Ermənistanın eks-prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyana qarşı aktiv fəaliyyətə başlayıb. Öz tərəfdarları ilə görüşən Köçəryan yenidən qalib gəlmək istədiyini söyləyib.
“10 il əvvəl mənə elə gəlirdi ki, həyatımdakı əsas hadisələr geridə qalıb. Daha proqnozlaşdırıla bilən, rahat həyat məni gözləyir. Yanılmışam” - deyə, eks-prezident bildirib. Köçəryan həbsxananın onu yalnız fiziki baxımdan təcrid edə biləcəyini deyib: “Əksinə, məndə irəliyə getmək, mübarizə aparmaq üçün ciddi və yeni stimul yaranır. Mən şadam ki, bu mübarizəni tək aparmayacağımı görürəm. Mütləq irəliyə gedən, yeni qələbələr gətirən çox aktiv, maraqlı komanda var”. (Axar.az)
Gözlənilmədiyi halda, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Nikol Paşinyanın tərəfdarı kimi çıxış etməyə başlayıb. Əslində özü həbs olunmasa belə, tərəfdarları, yaxın qohumları repressiya olunan S.Sərkisyanın mövcud hakimiyyəti müdafiə etməsi nonsensdir. Ən azı ona görə ki, N.Paşinyan məhz Sərkisyanı devirərək hakimiyyəti ələ keçirib. Mayın 8-də Şuşada keçirilən şoularda da Paşinyanla Sərkisyan bir yerdə görünmədi. Lakin S.Sərkisyanın Qarabağ klanının üzvü olaraq R.Köçəryandan məsafə saxlaması maraqlıdır. Çox güman ki, Sərkisyan özünü və ətrafını qorumaq üçün fərqli taktika seçib. Virtualaz.org yazır ki, S.Sərkisyan Ermənistan və işğal olunmuş Qarabağ hakimiyyətləri arasında münasibətlərin mümkün kəskinləşməsinin qarşısını almağa cəhd edir. Bu barədə “Jamanak” (Zaman) erməni nəşri də yazıb. Mənbə qeyd edir ki, son həftələr boyunca Sərkisyan Dağlıq Qarabağda olub və Qarabağ separatçılarının keçmiş və hazırkı liderlərini düşünülməmiş addımlardan çəkindirməyə çalışıb. Qəzet iddia edir ki, hazırda Sərkisyan Ermənistan və Qarabağ rəhbərliyi arasında bufer rolunu oynayır. Xatırladaq ki, Ermənistan və Qarabağ rəhbərliyi arasında münasibətlərin kəskinləşməsi barədə xəbərlər Qarabağ separatçılarının keçmiş və hazırkı liderləri Arkadi Qukasyanla Bako Saakyanın məhkəmədə Robert Köçəryanın azad edilməsi üçün zamin durmalarından sonra yayılıb. Sonradan Saakyan bildirib ki, bu addım məhkəmə prosesində əlavə gərginliyin yaradılması məqsədi güdməyib.
Qarabağdakı separatçı rejimin keçmiş və indiki rəhbərliyi N.Paşinyana açıq şəkildə dirəniş göstərir. R.Köçəryanın İrəvanda Ermənistanın Respublika gününə həsr olunmuş rəsmi bayram tədbirinə “DQR”-in başçısı Bako Saakyan qatılmayıb. Hələlik onun özünün bu tədbirə getmədiyi, yoxsa Paşinyan tərəfindən dəvət edilmədiyi bəlli deyil. Saakyanı “DQR”-in “parlament sədri” əvəz edib. Ayrıca, yaxın günlərdə azadlığa buraxılmış Robert Köçəryan öz tərəfdarlarıyla görüşlərə başlayıb.
“Paşinyanla ”Qarabağ klanı" arasında gərginlik getdikcə güclənir və üzə çıxır".Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib. Paşinyanın sərbəst oyunçu olmağa çalışdığının aydın olduğunu deyən ekspertin fikrincə, Ermənistanın Rusiyadan önəmli dərəcədə asılılığı onun oyun sahəsini və imkanlarını çox daraldır: “Üstəlik, ”Qarabağ klanı" bütövlüklə Rusiyanın əlindədir, Rusiyanın əlinə oynayır. Rusiyanın əlində İrəvan - Xankəndi qarşıdurması Ermənistanın yeni rəhbərliyinin Azərbaycanla güman oluna biləcək yaxınlaşmasının qarşısını almaq üçün bir vasitədir. Ter-Petrosyanın devrilməsi, sonra da (Köçəryan dönəmində) Ermənistan parlament sədrinin, baş nazirin və daha bir neçə yüksək rəhbər şəxsin öldürülməsi, belə bir gümanın Rusiyada hər zaman ağılda tutulduğunu göstərir. Paşinyan Rusiyadan müstəqil olmaq istəyirsə, gərək işğal olunmuş torpaqları Azərbaycana qaytarsın. Problem ondadır ki, işğal olunmuş torpaqlar Paşinyanın əlində deyil. Ermənistanın Qarabağdan, hətta Qarabağ məsələsindən asılılığı çox böyükdür və bu, Ermənistan üçün çox ağır yükdür".
Daxildə ciddi problemlərlə üz-üzə qalan N.Paşinyan hakimiyyətinin bir ilinin tamamında müttəfiq ölkələr tərəfindən də gözümçıxdıya salınıb. Qərbdə ciddi siyasətçi kimi qəbul olunmayan, aşağılanan, maliyyə istəyinə müsbət qarşılıq verilməyən Paşinyan postsovet məkanındakı müttəfiqlərin də aşağılayıcı münasibəti ilə qarşılaşmaqdadır. Ən son nümunə Qazaxıstanda oldu.
Nur-Sultanda keçirilən Avrasiya Ali İqtisadi Şurasının iclasında Qazaxıstan TŞ sədri Nursultan Nazarbayev dövlət başçılarını ordenlə təltif edib. Lakin təltif edilənlər arasında yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın adı olmayıb. N.Nazarbayev 2016-cı ilin aprelindən sonra bir neçə dəfə Ermənistan rəhbərliyinə dərs verib. Sonuncu halda KTMT-dəki postunu vermək istəmədiyi üçün N.Paşinyana tutarlı reaksiya verilmişdi.
Maraqlıdır ki, Ermənistanın baş naziri Qazaxıstan paytaxtı Nur-Sultana səfər qrafikində dəyişiklik edib. Axar.az xəbər verir ki, bu məlumatı “Factor.am” saytı yayıb. Paşinyanın bununla əlaqədar Nur-Sultanda dövlət başçılarının şərəfinə verilən şam yeməyində iştirak etməyəcəyi, eləcə də Qazaxıstandakı erməni biznesmenlərlə görüşməyəcəyi bildirilib. Avrasiya İqtisadi Komissiyasının Kollegiya rəhbəri Tiqran Sərkisyanla görüşdən sonra onun yalnız bəyanatla çıxış edəcəyi və jurnalistlərin suallarını cavablandırmayacağı vurğulanıb. Görüşdən dərhal sonra Paşinyanın Ermənistana geri dönəcəyi bildirilib. Hələlik Paşinyanın niyə belə dəyişiklik etdiyi açıqlanmayıb. Tamamilə mümkündür ki, Paşinyan pərt olduğu üçün səfərini yarımçıq kəsib.
N.Paşinyan ötən ay hətta öz evində qonaq etdiyi Rusiya baş naziri Dmitri Medvedyev tərəfindən də ələ salındı. Rusiya baş naziri onu tədbirin gedişində gülünc vəziyyətə saldı. Güman olunur ki, Paşinyan Köçəryanı yarım ilə yaxın həbsdə saxlamasının, həmçinin Qarabağ və azərbaycanlı girovlarla bağlı Moskvadan gələn təkliflərə müsbət reaksiya verməməsinin cəzasını çəkir.
Ötən həftə Ermənistan mediası xəbər yaydı ki, xarici işlər naziri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra pis vəziyyətə düşüb. Belə ki, təzyiqi yüksələn nazirin üstünə təcili yardım gəlib. Bu, Rusiyanın Ermənistana münasibətinin göstəricisidir. Hazırda səksəkəli günlərini yaşayan Paşinyanın atacağı addımlar çox maraqlıdır.
Ermənistan XİN rəhbəri isə deyib ki, Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik. Nazir bir sıra məsələlərin ATƏT-in Minsk Qrupu həmsdərləri ilə müzakirə edildiyini bildirib: “Bundan sonra daha əhatəli bir nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir”.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər. Ermənistan KİV-lərinin yazdığına görə, onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib. Həmsədrlər Bakıya da gələcəklər. Amma N.Paşinyanın öz hayına qaldığı bu durumda onun Qarabağla bağlı hansısa addım atacağı real görünmür. Əks təqdirdə, erməni diasporu onun hakimiyyətinə son qoyar...
Ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın məşhur “Kommersant” qəzetinə verdiyi müsahibəsində Ermənistanla danışıqların bəzi detallarına toxunmuşdu. Politoloq Elxan Şahinoğlu hesab edir ki, XİN başçısının dedikləri bəzi mətləblərə işıq salır: “Məmmədyarovun müsahibəsindəki sözlərindən aydın olur ki, rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyana düşünmək üçün vaxt vermişdi və həmin vaxt artıq bitib. Məmmədyarov onu da deyib ki, rəsmi Bakının Ermənistanın yeni hakimiyyətinə müəyyən ümidləri var imiş, yəni guya Nikol Paşinyan anlamalıydı ki, Azərbaycanla sülh olmadan Ermənistanın gələcəyi yoxdur. Ancaq münaqişənin həllində irəliləyiş yoxdursa, deməli, Paşinyan da özündən əvvəlki prezidentlər - Robert Köçəryan və Serj Sərkisyan kimi Azərbaycanla sülh olmadan da yoluna davam edəcəyini düşünür. Paşinyan bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanla sülhün vacibliyi haqqında düşünmür”.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli ilə bağlı ayrı-ayrılıqda “nəticə var” kimi mesaj veririlər. İlk olaraq, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində bu haqda danışmışdı. Bundan sonra erməni həmkarı Zöhrab Mnatsakanyan Vyana və Moskva görüşlərində əldə edilmiş anlaşmaların bəzi nəticələrinin olacağı anonsunu verdi".
Bunu isə politoloq Məhəmməd Əsədullazadə “Teleqraf.com”a deyib. Ekspertin fikrincə, son açıqlamalar indiyədək aparılmış danışıqlar kontekstində müəyyən irəliləyişin olacağı ehtimalını yaradır: “Amma hesab edirəm ki, Paşinyanın hazırda ərazilərin boşaldılmasına gedəcəyi real deyil. Çünki ölkə daxilində siyasi vəziyyət qeyri-stabildir və ”Qarabağ klanı" revanş üçün məqam gözləyir. Buna görə də, Paşinyandan geri addım gözləmirəm. Burada Rusiya faktoru da mühüm amildir. Paşinyan yalnız Moskvadan “yaşıl işıq” yandırılacağı halda geri addım atıb işğal altındakı ərazilərin boşaldılmasına göstəriş verə bilər. Moskva da bunu istəyirdisə, “Qarabağ klanı” vasitəsi ilə edərdi, demək ki, nəticələr hələlik humanitar məsələləri əhatə edir. Bu baxımdan, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması reallaşa bilər. Erməni tərəfi ilk gündən Diqəmlə Şahbazın azad olunmasını qəbul etmirdi. Görünür, fikrini dəyişən Paşinyan əsirlərin azad olunmasına razılaşmaq üzrədir".
Politoloq qeyd edib ki, bundan əvvəl Azərbaycanın əsirlərin dəyişdirilməsi üzrə prinsipləri vasitəçi ölkələr tərəfindən dəstəklənirdi: “Buna görə də həmsədrlərin bu baxımdan Ermənistana təzyiq edəcəyini düşünürəm”./“Yeni Müsavat”/