İrana qarşı iki cəbhədən HÜCUM


İrana qarşı iki cəbhədən HÜCUM

ABŞ Hörmüz boğazında tankerlərin sərbəst hərəkətini təmin etmək üçün beynəlxalq koalisiya yaradır. 

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlamasınada bildirib. Onun sözlərinə görə, bu patrul xidmətində məqsəd regiondakı ticarət yolunu açıq saxlamaqdır: “İstəyirik ki, onlar sadəcə, bütün dünyada terroçuluq fəaliyyətini dayandırsınlar”. Mayk Pompeo Britaniyanın körfəzdən keçən gəmilərinin özünün qorumalı olduğunu deyib.

Onun bu sözləri iki ölkənin Donald Trampın İranın su sərhədlərindən kənarda hərəkət edən gəmi və tankerlərin təhlükəsizliyini təmin etmək üçün Amerika Birləşmiş Ştatlarının başçılığı ilə koalisiya qurulması mövzusunda fikir ayrılığı olduğunu göstərir.

Dövlət katibi qeyd edib ki, gəmilərini qorumaq İngiltərənin öz öhdəliyidir. ABŞ öz üzərinə düşəni etməyə mükəlləfdir.

Dövlət Departamentinin rəhbəri Londonla Tehran arasında yaranan ziddiyyətlərin səbəbinin ABŞ sanksiyaları olmadığını, İranın regionda həyata keçirdiyi düşmənçilik siyasətinin bir parçası olduğunu deyib. Diplomat İranın İngiltərəyə məxsus gəmini saxlamasını beynəlxalq sularda bir dövlət tərəfindən həyata keçirilən dəniz quldurluğu adlandırıb.

Vaşinqton bir müddət əvvəl bir sıra ölkələrlə belə bir koalisiya yaradılması yönündə danışıqlar aparıldığını bəyan etmişdi.

Qeyd edək ki, ABŞ son aylar Oman körfəzində və Hörmüz boğazında neft tankerlərinə hücumların təşkilini, o cümlədən Böyük Britaniyaya məxsus “Stena Bulk” gəmisinin saxlanılmasını İran İslam İnqilabı Keşikçiləri Korpusunun terror aktı kimi qiymətləndirib. Eyni zamanda, rəsmi London kəşfiyyatı İranın Avropa və Britaniya terror aktları hazırlaması barədə məlumat yayıb. 

Bu baxımdan, ABŞ-ın Hörmüz boğazında gəmilərin təhlükəsizliyi məqsədilə beynəlxalq koalisiya yaratması İrana qarşı hərbi alyansın formalaşmasının ilk addımı ola bilər. İqtisadi sanksiyalardan sonra, bu, İrana qarşı növbəti çəkindirmə tədbiridir. 

Birliyə ilk növbədə, bölgənin ərəb dövlətləri daxil olacaq. Ona görə də Hörmüzdə gəmilərin hərəkətinə nəzarət ABŞ-a xeyli müddətdir planlaşdırılan “Ərəb NATO”-sunu formalaşdırmaq imkanı yarada bilər. Belə bir alyans qurularsa, Böyük Britaniyanın da orada yer alacağı ehtimalı yüksəkdir. Bu isə regionda hərbi qarşıdurmanın artmasına səbəb olacaq. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Hörmüz boğazında tankerlərin təhlükəsizliyi məqsədilə yaradılmış koalisya yaxın perspektivdə İrana qarşı hərbi alyansa çevrilə bilər:

“Bu məsələ özünü əsasən Yəmən cəbhəsində, Suriya və İraqda göstərə bilər. Ümumiyyətlə, bu koalisiyanın İranın dəstəklədiyi silahlı terror qruplaşmalarına qarşı cəbhə halında birləşməsi ehtimalı yüksəkdir. Qərbin İranla bağlı siyasətində bir neçə istiqamət var. Onların ən əsası İranın Yaxın Şərqdə nəzarətdə saxladığı bölgələrdən sıxışdırılıb çıxarılmasıdır. Bunun da ən birinci yolu hərbi alyansın yaradılmasından keçir. 

Xatırladaq ki, “Ərəb NATO”-sunun yaradılması məsələsi gündəmə gəlmişdi. Bununla bağlı danışıqlar aparılırdı. Doğrudur, ikitərəfli razılaşmalara əldə olunsa da, bu proses geniş formatı əhatə etmədi. Hadisələrin son gedişi onu göstərir ki, ABŞ da, Britaniya da belə bir koalisiyanın yaradılmasında israrlıdır. Fars körfəsizndəki ərəb ölkələrini də bu birliyə daxil etməyə çalışacaqlar. İlk növbədə isə söhbət Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bu koalisiyaya cəlb edilməsindən gedir. 

Əgər proseslər bu istiqamətdə davam edərsə, körfəzdə vəziyyət gərginləşəcək. Amma İran rəsmilərinin açıqlamalarına diqqət yetirsək, rəsmi Tehranın daha loyal bəyanatlar verdiyini müşahidə etmək olar. Qarşılıqlı ittihamlar davam etsə də, rəsmi Tehran hadisələrin heç də İranın xeyrinə cərəyan etmədiyini anlamağa başlayıb. Bu mənada İranın istər Hörmüz boğazında, istərsə də, digər nöqtələrdə siyasətini nə qədər yumşaltmasından çox şey asılıdır. Əgər yumşaltmasa, böyük gərginlik yarana bilər”. /Cebhe.info/


Tarix: 25-07-2019, 23:48
Xəbəri paylaş





Xəbər lenti