Nikol Paşinyan hökuməti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında münasibətlər gərginləşir.
Ermənistan mediasının verdiyi məlumata görə, 2020-ci ildə Dağlıq Qarbağdakı işğalçı rejimin rəhbərliyinə keçiriləcək saxta prezident seçkilərinin yaxınlaşması klanlararası savaşı daha da qızışdırıb. Hazırda rejimə başçılıq edən Bako Saakyan gələn il tutduğu postu tərk etməli olacaq. Onun yerini kimin tutması isə sözügedən rəqabətdə Ermənistan, yoxsa “Qarabağ klanı”nın qalib gəlməsindən asılı olacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan Bako Saakyanın yerinə özünə yaxın adamı gətirməyə çalışsa da, konkret namizədin adı çəkilmir. Yəni “Qarabağ klanı” tərəfindən qəbul olunacaq və N.Paşinyanın siyasi direktivləri ilə işləyəcək belə bir namizəd hələ ki, yoxdur. Eyni zamanda, Paşinyan 2020-ci ildə Qarabağdakı hərbi xuntanın başına yenidən Köçəryan-Sarkisyan rejiminin nümayəndəsinin gəlməsini istəmir. Çünki Azərbaycan ərazilərinin işğalında iştirak etmiş səhra komandirləri və terrorçular bu gün Paşinyan iqtidarına qarşı əsas müxalifəti təşkil edir. Ermənistan hökumətinin Dağlıq Qarabağdakı uydurma rejimin dayaqlarını təşkil edən həmin qüvvələrə birbaşa siyasi nəzarət etmək imkanı çox zəifdir. Bu isə, “Qarabağ klanı”na Paşinyana qarşı mübarizədə güclü hərbi və maliyyə resurslarını saxlamaq imkanı yaradır. Yəni 2018-ci ilin aprel ayında Ermənistanda baş vermiş “məxməri inqilab” zamanı “Qarabağ klanı”nın hakimiyyətdən devrilməsi hələ son deyil. Nikol Paşinyanın siyasətinə nəzər salınsa, onun “Qarabağ klanı”ndan xilas olmaq planını mərhələli şəkildə həyata keçirdiyini görmək olar. 2018-ci ildə keçirilmiş parlament seçkilərindən sonra parlamenti Köçəryan-Sarkisyan rejimindən təmizləyən baş nazir Ermənistan Milli Məclisində 88 mandat qazanaraq 71 faiz səs çoxluğuna sahib oldu.
Son günlər isə N.Paşinyan məhkəmə sistemini əvvəlki hakimiyyətin dövründən qalmış hakimlərdən təmizləməyə başlayıb. Eks-prezident Robert Köçəryanın azadlığa buraxılması da əslində, məhkəmə orqanlarında “Qarabağ klanı”na yaxın kadrların qanunsuz fəaliyyət göstərdiyini nümayiş etdirmək məqsədi daşıyır. Ona görə də N.Paşinyan məhkəmə-hüquq islahatları adı altında hakimiyyətin üçüncü qolunu Köçəryan-Sarkisyan rejiminin qalıqlarından azad etməyə və öz nəzarətinə götürməyə çalışır. Ermənistanın siyasi kuluarlarında dolaşan məlumatlara görə, N.Paşinyanın növbəti hədəfi, daha doğrusu inqilabın yeni mərhələsi prezident Armen Sarkisyanı tutduğu vəzifədən uzaqlaşdırmaqdır. Məlum olduğu kimi, Armen Sarkisyan tutduğu posta eks-prezident Serj Sarkisyan tərəfindən gətirilib və “Qarabağ klanı”nın nümayəndəsi sayılır. Paşinyan isə yaxın perspektivdə Armen Sarkisyandan xilas olmaq və yerinə özünə yaxın olan bir şəxsin gətirilməsində maraqlıdır. Hələlik, prezidentliyə real namizəd kimi N.Paşinyanın “siyasi xaç atası” sayılan, Ermənistanın sabiq dövlət başçısı Levon Ter-Petrosyanın adı çəkilir. Hətta yayılan məlumatlara görə, Levon Ter-Petrosyan prezident kürsüsünə gətirilərsə, Ermənistanın referendum yolu ilə yarımprezidentli respublika üsul-idarəsinə keçə bilər.
Ancaq Ermənistanın baş naziri inqilabdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq, “Qarabağ klanı”nın siyasi təzyiqləri ilə üz-üzədir. Dağlıq Qarabağdakı işğalçı rejimi ram edərək özünə tabe etdirməyənə qədər bu təzyiqlər davam edəcək. 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək qondarma prezident seçkiləri N.Paşinyana öz rəqiblərini sıradan çıxartmaq üçün yaxşı fürsət yarada bilər. Lakin son hadisələr Xankəndidəki hərbi xuntanın hakimiyyəti N.Paşinyana təslim etmək niyyətində olmadığını göstərir. “Qarabağ klanı”nın lideri hesab olunan Robert Köçəryanın azadlığa çıxdığı hazırkı məqamda buna nail olmaq N.Paşinyan üçün daha çətindir. Ona görə də N.Paşinyanın R.Köçəryanı həbsə atdıracağı istisna olunmur. Bu da tərəflər arasında qarşıdurmanın dərinləşməsi ilə müşahidə olunur. Yaranmış vəziyyəti təhlil edən Ermənistan mediası baş nazir Paşinyanın Dağlıq Qarabağda “Məxməri inqilab” hazırladığını yazır. Xüsusilə də N.Paşinyanla özünü qondarma rejimin təhlükəsilzik şurasının katibi kimi təqdim edən Vitali Balasanyan arasında münasibətlərin gərginləşməsi klanlararası münaqişəni daha da artırıb.
Qeyd edək ki, V.Balasanyan birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalında iştirak edib. Şuşanın işğalında göstərdiyi fəallığa görə ermənilər Balasanyana “qəhrəman” adı verib. Vitali Balasanyan 2020-ci ildə Bako Saakyanı əvəz etmək iddiasına düşüb. Balasanyanın “Qarabağ klanı”na liderlik edəcək qədər nüfuza malik olmasa da onun bu fikri səhra komandirlərinin rejimə nəzarəti Paşinyana vermək istəmədiyindən xəbər verir.
Nikol Paşinyanın təkidi ilə Bako Saakyan Vitali Balasanyanı tutduğu vəzifədən azad edib. Balasanyan Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həllində Azərbaycana güzəştə getdiyini bildirir və bununla siyasi xalq qazanmağa çalışır. O, Paşinyanı “lift diplomatiyası” aparmaqda ittiham edir. Balasanyan iddia edir ki, Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır və bu "lift diplomatiyası" Bakı tərəfindən ön cəbhəni möhkəmlətmək, yeni mühəndislik strukturları yaratmaq və Naxçıvanda öz mövqeyini yaxşılaşdırmaq üçün istifadə olunur.
Paşinyan hakimiyyəti isə V.Balasanyanın 1 mart hadisələrinə münasibətdə Robert Köçəryanı müdafiə edən bəyanatını həzm edə bilmir. Bu səbəbdən, Ermənistan polisinin Balasanyanın avtomobilini saxlayıb axtarış aparması “məxməri Ermənistana” birləşmək istəmədiyini deyən generala xəbərdarlıq mesajı hesab edilir.
Balasanyanın istefaya göndərilməsi onun 2020-ci ildə inzibati resurslardan istifadə etməsini əngəlləmək məqsədi daşıya bilər. Lakin bu, Dağlıq Qarabağdakı rejimin rəhbərliyi ilə N.Paşinyan arasındakı qarşıdurmanı açıq şəkildə nümayiş etdirir.
Paşinyanın tərəfdarlarının bu yaxında İrəvanın “Azadlıq” meydanında Bako Saakyanın başını yarmaq cəhdləri isə Ermənistanın baş nazirinin separatçıların rəhbərinə ikinci mesajı hesab olunur. Yalnız polis bu hücumun qarşısını ala bilib. Ermənistandakı məxməri hakimiyyəti tənqid etdiyinə görə, öz vəzifəsini itirən “Qarabağ klanı”nın digər nümayəndəsi özünü qondarma rejimin fövqəladə hallar naziri adlandıran Levon Mnatsakanyan olub. O, əvvəllər Qarabağdakı hərbi birləşmələrə komandirlik edib. Bako Saakyan L.Mnatsakanyanı polis rəisi təyin edib. Ancaq Bako Saakayanın siyasi varisinin kim olacağını söyləmək çətindir.
Erməni analitiklərin fikrincə, Qarabağda daxili vəziyyət 2020-ci ildə keçiriləcək seçkilər ərəfəsində baş verəcək proseslərdən asılı olacaq. Hazırda baş verən qarşıdurma da situasiyanı nəzarətə götürmək uğrunda gedən döyüşün əlamətləridir. (Cebhe.info)