Putin və sələflərinin oxşar MDB siyasəti - separatçılığa dəstək...


Əhəd Məmmədli: “Putin rejimi min hektarları Çinə arendaya verib, buradan da Krımı ilhaq edib, Qarabağı, Abxaziyanı, Osetiyanı və  Donbası işğal altında saxlayır”

Rusiya prezidenti Vladimir Putin və sələfləri Boris Yeltsin, Dmitri Medvedyevin MDB ölkələri ilə bağlı hakimiyyətdə olduqları dövrlərdə yürütdükləri siyasət hər zaman aktuallığını qoruyur. Hər üç rəhbərin zamanında MDB dövlətləri daxilində separatçı rejimlərin yaradılması, hakimiyyət dəyişiklikləri planlarının hazırlanması dövlət siyasətində ön sıralarda yer tutub.

Nümunə olaraq, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və digər ölkələri göstərə bilərik. Rusiyanın bu cür siyasətinin qarşısını almaq üçün nələrin edilməsi ilə bağlı müxtəlif mövqelər səslənir. İlk mövqelərdən biri odur ki, MDB ölkələri arasında birlik olmalıdır. Belə olacağı təqdirdə Kremlin planlarının asan həyata keçməyəcəyi vurğulanır.

Politoloq Əhəd Məmmədli burada iki yolun olduğunu göstərdi: “Putin və sələfləri MDB məkanından əl çəksələr, hakimiyyətdə qala bilməzlər. Rusiyanın tarixən iki yolu olub, balaca və tox, ya da böyük və ac olmaq. Rusiyada həmişə ikinci yolu seçib. Çünki rus xalqı ac, amma böyük olmağı istəyib. Buna böyük rus şovinizmi deyilir. Putin də kəşfiyyatçı kimi xalqının psixologiyasını yaxşı bildiyi üçün buna uyğun siyasət aparır. Rusiya Federasiyası dağılmayana qədər bu ölkə qonşularından əl çəkən deyil. Putin rejimi min hektarları Sibir, Uzaq Şərqdə Çinə arendaya verib, buradan da Krımı ilhaq edib, Qarabağı, Abxaziyanı, Osetiyanı, Donbası işğal altında saxlayıb, özünə lüzumsuz problemlər yaradır, sanksiyalara məruz qalır və s. Arendaya verilən torpaqlar heç vaxt heç kəsə qaytarılmayıb. Bəs niyə rus xalqı çinlilərə arendaya verilən minlərlə hektar əraziləri Putindən sormurlar? Çünki onların çoxunun bu haqda heç xəbəri yoxdur. Putin millətini istədiyi yönə yönləndirə bilib. Rusiyanı Amerika, müsəlmanlar dağıdan deyil, bu dövləti Çin məhv edəcək. Rus mətbuatı anti-Qərb, anti-İslam təbliğatla doludur. Burada bu ölkədə yaşayan ermənilərin də xüsusi rolu var. Çin isə əksinə, müttəfiq, dost kimi göstərilir. Bu, kökündən yanlış yanaşmadır. Bunu bəzi ağıllı rusların özləri də anlayır, amma çoxu bunun əksini danışa bilmir. Çünki yalançı millətçilərin, erməni lobbisinin hücumundan çəkinirlər”.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, Putinin təsir imkanları əvvəlki deyil: “Fikrimcə, bu illərdə postsovet məkanında Moskvanın təsir imkanları kifayət qədər azalıb. Rusiya separat bölgələri yaratmaqla, qonşularının ərazilərini ilhaq, işğal etməklə keçmiş müttəfiq respublikaları itirdi.  Moskva destruktiv hərəkətləri ilə onsuz da mövqelərini regionda itirməkdədir. Lakin Kreml təbii ki, yenə də güclüdür. Putin iqtidara gələndən sonra daha da gücləndi. Rusiya əsas hərbi sahədə güclənir, bunun hesabına da beynəlxalq siyasətdə uğurlar qazanır. Neftin qiymətinin qalxması ilə Rusiya iqtisadiyyatı da xeyli gücləndi. Üstəlik, rus qazının Avropaya idxalı bu ölkənin mövqelərini güclü edir. Bütün bunlara rəğmən neftin düşməsi, rublun ucuzlaşması, tətbiq edilən sanksiyalar təbii ki, Rusiyaya da təsirsiz ötüşmədi. Qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatını gücləndirməklə Rusiya ayaqda qalmağı bacardı. Ən azı Putin rejimi daha sivil, qərbyönümlü iqtidarla əvəzlənməyənə qədər Kremlin bu yırtıcı siyasəti davam edəcək. Ümumiyyətlə, rus təhlükəsindən tamamilə qorunmaq istəyiriksə, onda gərək SSRİ kimi Rusiya Federasiyası da dağılsın. Rus işğalına Qazaxıstan da məruz qala bilərdi. Rusların bu ölkəyə də məkrli planları var idi. Qazaxıstanın şimalında separat bölgə yaratmaq istəyirdilər. Nazarbayevin müdrik siyasəti nəticəsində buna imkan verilmədi. Ruslar Özbəkistan və Qırğızıstan arasında da daim gərginlik yaradıblar. Söhbət Fərqanə vadisi ətrafında illərdi cərəyan edən hadisələrdən gedir. Özbəkistan-Tacikistan, Qırğızıstan-Tacikistan arasında münaqişələrin də dirijorluğu Moskvadan gəlir. Bütün bunları söyləməyim odur ki, Moskvaya imkan vermək lazım deyil ki, fitnə siyasətinə keçmiş müttəfiq respublikalarını alət və qurban edib bir-birinə vurdursun”.(“Yeni Müsavat”)


Tarix: 13-06-2019, 10:09
Xəbəri paylaş





Xəbər lenti