıcı ölkələrindən biri, söz sahibidir, həm də keçmiş ittifaq ölkəsi və türk-müsəlman respublikası kimi Qazaxıstanla yaxşı əlaqələr Ermənistan üçün hava-su kimi lazımdır.

ErmÉnistan baÅ naziri Nursultan NazarbayevlÉ ile ilgili görsel sonucu

Ötən ilin sentyabr və noyabr aylarında da Paşinyan Qazaxıstanda işgüzar səfərdə olub. Yeri gəlmişkən, Qazaxıstan və Ermənistan Avrasiya İqtisadi Şurası ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB çərçivəsində əməkdaşlıq edir. KTMT ötən il Qazaxıstan paytaxtı Nursultanda keçirilən toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş katibin Ermənistandan olmasına etiraz edib. Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko dəstəkləyib.

Bu məlumat Azərbaycanda da ciddi maraq doğurub. Doğrudur, bu təşkilatda söz sahibi olan Rusiya Qazaxıstan və Belarusun təkliflərini ertələyib. Ancaq həm ötənilki etiraz, həm də aprel müharibəsindən sonra Nazarbayevin Azərbaycanı dəstəkləyən mövqeyi Azərbaycanda böyük rəğbət doğurmaqla yanaşı, Ermənistanda məyusluq yaratmışdı. Görünür, indi Paşinyanın hakimiyyətə gələndən sonra etdiyi jestlərin əsl səbəbi də budur.

Qeyd edək ki, Qazaxıstan və Ermənistan arasında ciddi soyuqluğa səbəb olan hadisə bu ilin yanvarında etnik zəmində baş verən gərginlik olub. Belə ki, yanvar 1-nə keçən gecə Qazaxıstanın Karaqanda şəhərindəki ermənilərə məxsus olan “Drevniy Rim” restoranında qətl hadisəsi baş verib. Hadisə “Drevniy Rim” restoranında ermənilərlə qazaxlar arasında mübahisənin dava-dalaşa çevrilməsi ilə başlayıb. Kütləvi davada 23 yaşlı qazax gənci öldürülüb.

Kütləvi davanın iştirakçısı olan Qururyan hadisədən sonra Rusiyaya qaçıb və onun barəsində dövlətlərarası axtarış elan edilib. Daha sonra Ermənistan vətəndaşı Narek Qururyan Rusiyada saxlanılıb. Eyni zamanda Qazaxıstanda hadisə ilə əlaqədar olaraq 11 nəfər saxlanılıb. Ancaq bu hadisə tezliklə böyüyərək kütləvi etirazlara çevrilib. Həmin vaxt Karaqanda vilayətinin prokuroru Marat Seksembayev bildirmişdi ki, hadisənin etnik zəmində baş verməsi ilə bağlı informasiyalar doğru deyil. Bəyanatda vurğulanıb ki, ayrı-ayrı adamlar ölkədə iğtişaş yaratmağa cəhd göstərir. M.Seksembayev xəbərdarlıq edib ki, bu istiqamətdə bilərəkdən fəaliyyət göstərənlər milli ədavət yaymaq və iğtişaş yaratmaq maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunacaq. Yerli polis isə bildirib ki, hadisə ilə bağlı qətl, xuliqanlıq maddələri üzrə cinayət işi açılıb. Erməni tərəfi də baş verənlərə münasibət bildirərək Qazaxıstan hökuməti ilə əməkdaşlıq etdiklərini bildirib. Ermənistan rəsmiləri hadisənin milli münaqişəyə çevrilməsində maraqlı olmadıqlarını bildirib. Ancaq bu hadisə Qazaxıstanda təxribat cəhdi və etnik münaqişə yaratmaq kimi qiymətləndirilib.

Bütün bunların fonunda iki tərəf arasında görüşün və isti mesajların verilməsi bir tərəfdən adi diplomatik etiket kimi görünsə də, bəzi şərhçilərə görə, bu, Ermənistanın Qazaxıstanla yaxınlaşmaq cəhdidir.

ToÄrul İsmayıl ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Avrasiya üzrə ekspert, professor Toğrul İsmayıl deyir ki, hər nə qədər əlaqələrin inkişafından danışılsa da, hazırda Ermənistan və Qazaxıstan arasında ticarət və iqtisadi əlaqələr aşağı səviyyədədir. Paşinyanın Qazaxıstana Avrasiya İqtisadi Şurasının yubiley toplantılarında iştirak məqsədilə getdiyini xatırladan ekspert deyir ki, bu çərçivədə görüş sıradan protokol görüşü olub: “Bildiyiniz kimi, bu il Avrasiya İqtisadi Şurasının quruluş anlaşmasının imzalanmasının 5 ili və Avrasiya İnteqrasiya fikrinin Nazarbayev tərəfindən irəli sürməsinin 25 ili tamam olur. Paşinyan da bu çərçivədə keçiriləcək tədbirlərdə iştirak üçün Nursultana gedib. Paşinyan həm prezident Tokayevlə, həm də Nursultan Nazarbayevlə görüşüb. Yəni o qədər də ciddi bir siyasi hadisə deyil”.

T.İsmayıl deyir ki, Paşinyanın görüşləri sıradan diplomatik çərçivədə həyata keçirilir, bundan narahat olmağa dəyməz:“Düzdür, Qazaxıstan Azərbaycan və Türkiyə ilə müttəfiqdir, amma unutmaq olmaz ki, Qazaxıstan həm də Avrasiya İqtisadi Şurası və KTMT-də Ermənistanla birgə təmsil olunur. Amma xatırladım ki, hətta o zaman Nazarbayev Ermənistanın Avrasiya İqtisadi Şurasına qəbul edilməsinə qarşı çıxıb. Hətta bu zaman Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini xatırladıb. Ancaq sonda Rusiyanın dediyi oldu. Bu cür görüşlər, sadəcə, diplomatik qaydalar çərçivəsində keçirilib. Ancaq şübhəsiz ki, Qazaxıstanın Azərbaycanla münasibətləri Ermənistanla müqayisə olunacaq səviyyədə deyil, daha güclüdür”.


Tarix: 30-05-2019, 09:36
Xəbəri paylaş





Xəbər lenti