Rusiyada “şənbə inqilabları” – Kreml çətin durumda


Hikmət Hacızadə: “Bu etirazların bir nəticəsi olacaq”; Əhəd Məmmədli: “Rusiyada növbəti inqilab baş versə...”

Rusiyadakı etiraz aksiyaları səngimək bilmir. Sentyabrın 8-də Moskva Şəhər Dumasına keçiriləcək seçkilərlə bağlı bəzi namizədlərin qeydə alınmaması ilə əlaqədar keçirilən nümayişlər artan xətlə gedir. Aksiyalar daha çox həftənin son günlərinə təyin olunur.

Avqustun 3-də təşkil olunan icazəsiz aksiya daha sərt olub və asayiş keşikçiləri güclə təhlükəsizliyi bərpa etməyə nail olublar. Mindən çox etirazçı saxlanılıb. İndi isə gözlər avqustun 10-11 tarixlərinə dikilib. Həmin günlərdə namizədliyi qeydə alınmayan Dmitri Kloçkov və Gennadi Qudkovun ofisinin başçısı Elvira Vixareva aksiya keçirmək üçün Moskva meriyasına müraciət ediblər.

Rus telekanalları paytaxtdakı aksiyalarda iştirak edənlərin əksəriyyətinin əyalətlərdən gətirildiyini bildirirlər. Eyni zamanda, ekspertlərin cərəyan edən proseslərlə bağlı şərhləri ən müxtəlifdir. Aksiyalarda Rusiyaya qarşı sanksiyalar tətbiq edən Amerika başda olmaqla Qərb dairələrinin izini axtaranlar da az deyil. Kreml sahibi Vladimir Putin hakimiyyəti üçün bu etirazların hansı sonuclarla nəticələnəcəyi də ciddi müzakirə edilir. Çoxları indiki şəraitdə Rusiya xalqı arasında hələ ki nüfuzunu saxlamağa nail olan Putin iqtidarına böyük təhlükə görmür. Lakin son illərdə bu tipli aksiyaların getdikcə artmasının, xüsusilə, Aleksey Navalni kimi müxalifət liderinin meydana çıxmasının sonunda Putinə başağrısı ola biləcəyi göz önündədir.

HikmÉt HacızadÉ ile ilgili görsel sonucu

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə səslənən iddiaları əsassız sayır: “Bu aksiyalarda Qərb dairələrinin əlinin olduğunu düşünmürəm. Aksiyaları başladan şəxslər namizədlikləri qeyd alınmayanların komandasıdır. Sonradan onlara xeyli sayda adamlar qoşulub. Kimsə deyə bilər ki, Rusiyaya qarşı sanksiyalara görə aclıq baş verib, böhran yaşanır və bu məhz bu səbəbdən aksiyalar baş verir. Bu başqa məsələ olardı. Bəzi ölkələrdə etirazlar olan kimi xarici dairələrin əllərinin olduğu iddiaları hər zaman ortaya atılır. Bunlar mənasız iddialardır. Orada böyük ədalətsizlik baş verib. Müstəqil namizədlər qeydə alınmayıb. Deyiblər ki, sizin imzalarınız saxtadır. Saxta çıxarılan minlərlə imza sahibi gəlib deyib ki, bu şəxsiyyət vəsiqəmin nömrəsidir, imza da mənə məxsusdur. Amma yenə qeydə almayıblar. Rus kanallarının etirazçıların böyük qisminin əyalətlərdən gətirildiyi barədə dedikləri sadəcə, gopdan başqa bir şey deyil. Ola bilər ki, əyalətlərdən də aksiyalara qatılanlar olsun. Bu da normal bir şeydir. Obyektiv kanallara baxanda hər şey aydın görünür. Etiraz edən nümayişçilərlə qürur duyuram. Bu, birinci dəfə deyil. Bundan öncə iki dəfə böyük aksiya keçirildi. Belə aksiyalar çox vacibdir. Əvvəl-axır bu etirazların bir nəticəsi olacaq. Deyə bilmərəm ki, dərhal indi nəsə dəyişəcək, ədalət bərqərar olacaq. Amma hər halda bunun bir nəticəsi mütləq olacaq. Putin rejimi sarsılmağa, dünyada nüfuzunu itirməyə məhkumdur”.

İlgili resim

Politoloq Əhəd Məmmədli öncə yaxın tarixə ekskurs etdi: “2011-ci ilin qış ayları idi. Yerli və dünya mətbuatı “Ərəb baharından, rus qışına” manşetləri ilə bürünmüşdü. Həmin dönəmlər Rusiyada parlament seçkilərindən sonra Moskvada müxalifətin postyeltsin dövrü üçün ən böyük mitinqləri keçirilirdi. Sonda heç bir “rus qışı” olmadı. Putin 2012-ci ilin baharında rahat şəkildə prezident kürsüsünə qayıtdı. Həmin o hadisələrdən 8 il keçdi. Rusiyanın sistemdən kənar müxalifəti yenə meydanlardadır. Bu dəfə mitinqlərə səbəb Moskva Şəhər Dumasına keçirilən seçkilərə liberal müxalifətin əsas simalarının qeydiyyata alınmaması səbəb oldu. Neçə gündür Moskva və Sanki-Peterburqda razılaşdırılmamış aksiyalar keçir. Müxalifət liderlərinə inzibati cəzalar verilsə də, sıravi mitinq iştirakçılarına cinayət işləri də açılır. Fikrimcə, Moskva Şəhər Dumasına müxalifətin namizədlərinin qeydə alınmaması səhv addım idi. Bu onu göstərir ki, müxalifətin bütün nəfəs imkanları kəsiləndə bu, əks-effekt verir. Məsələn, Rusiyada bu əks-effekt bir, Azərbaycanda başqa cür özünü göstərir. Moskva Şəhər Dumasına liberal müxalifətin namizədləri qeydiyyata alınmalı, sonra da onlar Şəhər Dumasına buraxılmalı idi. Biri var iqtidar-müxalifət qarşıdurması sivil formada bağlı divarlar arasında keçir, biri də var küçə formasını alır. Avqustun 10-11-də rus sistemdən kənar müxalifəti razılaşdırılmış mitinqlər keçirəcək. Bu aksiyalardan sonra dəqiq nəsə söyləmək olacaq. Bu mitinqlərin 2011-ci ildə keçirilən aksiyalar kimi böyük olması belə, hələ heç nə demək olmayacaq. Lakin 2011-ci ildən fərqli müxalifətin mitinqləri azalma deyil, çoxalma istiqamətində davam etsə, bu Putin rejiminin sonuna da gətirib çıxara bilər. Taktiki geri çəkilmələr strateji qələbələrin bünövrəsini qoyur. Hərdən isə lazımsız taktiki dirəniş illərdir cızılan strategiyanın məhvinə belə səbəb ola bilər”.

Rusiyada etiraz aksiyaları ÅÉnbÉ ile ilgili görsel sonucu

Politoloq aksiyalara pulla iştirakçıların gətirilməsi barədə iddialara da toxundu: “Mitinqlərə pulla adam gətirmək sınanmış metoddur. Bu metod Qərbdən gəlir. Və normal da sayılır. Burada qeyri-adi heç nə yoxdur. 2004-ci ildə Ukraynada “narıncı inqilab”da hər iki tərəf Kiyevin Nezalejni meydanına pulla avtobuslarla adamlar göndərirdilər. Bu da heç kəsə sirr deyildi. Rusiyada indiki mitinqlərə gəldikdə isə, sistemdən kənar müxalifətin əsas elektoratı Moskva və Sanki-Peterburqdadır. Əsas mitinqlər də bu iki şəhərdədir. Ona görə kənardan nümayişçilərin gətirilməsi iddialarını əsassız sayıram. Yenə təkrarlayıram, adamlar kənardan gətirilsə belə buna normal baxıram. Putini də, hər bir avtoritar rejimi də sıxışdırmaq mümkündür, əgər meydanda xalq olacaqsa. Rusiya xalqı meydana çıxsa, bunun qarşısında heç kəs dura bilməyəcək. Necə ki çar, kommunist rejimləri xalqın qarşısında dura bilmədilər. Rusiyada iki dəfə inqilab olub, hər ikisində də bu inqilablar rus dövlətinin mövcud siyasi quruluşunun məhvi ilə nəticələnib. Rus imperatorluğu dağıldı, SSRİ quruldu, SSRİ dağıldı, Rusiya Federasiyası varis kimi rus dövlətçilik ənənələrini davam etdirdi. Rusiya dağılsa nə olacaq? Deməyim odur ki, Rusiyada inqilablar həmişə bu ölkənin dağılması ən azı ərazilərinin bir hissəsinin itirilməsi ilə nəticələnib. Fikrimcə, Rusiyada növbəti inqilab baş versə, bu ölkə daha böyük təlatümlər yaşayacaq. Bütün bu prosesləri Qərbin maraqlı dairələri təbii ki, diqqətlə izləyir. Vəziyyət dərinləşdikcə, Qərb məsələlərə müdaxilə edəcək, nəzarətdə saxlamağa çalışacaq”.


“Yeni Müsavat”

Tarix: 6-08-2019, 17:19
Xəbəri paylaş





Xəbər lenti