Ermənistan anti-İran koalisiyasında


Ermənistan anti-İran koalisiyasında

Nəzakət Məmmədova: “Bu, Paşinyanın bacarığından asılıdır”

İsrailin Ermənistana təyin olunmuş yeni səfiri Eliav Belatserkovskinin ölkəsinin regiondakı maraqları ilə bağlı açıqlama verib. İsrailin Azərbaycana nə üçün silah satdığına dair jurnalistlərin sualına diplomat belə cavab verib: “İsrailin öz maraqları, Ermənistanın öz maraqları var”.  “Mənim məqsədim Ermənistanla münasibətləri inkişaf etdirməkdir. Biz Ermənistanla münasibətləri prioritet hesab edirik və onu möhkəmlətmək, davamlı etmək istəyirik”-deyə, səfir bildirib. 

Onun sözlərinə görə, İsrailin Cənubi Qafqazdakı geosiyasi maraqları iki məqsədi-enerji resurslarının fasiləsiz təhcizatını və İran ətrafında koalisiyanın formalaşdırılmasını diktə edir. 

Eliav Belatserkovsinin bu açıqlaması Ermənistan mediasında tənqidi şəkildə şərh olunub. Qeyd edilir ki, İsrailin bölgədə ən birinci strateji müttəfiqi Azərbaycandır. Təl-Əviv Ermənistana və Qarabağa qarşı istifadə olunan milyardlarla dollar dəyərində müasir hərbi texnikanı Azərbaycana satır. “İsrail üçün Azərbaycan anti-İran platsdarmdır. Təl-Əviv Azərbaycan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə yatırıb və Azərbaycan ordusunun modernləşdirilməsini dəstəkləyir. Gürcüstana gəlincə, bu ölkə Təl-Əviv üçün Azərbaycanın və Xəzərin enerji daşıyıcılarının Türkiyə vasitəsilə İsrailə çatdırılması üçün mühüm lojistik dəhliz rolunu oynayır. 

Ermənistan isə on illərdir İranın strateji müttəfiqidir və ABŞ-ın və İsrailin formalaşdırmaq istədiyi anti-İran koalisiyasına qoşula bilməz. Ermənistan üçün İran fəal erməni icmasının yaşadığı dost ölkədir. İran həmişə Cənubi Qafqazda, o cümlədən Qarabağ məsələsində balanslaşdırılmış siyasət yürüdüb. Əgər Ermənistan anti-İran koalisiyasına qoşulsa, bu öz dövlətçiliyinin sonunun başlanğıcı olacaq”. 

İsrailin Ermənistanda maraqlarına gəlincə, bu ölkədə Təl-Əvivin arxalana biləcəyi yəhudi icması yoxdur. Ölkənin iqtisadiyyatı isə ağır vəziyyətdədir. Əgər Təl-Əviv əməldə Ermənistanla münasibətləri inkişaf etdirmək istəyirsə, iqtisadiyyata investisiya qoymalıdır. Bu isə hələ müşahidə olunmur. 

İsraillə Ermənistan arasında əlaqələrin genişlənməsinə İran çox həssas reaksiya verəcək. Çünki anti-İran koalisiyasının formalaşmasında məqsəd İran İslam Respublikasını şimaldan blokadaya almaqla, Cənubi Qafqaz ölkəsindən və Rusiyadan ayırmaqdır”. 

Məqalədə o da qeyd edilir ki, İsrail Azərbaycanı silahlandırdıqca, bu həmişə Ermənistanla münasibətlərdə öz əksini tapacaq. 

Politoloq Nəzakət Məmmədova hesab edir ki, tarixən ermənilər yəhudilərə mənfi münasibəti ilə seçilib. Ermənilər ənənəvi olaraq, yəhudilərin düşmənləri ilə dostluq edib: 

“İranla Ermənistan tarixən müttəfiq olub. Farslar və ermənilər etnik mənşəyinə görə, özlərini yaxın hesab edir. Farslar tarix boyu erməniləri dəstəkləyib. Qarabağ müharibəsi dövründə də İran işğalçı Ermənistana dayaq olub və bu gün də həmin siyasət davam etdirilir. İran kimi bir müttəfiqn zəifləməsi, çöküşü Ermənistanın milli maraqlarına ziddir. Digər tərəfdən, ermənilərlə yəhudilər arasında ziddiyyət olub. Ermənilər özlərini yəhudilərə oxşatmağa, yəhudilər kimi “soyqırıma məruz qalmış xalq” obrazı yaratmağa çalışmaqla nə isə əldə etməyə çalışıblar. Yəhudilər də ermənilər də səpələnmiş xalq olub. Ona görə də ermənilər yəhudiləri təqlid etməyə, özlərini onlara oxşatmağa çalışıb. Ona görə də iki xalq arasında rəqabət yaranıb. Eyni zamanda, İsrailin Azərbaycanla siyasi, iqtisadi, hərbi müttəfiq olmasından, Cənubi Azərbaycan məsələsindən ehtiyat edən Tehran rejimi Cənubi Qafqazda güclü balans yaratmaq üçün Ermənistanla dostluq nümayiş etdirir. Bu səbəblər erməniləri də narahat edir. Amma bir məsələyə münasibətdə Ermənistan hakimiyyətində ikitirəlik yaranıb. ABŞ-ın və yəhudi lobbisinin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan Qərbin maraqlarını nəzərə alır. Hakimiyyətdəki hərbi qanad və “Qarabağ klanı” isə Rusiya-İran meyilli mövqe tutur. Ona görə də Ermənistanın hərbi-siyasi elitası arasında fikir ayrılığı müşahidə olunur. Eyni zamanda, Dağlıq Qarabağ problemi də bu prosesə təsir göstərir. İsrail isə Azərbaycana yaxın dostu, müttəfiqi kim i baxır, ordumuzu gücləndirmək üçün müasir silahlar verir. İsraillə Azərbaycanın maraqları üst-üstə düşür. Ermənilər isə tarixən ərəblərlə və farslarla dostluq münasibəti qurub. Yəhudilər 5 min il əvvəl öz torpaqlarından didərgin düşüb. Amma ermənilər Yaxın Şərqdə ərəblərlə bir yerdə yaşayıb, qaynayıb-qarışıb. Ermənilərin İsraildən daha çox ərəblərlə yaxın münasibəti var. 

Həm Ermənistan, həm İran işğalçı ölkələrdir. İran Ermənistan üçün “nəfəslik” rolu oynayıb. İndi də Ermənistan sanksiyalarla üz-üzə qalan İran üçün dünyaya çıxış qapısıdır. İran iş adamları Ermənistanda, Dağlıq Qarabağda bizneslə məşğul olur. Ermənilər düşüncəsinə görə farslarla daha çox yaxındır. İsrailin Ermənistandakı səfiri də başa düşür ki, o dost ölkədə deyil. Digər tərəfdən, Rusiya Ermənistanın anti-İran koalisiyasına qoşulmasına razı olmaz. Amma bu ABŞ-ın hakimiyyətə gətirdiyi Paşinyanın siyasi iradəsindən də çox şey asılıdır. Hələlik, Paşinyan sadəcə, Baş nazirdir. Paşinyan orduya, İranla sərhəddə tam nəzarət etmək imkanına mailk deyil . İsrailin səfiri ona lazım olan dəstəyi verəcək. Əgər Paşinyan bacarıq nümayiş etdirə bilsə, ABŞ-ın və Qərbin maraqlarını həyata keçirəcək. Əgər uğur qazana bilməsə, həm Paşinyan, həm də səfir üçün çətin olacaq”.//Cebhe.info//


Tarix: 13-07-2019, 21:38
Xəbəri paylaş





Xəbər lenti