Son həftələr polemikaya çevrilən Şah İsmayıl Xətai yeniyetmə yaşında (14) taxt-taca çıxan ilk hökmdar deyilmiş.
Musavat.com xəbər verir ki, bu gün - 11 avqust tarixini aktuallaşdıran 17 yaşında İordaniya kralı elan edilmiş Hüseyin bin Talaldır. O, Səfəvilər dövründən fərqli olaraq, bizim üçün çox yaxın keçmişdir.
1935-ci il təvəllüdlü Hüseyn bin Talal 1952-ci il, avqustun 11-də atasının siyasi varisi olaraq ölkənin başına keçir.
Kral Talalın səhhətindəki problemlərə görə, İordaniyanın taleyinin məsuliyyətini 17 yaşlı oğlu daşımağa başlayır.
Yəni, nə şoumen Vladimir Zelenskinin Ukraynanın prezidenti seçilməsi, nə süpürgəçilikdən prezidentliyə yüksəlmiş qırğızların sabiq dövlət başçısı Almazbek Atambayev, nə avtobus şoferi olmuş Venesuela prezidenti Nikolas Maduronun ölkə başçısı olması insanları təəccübləndirməməlidir.
Çünki uzaq İordaniyanı 17 yaşından başlayaraq idarə edən bin Talal 1999-cu ilə qədər prezident postunda qalır, iqtidarını möhkəmləndirir.
Hakimiyyətinin ilk vaxtlarında xalqdan dəstək ala bilməyən gənc kral parlanent üzərində dominantlığını qorumaq üçün ordunu nəzarətinə alaraq, özünə yaxın kadrları komandanlıq rütbəsinə qaldırır.
Onun Qərb dövlətləri ilə müttəfiqliyini o zaman ən sərt tənqid edənlərdən biri Misirin lideri Camal Əbdünnəsir idi və bin Talala qarşı güclü propoqanda aparırdı.
Üstəlik, İordaniyada müxalifətin bazasının güclənməsi gənc kralı hakimiyyətinin ilk vaxtlarında mürəkkəb sınaqlarla üz-üzə qoymuşdu.
Ölkədə getdikcə artan siyasi gərginlik və böhrana tab gətirə bilməyən kral məcburiyyət qarşısında əvvəlcə 1955-ci ildə Qərb dövlətlərinin dəstəyi ilə qurulab “Bağdad Paktı”ndan imtina etməli olur.
Növbəti il isə “Ərəb legionu” komandanı olan ingilis general Con Baqot Qlubu vəzifəsindən kənarlaşdırır.
Artan təzyiqlər qarşısında kral bin Talal kral adına adekvat olmayan addım atır, 1956-cı ildə seçkiyə gedir, müxalifət lideri Süleyman ən-Nabulsi ilə koalision hökumət qurmağa razılaşır.
Nabulsi isə İngiltərə ilə İordaniya arasındakı razılaşmanı ləğv edir, Misir, Suriya və Səudiyyə Ərəbistanı ilə bir müqavilə imzalayır, hökuməti neytrallaşdırır və hərbi vəziyyət elan edir.
1967-də İordaniya ərəb-yəhudi müharibəsində ciddi zərbə alır, ölkənin Qərb sahilləri İsrail tərəfindən işğal edilir. Bu tarixdən sonra Fələstin Azadlıq Təşkilatı (FAT) İordaniyada mövqelərini gücləndirir, hökumətlə onlar arasında gərginlik dərinləşir.
FAT üzvlərinin 1970-ci ildə üç ingilis təyyarəsini qaçırması kralın səbrini daşıran son damla olur və Hüseyn bin Talal böyük bir hərbi əməliyyat əmri verir.
Həmin ilin sentyabrında Misirin paxtaxtı Qahirədə keçirilən görüşdə FAT lideri Yasər Ərəfatla kral Hüseyn arasında bir razılaşma əldə olunsa da, silahlı qarşıdurmalar davam edir. Lakin sonda FAT məğlubiyyətə düçar olur.
17 yaşından İordaniyanı idarə edən kral Hüseyn FAT-ı ölkəsində zərərsizləşdirikdən sonrakı illərdə yeni siyasi kurs götürür: İsraillə hərbi toqquşmalara getməkdən yayınır, FAT-la münasibətlərini normallaşdırır, Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri ilə əlaqələrini yaxınlaşdırır.
Onlardan maliyyə dəstəyi almağa müvəffəq olan bin Talal eyni zamanda ABŞ və İngiltərə ilə əlaqələri davam etdirir.
O, 1988-ci ildə münaqişəli ərazi olan ölkənin Qərb sahilləri ilə bağlı iddialarından əl çəkir, Körfəz müharibəsində İraqa qarşı koalisiyada yer almır.
Yəni, bütövlükdə “nə şiş yansın, nə kabab” siyasəti yürüdən bir kral kimi tarixə düşür. Kralın 4 arvadı, 10 övladı olub.
1999-cu ildə dünyasını dəyişir və ölümündən sonra yerinə oğlu II Abdulla keçir. Daha doğrusu, xərçəng xəstəliyinə qarşı Amerikada müalicəsini yarımçıq qoyaraq ölkəsinə qayıdan kral Hüseyn qardaşı Həsəni vəliəhdlikdən məhrum edərək iqtidarı oğluna verir.
O oğul ki, sonradan saraydaxili konfliktlərə görə iki qardaşını həbs etdirməsi ilə dünya mediasının gündəminə gəlmişdi...
***
17 yaşında sədarətə qalxmış kral Hüseyn Misirin “Viktoria” kollecində oxuyub, sonra Birləşmiş Ərəb Əmirliyinin “Harrow” məktəbində təhsilini davam
Elə yeniyetmə vaxtından xarici dövlət rəsmiləri ilə görüşlərdə iştirak edən Hüseynin ingiliscə bilməyən babası kral Abdulla üçün tərcüməçi işləməsi onun həm də dövlət idarəçiliyi təcrübəsi qazanmasında bir tramplin olmuşdu.
Babası kral Abdullah 1951-ci ildə namaz qılarkən sui-qəsdlə öldürülməsi zamanı da nəvəsi Hüseyn yanındaydı.
Hadisədən sonra Hüseynin atası Talal şizofrenikə çevrilir və həkimlərin verdiyi raportda onun dövləti idarə etmək iqtidarında olmadığı vurğulanır.
Elə bu qətldən iki ay sonra gənc Hüseyn xaricdə olarkən məktub alır ki, onu İordaniya kralı elan ediblər. Və 17 yaşında taxta çıxması ilə paralel olaraq İngiltərədə təhsilini davam etdirir.
Gənc kralın idarəçiliyinin leytmotivini belə xarakterizə eləmək olar: 47 illik hakimiyyəti dövründə uçurumdan uçuruma adlaya bilmiş, ölkəsini bir xaosdan çıxarmışdı...