Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Gürcüstanın paytaxtı Tiflisin mərkəzində, parlament binası qarşısında etiraz aksiyası keçirilir.
Musavat.com xəbər verir ki, aksiyanı müşahidə edənlər arasında azərbaycanlı siyasi fəal, “Hilal” Təşkilatının rəhbəri Arzuman Abdulkərimov da var. Əməkdaşımıza açıqlamasında A.Abdulkərimov aksiyada baş verənlər və ordakı ab-hava barədə danışdı. Bildirdi ki, hazırda parlament binasının qarşısına minlərlə insan yığışıb və hökumətin istefasını tələb edirlər. Müsahibimizin sözlərinə görə, ilk gün aksiyada 50 mindən çox insanın iştirakı, polisin mitinq iştirakçılarına qarşı zorakılıq tətbiq etməsi bu etirazların davamlı olması ilə nəticələnib: “Həmin gün çoxlu sayda insan yaralandı. Ona etiraz olaraq, hər gün parlamentin qarşısında on minlərlə insan aksiyaya yığışır. Onlar ölkənin daxili işlər nazirini istefa verməsini və növbədənkənar parlament seçkiləri keçirilməsini tələb edirlər. Seçkinin proporsional qaydada keçirilməsi səslənən əsas tələblərdəndir”.
Müsahibimiz bildirdi ki, şəhərin digər bölgələrində mitinq əhval-ruhiyyəsi hiss olunmur. Onun müşahidələrinə görə, təkcə mərkəzdə yollar bağlanıb və parlament binası qarşısında aksiya keçirilir. Tiflisin digər bölgələrində isə həyat öz axarı ilə davam edir: “Hazırda polisin aksiya iştirakçılarına hər hansı müdaxiləsi yoxdur. Birinci gün polisin etdiyi zorakılığa qarşı aqressiyası sakitləşmədiyi üçün bu, mitinq formasında davam edir. Hazırda meydanda çadırlar qurulmayıb. Hər axşam saat 7-də mitinq keçirilir. İndilərdə Gürcüstanın daxili işlər naziri istefa verə bilər, belə bir gözlənti var. Əsasən burda etiraz digər nazirlərə qarşı deyil. Bu, hakimiyyəti kənardan idarə edən İvanaşviliyə qarışıdır. Bu, insanlarda qıcıq yaradır ki, İvanaşvili hakimiyyətdə təmsil olunmadığı halda onu idarə etməyə çalışır, yönəldir. İnsanların narazılığı İvanaşvilinin bu hərəkətlərinə qarşıdır”.
A.Abdulkərimov həmçinin dedi ki, aksiyalar həftənin çərşənbə günü pik nöqtəsinə çatacaq. Belə ki, həmin gün siyasi partiyaların da aksiyaya dəstək verəcəyi gözlənilir. Müsahibimizin sözlərinə görə, hazırda heç bir siyasi partiya rəsmi şəkildə bu aksiyalarda iştirak etmir, liderlər bu etirazlara partiya adından dəstək vermir. Onlar üzvlər şəklində, siyasi şuranın deputatları səviyyəsində aksiyada təmsil olunurlar.