Saakaşvilinin vətəndaşlığının bərpa olunması Rusiya prezidentinə sərt ismarıcdırElxan Şahinoğlu: “Zelenski Putinin dediyini etmədi”Zeynal Əmrəliyev: “Zelinskinin məqsədi Saakavşilini Ali Radaya üzv etməkdir”Rusif Məmmədsoy: “Saakaşvilinin vətəndaşlığının bərpası Rusiya amili ilə bağlıdır”Kamran Sultanlı: “Saakaşvilinin Ukraynada ciddi uğur qazana biləcəyini zənn etmirəm”Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə iki gün öncə Ukrayna vətəndaşlığını qaytardı ki, bu, gözlənilən idi. Çünki Saakaşvili özü də qeyd etmişdi ki, Vladimir Zelenski qələbə qazansa, onda Ukraynaya qayıdacaq. Görünür, o, özü vətəndaşlığının bərpa olunacağına əmin imiş ki, əvvəlcədən bu fikri söyləyirdi. Deməli, buna görə də o, prezident seçkiləri kompaniyasında Vladimir Zelenskini dəstəkləyirdi.Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə vətəndaşlığını qaytarsa da, onu orada istəməyən qüvvələr hələ də var. Belə ki, Ukrayna baş prokuroru Yuri Luçenko “feysbuk” səhifəsində yazıb ki, Mixail Saakaşvili satqındır. O, Saakaşviliyə qarşı əvvəl mövcud olan ittihamların ortadan qaldırılmadığını deyib.
Bu açıqlamadan Ukrayna baş prokuroru Yuri Luçenkonun Saakaşvilinin Ukraynaya qayıtmasını istəmədiyi aydın olur. Amma bütün hallarda prezident V.Zelenski M. Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıbsa, deməli, ona qarşı qarşı olan ittihamları da ləğv edəcək. Çünki V.Zelenskinin indiki məqamda M. Saakaşviliyə rəğbəti aydın görünür.
Ukraynanın eks-prezidenti Leonid Kravçuk isə “112 Ukrayna” televiziyasına açıqlamasında qeyd edib ki, Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığının qaytarılması Zelenski üçün ədalət məsələsi idi. Amm o, Saakaşviliyə Ukrayna vətəndaşlığının verilməsinin Ukraynanın milli maraqları ilə heç bir bağlılığı olmadığını və bu addımın yalnız Poroşenkonun şəxsi maraqlarına aid olduğunu bildirib.
Kravçuk həmçinin Saakaşvilinin Ukraynada vəzifə alacağına şübhə ilə yanaşdığını deyib: “Prezident gərək öz torpağı və vətənində çalışsın. O, başqa ölkəyə köçəndə istəsə də, istəməsə də miqranta çevrilir. Ona görə də Saakaşvilinin Ukraynada yüksək vəzifəyə iddia edəcəyini düşünmürəm”.
Qeyd edək ki, Saakaşvili Poroşenko dövründə oliqarx Sergey Kurçenkodan pul alaraq, dövlət çevrilişi hazırlamaqda ittiham edilmişdi. Ona görə, Saakaşvilinin vətəndaşlığı Poroşenko dövründə ləğv edilmişdi. Bundan sonra isə o ölkədən qovulmuşdu.
Onu da nəzərə çatdıraq ki, Saakaşvili sosial media hesabında video paylaşaraq qərara görə Zelenskiyə təşəkkür edib və Ukraynaya qayıdacağını açıqlayıb.
“Zelenski Putinin özündən fərqləndiyini göstərdi”Ukrayna prezidenti Vladimir Zelenskinin Mixail Saakaşvilinin vətəndaşlığını bərpa etməsi ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Kremlin təbliğat maşını çox hiyləgərdir: “Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin “Ukrayna Rusiyadan demokratik ölkədir” açıqlamasına bir müddət əvvəl belə cavab vermişdi: “Zelenski bu qədər demokratdırsa, ölkədən qovulan Mixail Saakaşvilinin və oliqarx İqor Kolomoyskinin Ukraynaya geri qayıtmalarına imkan versin”. Zelenski həm Kolomoyskinin, həm də Saakaşvilinin geri qayıtmasına şərait yaratdı, yəni Putinlə virtual deyişmədə üstün gəldi. Kreml ideoloqları Putinin bununla pis vəziyyətə düşə biləcəyini anlayaraq nəzarət etdikləri televiziyalarına xüsusu tapşırıq verdilər. Gün ərzində izlədiyim Rusiya kanallarının aparıcıları, o cümlədən qatı ermənipərəst Solovyov eyni sözləri dedi: “Zelenski Putinin dediyini etdi”. Zelenski Putinin dediyini etmədi, keçmiş prezident Petro Poroşenkodan və elə Putinin özündən fərqləndiyini göstərdi. Putinin vaxtilə həbs etdirdiyi oliqarx Xodorkovski hazırda mühacirətdə yaşayır, Kolomiyski isə ölkəsinə qayıdıb”.
“Saakavşili Ukrayna Ali Radasının deputatı seçiləcək”“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev isə Ukrayna prezidenti Vladimir Zelinskinin Mixayıl Saakavşilinin Ukrayna vətandaşlığını bərpa etməsini belə şərh edib:“Ukraynada prezident ən çox dəyişən ölkələrdəndi. Zelenskidən öncə istər Viktor Yuşenko, istərsə də Petro Poroşenko ikinci müddət üçün seçilə bilmədilər. Viktor Yanukoviç isə ümumiyyətlə heç birinci səlahiyyət müddəti başa çatmamış devrildi. Zelenski başa düşür ki, verdiyi vədlərə əməl etməsə, ikinci müddətdə seçilə bilməyəcək və o da sələfləri kimi Ukrayna tarixinə uğursuz prezident kimi düşəcək. Buna görə də Zelenski dediyi islahatları həyata keçirməlidir. Bunun üçün onun qarşısında mane kimi iki şəxs - real gücü əlində saxlayan daxili işlər naziri Arsen Avakov və milyarder İqor Kolomoyski durur. Hər ikisinin Saakavşili ilə münasibətləri pisdi. Zelenski də yaxşı bilir ki, ölkəyə dönən Saakavşili siyasi həyatın belə aktiv olduğu dönəmdə, yəni parlament seçkiləri öncəsi həm Avakovu, həm Kolomoyskini yenidən sərt tənqid edəcək. Aydın məsələdir ki, Ukraynada əksər siyasətçilər parlament seçkilərinə oynayır. Prezident seçkilərində hər zaman çoxsaylı namizədlərin olması da ona görədir. Namizədlərin çoxu bilir ki, onlar prezident seçilməyəcək. Ancaq prezidentliyə iddialı olub, özünü cəmiyyətə tanıdıb, parlamentə düşmək istəyirlər. Məqsəd daha çox budur. Zənnimcə, Zelenskinin məqsədi Saakavşilini Ali Radaya üzv etməkdir. Böyük ehtimal ki, Saakavşili Ukrayna Ali Radasının deputatı da seçiləcək.
Daha bir ehtimal isə onun Ali Radanın sədr müavini və ya sədri kimi vəzifələrə seçilərək parlament rəhbərliyində təmsil olunmasıdır. Təbii ki, çoxluq razı olsun. Ancaq Zelenskinin başı sonradan Saakavşili ilə dərdə girə bilər. Ona görə ki, prezident onun köməyi ilə rəqiblərini zəflədib məhv etdikdən sonra Saakavşilini də oyundan kənar edəcək. Ancaq o, deputat seçilsə, bu, bir qədər çətin ola bilər. Çünki deputat toxunulmazlığı olacaq. Hər zaman qalmaqallı və maraqlı prosseslərə səhnə olan Ukrayna siyasəti yenə də öz ahəngindədir. Hadisələrin sonrakı mərhələsini isə zaman göstərəcək”.
“Saakaşviliyə hər hansı mühüm vəzifənin verilməsini istisna etmirəm”Politoloq Rusif Məmmədsoy da Ukrayna prezidenti Vladimir Zelenskinin Mixail Saakaşvilinin vətəndaşlığnı bərpa etməsi ilə bağlı öz münasibətini ifadə edib: “Əslində, olduqca yerində verilən bir qərar oldu. Çünki Ukraynada Mixail Saakaşvilinin lehinə olanlar olduqca çoxdur. Bununla da Vladimir Zelenski ölkədəki Saakaşvili sevərlərin də rəğbətini qazanmış olacaq. Bundan əlavə, Ukrayna hökuməti demokratiya yolunda mühüm addımlar atmaqla yanaşı, Rusiya ilə də mübarizə şəraitində fəaliyyət göstərir. Bu mənada Saakaşvilinin təcrübəsindən yararlanmaq istəyəcəklər. Saakaşviliyə hər hansı mühüm vəzifənin verilməsini də istisna etmirəm. Düşünürəm ki, Saakaşvilinin vətəndaşlığının bərpası məhz Rusiya amili ilə bağlıdır.
Mixail Saakaşvili ötən ay da Ukraynaya qayıdacağını bəyan etmişdi. Lakin bir şərtlə ki, Zelenski qalib gəlsin. Əslində, bu da başa düşüləndir. Çünki keçmiş qubernatoru ölkədən deportasiya edən məhz Poroşenko idi. Bu mənada Zelenskinin qalıb gəlməsi Saakaşvili üçün də yeganə çıxış yolu idi”.
“Saakaşvili amili öz sözünü deyəcək”R. Məmməsoyun fikrincə, Mixail Saakaşvili gəldikdən sonra xarici siyasətdə mühüm dəyişikliklər olacaq: “Daha dəqiq desək, Rusiya ilə mübarizədə bir təsir rıçaqı əldə etmiş olacaq. Bu isə ilhaq edilmiş ərazilər uğrunda mübarizədə Zelenskini daha arxayın edə bilər. Lakin düşünmürəm ki, bütün bunlar Rusiyanın həmin əraziləri geri qaytaracağı mənasına gəlir. Bunu Ukrayna hökuməti də yaxşı başa düşür. Zelenski bu qərarı ilə sağ kəsimin də dəstəyini bütünlükdə qazana bilər. Çünki Zelenski həm kompaniyası, həm də andiçmə zamanı ilhaq edilmiş əraziləri geri qaytarmağa cəhd edəcəyini dilə gətirmişdi. Amma bunu söz vermədi. Təbii ki, belə bir söz vermək reallıqdan kənardır. İstənilən halda, Saakaşvili amili bu və ya bu kimi məsələlərdə öz sözünü deyəcək”.
“Zelenski bu qərarı ilə göstərməyə çalışdı ki, Kolomoyskidən asılı deyil”Politoloq Kamran Sultanlı isə xatırladıb ki, Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşvilinin vətəndaşlığı Poroşenko dövründə ləğv edilmişdi: “Hələ Zelenskinin prezident kampaniyasında Saakaşvili ona dəstək olmuş və onun qalib gələcəyinə inandığını qeyd etmişdi. Zelenski də öz növbəsində Saakaşvili kimi siyasətçi ilə işləməyin hər bir siyasətçi üçün böyük uğur kimi dəyərləndirmişdi. Zelenski çıxışlarının birində Saakaşvilinin korrupsiyaya qarşı təcrübələrindən yararlanmağın faydalarından bəhs etmişdi. Zənnimcə, burada əsas məsələ məhz Saakaşvilinin korrupsiyaya qarşı mübarizə təcrübəsindən faydalanmaq ola bilər. Zelenskinin əsas donoru hesab edilən yəhudi əsilli Kolomoyskinin Saakaşvili ilə araları soyuqdur. Zelenskinin əsas maliyyə dəstəkçisinin Saakaşvilinin geri qayıtmasına neqativ yanaşacağı gözlənilirdi. Zelenski bu qərarı ilə göstərməyə çalışdı ki, Kolomoyskidən asılı deyil. Həmçinin Zelenskinin qarşısında əsas məsələ korrupsiya ilə mübarizədir. Zənnimcə, o, bu istiqamətdə Saakaşviliyə şans tanıya bilər. Hətta ona hansısa vəzifənin də veriləcəyi ehtimallarının çox olduğunu düşünürəm. Saakaşvilinin Ukraynada hörməti çox olsa da, onun siyasi səhnədə ciddi uğur qazana biləcəyini zənn etmirəm. Saakaşvilinin Ukraynaya qayıtması həmçinin Zelenskini Putinə cavabıdır. Çünki Putin mətbuat konfransında çıxışında Zelenskinin Saakaşvilinin vətəndaşlığını qaytarması istiqamətində Ukrayna liderinə ismarıc ünvanlamışdı. Təbii ki, bu qayıdışdan Moskva da razı qalmıyacaq. Moskvaya Ukraynada güclü və uğurlu hakimiyyət lazım deyil”.
“Zelenski Ukrayna siyasətini canlandıracaq daha bir addıma əl atdı”Politoloq onu da vurğulayıb ki, Saakaşvilinin Ukraynaya qayıdışı Gürcüstan siyasi səhnəsində də ciddi rezonans doğuracaq: “Son dövrlər Gürcüstanda müxalifətlə, iqtidar arasında gərginlik artır. Əvvəl qeyd etdiyim kimi, İvanaşvilinin Gürcüstanda əsas rəqibi Saakaşvilinin qalan reytinqidir. Xüsusilə Azərbaycana qarşı təxribatcı gedişlər Gürcüstan azərbaycanlılarının Saakaşvili fenomeninə olan inamını qaytaracaq. Lakin zənnimcə, Qərb özü hazırda Saakaşvilinin postsovet məkanında aktiv siyasətə qayıdışında maraqlı deyil. Qərb Rusiya ilə konfrontasiya səbəb olacaq heç bir liderin hakimiyyətə gəlməsini istəmir. Bu, hələlik Qərbə lazım deyil. Beləliklə Zelenski Ukrayna siyasətini canlandıracaq daha bir addıma əl atdı”.
Şamo EMİN, Hurriyyet.org
Tarix: 30-05-2019, 14:43