Şərqi Ağdəniz bölgəsində gərginlik artır.
Türkiyənin Kipr sahillərində təbii qaz yataqları axtarışları Afinanı narazı salıb.
Cebhe.info xəbər verir ki, Yunanıstanın baş naziri Aleksis Çirpas bununla əlaqədar Avropa Birliyinə müraciət ediləcəyini bildirib.
Nazirlər Kabinetində keçirilən fövqəladə toplantıda ölkənin daxili işlər və müdafiə nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi də qatılıb. Toplantıdan sonra keçirilən mətbuat konfransında Çirpas Türkiyənin Kipr sahillərində apardığı axtarış tədbirlərini diqqətlə izlədiklərini deyib. Kipr prezidenti Nikos Anastasiadislə telefonla danışdığını bildirən Çirpas deyib ki, onunla bu barədə ortaq mövqedədirlər. Əgər Türkiyə axtarışları davam etdirəcəksə, Yunanıstan və Kipr Avropa Birliyinin bununla bağlı qərar verməsinə çalışacaq.
Rəsmi Ankaranın məsələyə mövqeyi aydındır. Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət öncə “Fetih” gəmisində işləyənlərin həbs edilməsinə dair Kipr rəhbərliyinin həbs tələbini pisləyib, bunun mümkün olmayacağını bildirib: “Gəmidə işləyənlərin həbsinə qərar veriblər. Bunu görməyəcəklər”. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bölgədə Türkiyənin iştirak etmədiyi layihələrin keçərli olmadığını deyib: “Türkiyənin qatılmadığı heç bir anlaşma keçərli deyil. Ağdənizdə biz də varıq”.