Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər getdikcə gərginləşir.
Srağagün Rusiyadan alınan “S-400” hava hücümundan müdafiə komplekslərinin birinci partiyasının Türkiyə ərazisinə daxil olması münasibətlərdəki gərginliyi pik həddə çatdırıb. Bunun məntiqi nəticəsi olaraq ABŞ Senatı Türkiyəyə “F-35”lərin satışını qadağan edib.
Belə ki, ABŞ Senatının qəbul etdiyi 2020-ci il müdafiə büdcəsi layihəsində Türkiyəyə beşinci nəsil "F-35" təyyarələri və müvafiq texnologiyaların satışına qadağa da yer alıb. Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-ci əleyhinə səs verib. İndi öz büdcə variantları olan senator və Nümayəndələr Palatası üzvləri sənədin birgə versiyasını hazırlamalıdırlar. Ondan sonra sənəd dövlət başçısı tərəfindən imzalanacaq. Qanun layihəsinin mətnində qeyd olunur ki, müdafiə naziri və dövlət katibi Konqresə Türkiyə hökumətinin Rusiyadan “S-400” zenit-raket kompleksi almayacağına dair sübut təqdim edəcəyi təqdirdə, sənəddə istisna ola bilər.
Ağ Evdən Ankaraya mesaj
Qeyd edək ki, bundan öncə də ABŞ dəfələrlə Türkiyəyə Rusiyadan “S-400”lərin alınması prosesini dayandırması üçün ən yüksək səviyyədə xəbərdarlıq edib. Münasibətlərin gərginləşməsi fonunda isə maraqlı siyasi hadisələr baş verir. Belə ki, ötən gün ABŞ Türkiyə səfirini dəyişirib. Belə ki, ABŞ-ın Ankaradakı yeni səfir Devid M.Satterfild olub. Bundan əvvəl isə o, Yaxın Şərqdə, o cümlədən İran körfəzi ölkələrində, Livan və İraqda işləyib. 2013-2014-cü illərdə D.M.Satterfild ABŞ-ın Misirdəki səfirliyində müşavir vəzifəsində işləyib. Bu təyinatın özü belə, maraqlı siyasi gediş hesab olunur. Yeni səfirin işlədiyi ölkələrə diqqət yetirsək, görərik ki, diplomatın ABŞ-ın maraqlarını qoruduğu ölkələrdə hərbi münaqişələr yaşanıb.
Ekspertlər bu təyinatın Türkiyəyə subliminal mesaj olduğu qənaətindədir.
Bundan əlavə, ABŞ-ın Türkiyəyə iqtisadi-siyasi sanksiyalar tətbiq edəcəyi də iddia olunur. Bu haqda ABŞ rəsmiləri müəyyən işarələr vursa da, hələlik bununla bağlı rəsmi məlumat
yoxdur. Gözlənilən isə odur ki, bu kimi məsələlər Türkiyə və ABŞ prezidentlərinin iyul ayında gözlənilən görüşündən sonra konkretlik qazanacaq. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cari ilin iyul ayında Türkiyəyə səfər edə bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın “Nikkey” qəzetinə müsahibəsində bildirib. Belə bir vəziyyətdə Türkiyə də ABŞ-ın ona qarşı olan təzyiqlərini cavabsız qoymaq niyyətində deyil. Belə ki, Ərdoğan Senatın “F-35”lərin Türkiyəyə satışına qadağa qoyulmasına münasibət bildirərkən Vaşinqtonu hədələyib.
Ərdoğan bildirib ki, Türkiyə “F-35” tipli qırıcılar üçün bazar deyil, əksinə, təyyarələrin yaradılması üzrə proqramın iştirakçısıdır.
“Türkiyə artıq proqramın reallaşdırılmasına 1,25 milyard dollar ödəyib. Biz bu proqramdan çıxmaq niyyətində deyilik. Əgər ABŞ tərəfi Ankaranı bu proqramdan çıxarmağa cəhd etsə, Türkiyə beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcək və öz pullarını geri qaytarmağı tələb edəcək” - deyə, Ərdoğan ABŞ-ın qərarına cavab olaraq deyib.
Maraqlıdır ki, belə bir fonda NATO-nun Türkiyədə icarəyə götürdüyü İncirlik hərbi bazasının bağlanması məsələsi gündəmə gəlib. Bu da Türkiyənin ABŞ-a növbəti təzyiq vasitəsi kimi qiymətləndirilir.
“Bu prosesə etirazlar başlaya bilər”
Politoloq Qabil Hüseynli ABŞ-Türkiyə münasibətlərində yaşanan son prosesləri “Cümhuriyət” qəzetinə şərh edib. Q.Hüseynli bildirib ki, Şimali Atlantika Bloku, başda ABŞ olmaqla çox az şey uduzacaq. Ən çox uduzan tərəf isə Türkiyə olacaq:
“Bütün bu “S-400” Rusiya-Türkiyə yaxınlaşması bir nəfərin siyasi iradəsinin ifadəsidir. Türkiyə xalqının bu proseslərə rəğbətlə yanaşdığı qənaətində deyiləm. Ərdoğan Türkiyə xalqının başına nələr gələ biləcəyini hesablaya bilmir. Vaxtilə NATO-nun sayəsində SSRİ tanklarından xilas olan Türkiyə indi NATO-ya arxa çevirmiş kimi görünür. Tarixin o qədər də uzaq olmayan dövründə baş vermiş müharibəyə etinadsızlıqla yanaşılması anlamsızdır. Maraqlıdır ki, “S-400”lər Türkiyənin hansı hava sahəsini və kimdən qoruyacaq? Söhbət Ermənistan tərəfdən gələ biləcək təhlükədən gedirsə, “S-400”lərin heç bir əhəmiyyəti yoxdur. Çünki Rusiya ona qarşı daha təsirli vasitələrdən istifadə edə bilər. Qara dənizin şimalından ehtiyat edirlərsə, ora da Rusiyanın daxil olduğu zonadır. Yunanıstandan ehtiyatlanmaq mənasızdır, çünki Türkiyə yunanlarla birgə Şimali Atlantika blokuna daxildir. Ölkənin şimalında İraq və Suriya var. Onların güclü hava hücumu sistemləri, nə də güclü raket kompleksləri yoxdur. Türkiyə bütün bunların fonunda Rusiyadan bir dəfəyə 3.5 milyard dollar ödəyərək 5 divizyon “S-400” alır. Bunların hara yerləşdiriləcəyi təəccüblüdür.
Hər bir silahın strateji təyinatı var. Strateji əhəmiyyət kəsb edən keyfiyyətləri var. Hesab edirəm ki, NATO-nun hava hücumundan müdafiə sistemi Türkiyənin səmasını daha effektli qoruyurdu. Bu qoruma sistemində isə “Patriot”lardan istifadə edilirdi. Türkiyə bunun üçün 1 qəpik belə ödəmirdi. İndi isə birdən birə pomidorun, kartofun və digər kasıb əhalinin istifadə etdiyi məhsulların 10-20 lirə olduğu bir vaxtda, 3.5 milyard dolları ruslara verməyə dəyərdimi? Özü də uzağı 10 ildən sonra “S-400”lər adi dəmir parçasına çevriləcək. Düşünürəm ki, Türkiyə xalqı bu prosesə öz münasibətini İstanbul seçkilərində bildirdi. Bu prosesə nizamlanmış etirazlar, aksiyalar bir azdan başlayacaq”.
İncirlik hərbi bazasının bağlanması məsələsinə gəlincə isə, Q.Hüseynli deyib ki, bu, indiki zamanda real görünmür: “ABŞ bunu istəməyəcək. Çünki İncirlik bazasına xeyli vəsait sərf edilib.
Eyni zamanda İncirlik bazasına görə, Türkiyə böyük məbləğdə icarə xərci alır. Ona görə də hesab edirəm ki, Türkiyə bu məsələdə səssiz qalmağa üstünlük verəcək. ABŞ-a isə hələlik Yaxın Şərqdə hərbi baza lazımdır. Amma həmin bazanın oxşarını Bərzaninin rəhbəri olduğu Şimali İraqda, kürdlərin yaşadığı ərazidə artıq qururlar. Hətta buna bənzər hərbi bazanın birini də Suriyanın şimalında, Türkiyəyə yaxın bölgədə qururlar. Yəni Türkiyə elə hesab edir ki, geostrateji baxımdan önəmli bölgədə yerləşir. Amma ABŞ üçün İraq və Suriyanın ərazisi daha strateji önəmə malikdir və bundan da istifadə olunur”.
Tramp Türkiyəyə gələcək?
Trampın iyul ayında Türkiyəyə gözlənilən səfərinə gəlincə isə, Qabil Hüseynli qeyd edib ki, son baş verən hadisələrdən sonra bu səfər də təxirə salına bilər: “Osakada G-20 samiti toplanıb. Trampın həmin toplantıda ola bilər ki, Ərdoğanla 1 saatlıq görüşü olsun. Görüşdə müəyyən məsələlər müzakirə oluna bilər. Görüş ərəfəsində “S-400”lərin birinci partiyasının Türkiyəyə gətirilməsi görüşün baş tutmamasına da səbəb ola bilər. Baş tutsa da, Tramp gəlib salamlaşıb gedəcək.
Trampın Türkiyəyə səfərinin təxirə salınma ehtimalı da var. Əgər “S-400”lər Türkiyəyə gətirilməsəydi, proses əvvəlki axarında davam edəcəkdi. “S-400”lərin Türkiyə ərazisinə daxil olması hər şeyi dəyişdi. Bunun ardınca sanksiyalar, ölkənin daxilində əhalinin etirazları başlayır. Bu prosesin gedişatında Türkiyədə siyasi dəyişikliklər də gündəmə gələ, ölkədə ağılagəlməz hadisələr baş verə bilər”.
Vilayət Muxtar
Cebhe.info