İsraildən İranın İraqdakı bazasına daha bir zərbə – Raket anbarı partladıldı

 Bu il avqust ayının 20-də İraqın paytaxtı Bağdad şəhərindən 70 km aralıda yerləşən Səlahəddin vilayətindəki “Əl-Bəkr” bazasında partlayış törədilib.
Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, partlayış Xalq Səfərbərlik Gücləri adlanan koalisiyaya daxil olan, İranyönümlü “Kətaib İmam Əli” (İmam Əli taborları) hərbi birliyinə məxsus, raketlər saxlanılan anbarda baş verib.
İnformasiya saytlarının verdiyi məlumata əsasən, “Əl-Bəkr” bazasından cəmi bir neçə km aralıda ABŞ ordusunun təlim bazası yerləşir. Şahidlərin sözlərinə görə, partlayan raketlərdən bəziləri hətta ABŞ bazasına tərəf uçub.
İraq Müdafiə nazirliyinin nümayəndəsi Təhsin Həfaci insidentin olduğu yerə yaxınlıqda İraq ordusunun da silah və təchizat deposunun yerləşdiyini, lakin heç bir zərər görmədiklərini açıqlayıb.
İsrailin “Haaretz” qəzeti hücumun pilotsuz uçan aparatlar vasitəsilə gerçəkləşdirildiyini açıqlayıb.
“Sky News” isə İrandan gətirildiyi deyilən 50 raketin yox olunduğunu qeyd edib. Bəzi İraq rəsmiləri isə İsrailin ən müasir “F-35 Lightning-II” təyyarələrindən istifadə etdiyini bildiriblər. Onların sözlərinə görə, hücumun olduqca səliqəli və məharətlə həyata keçirilməsi və ABŞ bazasına ziyanın dəyməməsi onun öncədən razılaşdırılmış şəkildə aparıldığını göstərir.
Londonda çıxan ərəbyönümlü “Əşərq Əl-Əsvət” qəzeti Qərb diplomatları içindəki mənbələrinə istinadən İsrail aviasiyasının bu il, Rusiya və ABŞ-la əldə olunan anlaşma çərçivəsində 3 dəfə – iyulun 19-da, avqustun 12-də və 20-də İraq ərazisinə reyd etdiyini vurğulayıb.
Qəzet İsrail baş naziri Benyamin Netanyahunun əslində bunu gizlətmədiyini də yazıb. “İranın heç bir yerdə immuniteti yoxdur. Biz onlara qarşı zəruri olduğu təqdirdə və hər yerdə savaşacağıq”, – deyə İsrail baş naziri bəyan edib.
İnsidentlə əlaqədar İraq rəhbərliyi də ehtiyat tədbirlərini görməyə başlayıb. Baş nazir Adil Əbdül-Mehdi bütün silah anbarlarının şəhər xariciinə köçürülməsi haqqında əmr imzalayıb.
Tarix: 21-08-2019, 22:38
Xəbəri paylaş





Xəbər lenti