Prezident sarayından sonra: Kimi kəndə, kimi universitetə, kimi pul qazanmağa...


Prezident sarayından sonra: Kimi kəndə, kimi universitetə, kimi pul qazanmağa...

Rusiya Prezidenti Vladimir Putin dövlət başçısı kreslosunu təhvil verdikdən sonra planlaşdırdığı həyat haqqında danışıb.

Rusiya lideri bildirib ki, 5 il sonra nəylə məşğul olacağı barədə qəti danışmaq hələ tezdir. Öz postunda onu hələ xeyli iş gözləyir: "Qarşıda hələ 5 il gərgin iş var. Dünyada izlədiyimiz bu dinamika ilə proqnoz vermək çox çətindir. İnanın ki, məşğul olmaq üçün kifayət qədər iş var". 

Prezident qeyd edib ki, Rusiyanın inkişafı ilə bağlı planları istənildiyi kimi icra etmək bəzən mümkün olmur. Bu, ölkədəki qeyri-stabil iqtisadi durum, sanksiyalarla bağlıdır. Putin vurğulayıb ki, hazırda dünya ictimaiyyəti qarşısında kifayət qədər böyük vəzifələr durur. Dövlət başçısı insanları ümumi işə xeyir verməyə çağırıb. Məlumdur ki, dünyada ən çox müzakirə edilən mövzulardan biri də heç şübhəsiz ki, dövlət başçılarının Prezidentlikdən sonra hansı işlə məşğul olmaları, hazırda harada olmalarıdır. Uzun illər davam edən prezidentlik dönəmi, lüks yaşam, tədbirlər, dəvətlər və birdən-birə təqaüdçü kimi bir küncə çəkilib, həyata davam etmək prezident olmuş şəxslər üçün heç də asan keçid sayılmaz.

İlk əvvəl Rusiya rəhbərlərinin prezidentlikdən sonrakı fəaliyyətlərini baxaq:

Boris Yeltsin.

1999-cu ilin dekabrın 31-də günorta saatlarında Boris Yeltsin Yeni il münasibətilə rus xalqını təbrik etdikdən sonra prezidentlik müddəti başa çatmadan istefa verdiyini bəyan edib. Boris Yeltsin bundan sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. 2007-ci ildə 76 yaşında uzun sürən ürək xəstəliyindən vəfat edib. O, hərbi qarovulun müşayiəti ilə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub. Yeltsinin dəfn mərasimi televiziya vasitəsi ilə canlı yayımlanıb. Dmitri Medvedyev- 2008- ci ilin mart ayında keçirilən Prezident seçkilərində Rusiya Federasiyasının növbəti, üçüncü Prezidenti seçilib. 7 may 2008-ci ildə onun andiçmə mərasimi keçirilib. Dmitri Medvedyev 2012-ci il Rusiya Federasiyası Prezidenti seçkilərində iştirak etməyəcəyini və bu vəzifəyə Vladimir Putinin namizədliyini irəli sürdüyünü elan edib. Hazırda isə o, Baş nazir kimi fəaliyyət göstərir.

Bəs digər dünya liderləri prezidentlikdən sonra hansı fəaliyyətlə məşğul olub? 

Azərbaycan prezidentləri

Ayaz Mütəllibov 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın Prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sesiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə o, 1992-ci il martın 6-da istefa verir. Həmin ilin mayın 14-də Ayaz Mütəllibov Ali Sovetdəki komunist deputatların köməyi ilə hakimiyyətə qayıtmağa cəhd edir. Lakin onun ikinci hakimiyyəti 1 gün çəkir. Xalq hərəkatının tələbi ilə Ayaz Mütəllibov postundan əl çəkir və ölkəni tərk edir. O 1992-ci ildən Moskvada yaşamağa başlayır. Azərbaycanın eks-prezidenti 2012-ci il iyulun 7-də Bakıya dönüb. Hazırda isə heç bir siyasi fəaliyyətlə məşğul deyil. 

Çağdaş Azərbaycan xalq hərəkatının lideri, ölkənin ikinci Prezidenti Əbülfəz Elçibəy. O, 1992-ci ilin 7 iyununda ümumxalq səsverməsi ilə ölkənin Prezidenti seçilib. Hakimiyyətdə olduğu illərdə bir sıra uğurlu islahatlar aparıb. Bir il sonra, 1993-cü ilin iyununda Gəncədə baş vermiş hərbi qiyamdan sonra vətəndaş qarşıdurmasına yol verməmək üçün paytaxt Bakını tərk etmək zorunda qalır. Əbülfəz bəy 4 il 4 ay Ordubad rayonun Kələki kəndində yaşayır. 1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrilir. 

Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaradır və quruma rəhbərlıik edir. Böyük Britaniyanın sabiq Baş naziri Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy 1997-ci idlə Türk Xalqları Asambleyasının fəxri sədri seçilir. Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 62 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşub. 

Ukrayna prezidentləri

Leonid Kuçma - 19 iyul 1994-cü ildə Ukrayna Prezidenti olub. Kuşma 11 il ölkəyə rəhbərlik edib. 23 yanvar 2005-ci ildə prezidentlik fəaliyyətini başa çatdırıb. Prezidentlik müddəti bitəndən sonra dövlət Kuçmanı ömürlük təqaüdlə təmin edilib. O, eyni zamanda Leonid Kuçma adına Prezident fonduna da rəhbərlik edib. Kuçma hazırda Ukrayna Prezidenti Vladimir Zelenskinin Donbas münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsidir. Viktor Yuşşenko - 2005-ci ilin 23 yanvarından 2010-cu ilin 25 fevralına qədər Ukraynada Prezident olub. Prezident fəaliyyətini başa çatdırdıqdan sonra o, siyasətlə məşğul olmaq istədiyini bildirib. Eks-prezident Viktor Yuşşenko adına institut yaradıb. Bununla yanaşı o, “Mistik arsenal” və “Gələcəyin xəstəxanası” adlı təşkilatlarını da yaradıb. 

ABŞ prezidentləri

ABŞ-ın eks-prezidentləri də maraqlı həyat yaşayıblar. Amerikanın 38-ci prezidenti Cerald Ford Ağ Evi 63 yaşında tərk edib. Bundan sonra o, Respublikaçılar Partiyasında öz siyasi fəaliyyətini davam etdirib. Ford eyni zamanda qolfla məşğul olub. O, 2000-ci ildə keçmiş rəqibi Karterlə birlikdə mövcud seçki sistemini tənqid etməsi ilə yadda qalıb. 1980-ci ildə Ronald Reyqana uduzsa da, Cimmi Karter özünü amerikalıların gözündə reabilitasiya etməyi bacarıb. Cimmi Karterin Yaxın Şərqdəki böhranla bağlı fikirlərini bu gün də dinlənilir. Eks-prezident ABŞ-da seçki sisteminin dəyişdirilməsi ilə bağlı kampaniya da aparıb və bu kampaniya ilə də məşhur olub. O, həmçinin Corciya ştatında yerləşən məktəblərdən birində də dərs deyib. Klinton administrasiyası zamanı Karter planetin qaynar nöqtələrində Ağ Evin müstəqil səfiri funksiyasını icra edib. Misiyasını uğurla yerinə yetirib. Cimmi Karter eyni zamanda xeyriyyə fəaliyyəti ilə də məşğul olub. Klinton kimi Karter də olduqca cavan eks-Prezident olub. O,56 yaşında Ronald Reyqana uduzaraq prezidentlik fəaliyyətini başa çatdırıb və Ağ Evi tərk edib. Ronald Reyqan Amerikanın ən yaşlı prezidenti olub. O, aktyor və qubernator fəaliyyətləri ilə də məşğul olub. Reyqan 78-ci doğum gününü prezident seçkilərində qalib gəldikdən bir ay sonra Ağ Evdə keçirib. Onun yaddaşsızlıq xəstəliyinin əlamətləri özünü 1992-ci ildə göstərməyə başlayıb. Həmin vaxt eks-prezident “İran kontras” işi üzrə məhkəmədə ifadə verib. Prezidentlik fəaliyyətindən sonra o, qapalı həyat tərzi keçirib və publika qarşısına çıxmayıb. 

Ata Corc Buş

C.Buş Ronald Reyqandan sonra dörd il ABŞ Prezidenti olub . O, 1992-ci ildə Prezident kimi fəaliyyətini dayandıraraq kürsüsünü Bill Klintona təhvil verib. Buşun prezidentliyə qədərki karyerası olduqca zəngin və rəngarəng olub - MKİ direktorluğundan ABŞ-ın Çindəki səfirinə qədər çalışıb. Buş iki oğlunun Texas və Florida ştatlarındakı qubernator fəaliyyəti zamanı onlara məsləhətçilik də edib. Kiçik Corc Buş ABŞ Prezidenti olduqdan sonra eks-Prezident bilərəkdən “Prezident atası” rolundan uzaqlaşıb. O, bunu oğlunun siyasi taleyinə ziyan vurmamaq üçün edib. Amma Buş, oğlunun prezident fəaliyyətinə görə hər zaman qürur duyduğunu da bildirib. 

Bill Klinton 

Prezident karyerası bitsə də, amerikanların böyük qismi bu gün də ölkədəki problemlərə görə B.Klintonu cavabdeh hesab edir. 54 yaşında Ağ Evdən ayrılan Bill Klintonun qarşısında müxtəlif istiqamətlər olsa da, o, öz istedad və gücünü hansı sahəyə qoyacağına qərar verməyib. Oğul Corc Buş - ABŞ-ın tarixində ikinci oğul-Prezidentdir.
Qeyd edək ki, birinci oğul Prezident ABŞ tarixinin ilk çağlarında olub. ABŞ-ın ikinci və altıncı Prezidentləri olan Con və Con Kuins Adamslar da ata-oğul olub . Corc Buş Ağ Evdən ayrıldıqdan sonra yazar kimi fəaliyyət göstərib. Atası barədə kitab yazması isə böyük diqqət çəkib. 300 səhifəlik kitabın ilk tirajı 1 milyon nüsxə olub. 2010-cu ildə Crown Publishers kiçik Buşun “Həlledici qərarlar” adlı bestsellerə çevrilmiş memuarlarını nəşr etdirib. Oğul Buş bununla yanaşı, rəssamlıq da edib. O, bir sıra dünya liderlərinin portretini çəkib. Rusiya Prezidenti Putin və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleerin portretlərini sərgidə nümayiş etdirib. 

Barak Obama

Amerikanın 44-cü Prezidenti olan Obama 2008-ci il Prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olub. O, 2008-ci il noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-ın 44-cü Prezidenti seçilib. 

2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülmüşdür. 20 yanvar 2017-ci ildə ABŞ Prezidenti postunu Donald Trampa təhvil verib. Ağ Evi tərk etdikdən sonra Obamanın Vaşinqtonda Ağ evdən çox da uzaq olmayan Kalorama rayonunda yaşayacağı, evin kirayələnməsiylə bağlı məlumat verilmişdi. Onun tutduğu ofis də Ağ evin yaxınlığındadır, B.Obama Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Vaşinqtondakı qərargahında kirayələdiyi ofisdə işləyir. Burda o, köməkçilərinin dediyinə görə, amerikalıların tibbi xidmətdən asanlıqla istifadə edə bilməsi, ölkəyə uşaqkən gəlmiş və bəzi müavinətlərdən məhrum miqrantların haqları uğrunda mübarizə aparır. Bildirək ki, Amerika Universitetində Konqres və Prezident Araşdırmaları Mərkəzinin direktoru Ceyms Truber Obamanın Prezidentlik fəaliyyətindən sonra «Chicago Tribune»a müsahibəsində qapıların çoxunun B.Obamanın üzünə açıq olacağını demişdi: «O gəncdir, sağlamdır, ağıllıdır, xarizmatikdir və demokratiyamızın inkişafını istəyir, dünyaya yardım etmək arzusundadır. Görə biləcəyi çox iş var».

Səyad Həsənli
Cebhe.info

Tarix: 9-07-2019, 21:21
Xəbəri paylaş





Xəbər lenti