Gürcüstan hadisələrinin arxasındakı GÜC

Gürcüstan hadisələrinin arxasındakı GÜC


Gürcüsanda etiraz aksiyasının dağıdılması zamanı 240 nəfər xəsarət alıb. 

Səhiyyə nazirinin müavini Zaza Boxuanın verdiyi məlumata görə, 102 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan iki nəfəri gözünü itirib. Buna səbəb nümayişçilərə rezin güllələrdən atəş açılması olub. Gürcüstan mətbuatının verdiyi məlumata görə, gözünü itirənlərdən biri teleşirkətlərdən birinin əməkdaşıdır. Xəsarət alanların 38-nin polis əməkdaşı olduğu bildirilir. Spontan nümayişdə bir neçə min insan iştirak edib 

Rusiya nümayəndə heyətinin asambleyanın 26-cı sesiyasında iştirakı ilə əlaqədar bir sıra müxalifət partiyası etiraz əlaməti olaraq öz tərəfdarlarını mitinqə çıxmağa çağırıb. Belə ki, nümayəndə heyətinə başçılıq edən Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun sesiyanın açılışında Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşməsi və zalda olanlara rus dilində müraciət etməsi müxalifətin narazılığına səbəb olub. Müxalifət buna yol verdiyi üçün Gürcüstan hökumətini və parlamentin sədrini günahlandırıb. Xatırladaq ki, Qavrilov Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını dəstəkləyir. Bu fakt gürcü siyasətçilərini lap çox əsəbiləşdirib. Müxalifət artıq ölkədə növbədənkənar parlament seçkiləri keçirilənə qədər aksiyaları davam etdirməyə qərar verib. Artıq parlamentin spikeri İrakli Kobaxidze istefa verib. “Avropa Gürcüstanı” Partiyasının liderlərindən biri Gigi Uqulava bəyan edib ki, mitinq iştirakçıları, həmçinin daxili işlər naziri Georgi Qaxariya və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin də istefasını tələb edir.

Sergey Qavrilov isə Rusiya mediasına açıqlamasında heç bir ölkənin ərazisində əlində silah müharibədə iştirak etmədiyini deyib. Rusiyalı deputat mitinqin baş verməsini ABŞ-ın təxribatı kimi dəyərləndirib: “Kütlənin arasında ingilis dilinin Amerika ləhcəsində danışan, antirus və anti-Rusiya məzmunlu plakatlar qaldırmış adamlar gözə dəyirdi”-deyən deputat aksiyanın provaslavlığa qarşı yönəldiyini bəyan edib. Tiflisdə baş verən son hadisələrdə xarici qüvvələrin əli olduğunu söyləmək mümkün olmasa da, ABŞ-la Rusiya arasında geosiyasi nüfuz savaşı özünü açıq büruzə verir. Rusiyalı deputatların ölkədən qovulması, mitinq iştirakçılarını prezident Vladimir Putinin fotoşəkillərini yandırması, Qərbyönlü müxalifətin İvanişvili hakimiyyətini istefaya çağırması spontan siyasi partlayışın ABŞ və Rusiyanın bölgədəki maraqlar toqquşmasından qaynaqlandığını deməyə əsas yaradır. Bunu Gürcüstan prezidentinin bəyanatından da görmək olar. Salome Zurabişvili Tiflisdə baş verən iğtişaşlara görə düşmən və işğalçı Rusiyanı ittiham edib. Lakin prezident Zurabişvilinin açıqlaması ikibaşlı xarakter daşıyb. O, kütləvi aksiyanı dəstəkləyənləri Moskvanın maraqlarına qulluq etməkdə ittiham edib. “Rusiyameyilli beşinci kolon işğaldan daha təhlükəlidir”-deyən prezident yaranmış vəziyyətə görə, sabiq dövlət başçısı Mixeil Saakaşvilini tənqid edib. Prezident Zurabişvili bildirib ki, ölkənin parçalanması və daxili qarşıdurma Rusiyanın əlinə oynayır . 

ABŞ-a və Qərbə sıx bağlı olan Mixeil Saakaşvilinin Rusiyanın maraqlarına qulluq etməsi təbii ki, inandırıcı görünmür. Ona görə də Gürcüstan prezidentinin qeyd edilən bəyanatı çox güman ki, daxili ictimai rəyə hesablanıb. Digər tərəfdən, Salome Zurabişvilinin və hakim “Gürcü Arzusu” Partiyasıının lideri Bdzina İvanişvilinin Rusiyayönümlü mövqeyi ilə seçilməsi həm ölkə daxilində, həm də Qərbdə narazılıqla qarşılanırdı. Gürcüstan baş nazirinin müavini Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında işğal altında olan Abxaziya və Cənubi Osetiya üzərindən nəqliyyat əlaqələrini bərpa etmək istiqamətində aparılan danışıqlar, rəsmi Tiflisin “Qazprom” şirkətindən təbii qaz idxalını artırmaq niyyəti Kremlin bölgədə təsir imkanlarını genişləndirirdi. Bu da Qərbdə narahatlıq doğurmaya bilməzdi. Çünki NATO-ya üzv olmağa hazırlaşan Gürcüstanın yenidən Rusiyanın təsir dairəsinə keçməsi ABŞ-ın geostrateji planları ilə ziddir. ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən həftə Baş nazir Mamuka Baxtadze ilə görüşündə Gürcüstanın NATO-ya qəbulunu dəstəklədiyini bəyan edib. Lakin ABŞ-ın bu planları heç də Gürcüstan hakimiyyətinin siyasəti ilə tam eynilik təşkil etmir. Prezident Zurabişvili may ayında KİV-ə açıqlaması zamanı ABŞ hərbi bazalarının Gürcüstanda yerləşdirilməsinin əleyhinə olduğunu bildirmişdi. Bundan fərqli olaraq müdafiə naziri İzoriya prezidentin mövqeyi razılaşmayaraq ABŞ-ı Gürcüstanın milli təhlükəsizliyinin təminatçısı adlandırmışdı. 2019-cu ilin dekabr ayında iki ölkə arasında strateji təhlükəsizliyin genişləndirilməsinə dair sazişin imzalanması gözlənilir ki, həmin sənəd ABŞ hərbi bazalarının Gürcüstanda yerləşdirilməsi üçün hüquqi əsas yarada bilər. Yəni Qara dəniz və Cənubi Qafqaz uğrunda rəqabətin artdığı, eləcə də Gürcüstanın NATO-ya daxil olmaq istədiyi bir vaxtda bu ölkədə ABŞ-Rusiya qarşıdurması gözlənilən idi.

Ancaq Gürcüstandakı olayların ilk növbədə, Rusiya ilə bağlı bir proses olduğunu söyləmək real görünmür. Təbii ki, Rusiya amili danılmazdır. Çünki ABŞ-ın bölgədə geosiyasi mövqeyini möhkəmlətmək səyləri açıq hiss olunur. Bu məqsədlə Vaşinqton Rusiyaya yaxınlaşan Gürcüstan hakimiyyətinə ciddi təzyiq göstərməyə başlayıb. Əgər müxalifətin aksiyaları davamlı olarsa və ölkədə növbədənkənar parlament seçkiləri gündəmə gələrsə, o zaman 2012-ci ildən bəri ilk dəfə olaraq, Rusiya ilə loyal münasibətlərə malik İvanişvili iqtidarının mövcudluğuna son qoyula bilər. Bu halda, Mixeil Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyasının qələbə şansı çox yüksəkdir. ABŞ-ın regionda güclənməsinə Rusiya reaksiyasız qala bilməz. Bu dəyişiklik Rusiyanın Ermənistandakı mövqelərinə və Paşinyan hökumətinin xarici siyasət kursuna da təsirsiz ötüşməyəcək. Gürcüstandakı hadisələrlə eyni gündə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü zamanı Dağlıq Qarabağ probleminin həllinə dair yeni təkliflərin irəli sürülməsi təsadüfi görünmür. 

ABŞ-ın Cənubi Qafqazda geostrateji mövqelərini gücləndirməsi hazırkı mərhələdə, ilk növbədə İran ətrafında cərəyan edən proseslərin tərkib hissəsi hesab oluna bilər. Çünki Fars körfəzi regionunda silahlı qüvvələrini artıran Vaşinqton İranı cənubdan mühasirəyə almağa başlayıb. Hətta prezident Donald Tramp İrana hərbi müdaxilə əmrini vermək qərarına gəlsə də, sonradan fikrindən daşınıb. Ona görə də ABŞ-ın Cənubi Qafqazda mövqelərini möhkəmlətməsi İranın şimaldan mühasirəsini tamamlamaq, eyni zamanda Rusiya ilə quru dəhlizini nəzarətə götürmək məqsədi daşıyır. Bu isə yaxın perspektivdə Cənubi Qafqazda ABŞ, İran və Rusiya arasında geostrateji maraqlar toqquşmasının yeni mərhələyə daxil olacağını göstərir. Cebhe.info


Tarix: 22-06-2019, 17:16
Xəbəri paylaş





Xəbər lenti