“Təbii ki, Paşinyanın mövqeyi yüz dəfə zəifləyib. Ötən ilin mayında Paşinyanın çağırışı ilə küçələrə 100 min adam çıxırdısa, R.Koçaryan məhkəmədən azadlığıa çıxanda Paşinyanın çağırışlarına cəmi min nəfər cavab verdi”
Bunu
Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə son zamanlar Ermənistanda baş verən hakimiyyət davasına münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə hazırda Paşinyan çox çətin durumdadır:
“Ermənistanda nə baş verirsə, hamısı Rusiyanın çətiri altında baş verir. Rusiyanın təsir dairəsi çox güclüdür. İstənilən mühüm hadisə mütləq Moskva ilə razılaşdırılır. Əgər razılaşdırılmasa, mütləq hansısa bir reaksiya gəlir. Ona görə də Ermənistandakı hadisələri Moskvanın təsiri olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, Paşinyanın mövqeyi yüz dəfə zəifləyib. Ötən ilin mayında Paşinyanın çağırışı ilə küçələrə 100 min adam çıxırdısa, R.Koçaryan məhkəmədən azadlığa çıxanda Paşinyanın çağırışlarına cəmi min nəfər cavab verdi. Nəticələr göstərir ki, Paşinyanın təsir gücü çox zəifləyib. Hələlik vəzifədədir, amma o, da çox gözəl başa düşür ki, Ermənistanda hakimiyyətin müqəddəsliyi nisbi məhfumdur. Yəni hər an Paşinyanın etdiyi kimi ya kütlənin, ya da ordunun təzyiqi ilə hakimiyyət dəyişə bilər. Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu Paşinyan yaxşı bilir və ona görə də o, məzuniyyətə gedə bilmədi, başa düşdü ki, istirahət vaxtı deyil”.