Fransanın Biarris şəhərində “Böyük yeddilik” - G7 liderləri toplaşdı və dağılışdı.
Yenə bir neçə gün dünya mətbuatı sammitdən, onun gözlənilən nəticələrindən yazdı, manşetlər tez-tez dəyişdi. Dünya gündəmi isə dəyişmədi...
İlk dəfə tarixdə inkişaf etmiş ölkələrin liderləri yekun bəyannamə imzalamadı. Rusiyanın birliyə qaytarılması məsələsində də ciddi fikir ayrılıqları oldu. Tramp bu məsələdə də gözlənildiyi kimi, özünəməxsus münasibət sərgilədi. Jurnalistlərə bildirdi ki, müzakirə faydalı olub: ““Yeddilik” üzvü olan əksər ölkələr anlayıb ki, Rusiya haqqında Rusiya olmadan danışmaq faydalı deyil”.
Cebhe.info xəbər verir ki, bu təklifi Tramp hələ sammit başlamazdan əvvəl digər liderlərin diqqətinə çatdırmışdı:
“Təxmin edirəm ki, Prezident Obama Rusiyanın “Böyük səkkizlik”də olmasının yaxşı olmadığını düşünüb, ona görə ki, Putin ona qalib gəlib. Buna görə də istəyib ki, onu kənarlaşdırsın. Mən əksini düşünürəm ki, bunun əksi daha yaxşıdır. Bu, “Böyük səkkizlik” olmalıdır, çünki müzakirə edəcəyimiz çox şeyin Rusiyaya da dəxli var”.
Fransada “Böyük yeddilik” liderləri toplaşdığı zaman etirazlar da az olmadı. Sammitin keçirildiyi kurort şəhəri aristokrat və milyarderlərin məkanı hesab olunur. Ancaq sammit keçirilən ərəfədə bu titul sırasına “jandarmlar şəhəri” də əlavə olundu. Xüsusi xidmət orqanları da hər addımbaşı vəzifə başında olublar. Zarafat deyil, dünyanın ən inkişaf etmiş ölkələrinin iderləri burada idi.
Qonşuluqdakı Bayonna şəhəri isə əsl hərbi düşərgəni xatırlatdı. Polislər gözyaşardıcı qazlarla, “bubinkalar”la start vəziyyətdə dayandılar. Bilməz olmazdı, birdən etirazlar varlılar kurortuna da ayaq açardı. Hər şeyə hazır olmaq lazım idi...
Dəfələrlə Bayonna şəhərində “Böyük yeddilik” sammitinə qarşı etiraz aksiyaları keçirildi. Aksiya zamanı etirazçılarla asayiş keşikçiləri arasında qarşıdurmalar da oldu. Polis nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qazdan və xüsusi vasitələrdən istifadə etdi. Ardınca Andaye şəhərində də aksiyalar keçirildi. Amma liderlər aksiyanı da, aksiyaçıları da görməzdən gəldilər. Dünya ona lazım olmayanı görmür...
Sammit maraqlı xatirə və görüntülərlə yadda qaldı. Tramp görüşdən sonra "Twitter" hesabında yazdı ki, Makronla lanç indiyəqədərki hər şeydən daha yaxşı olub. Tramp fransalı həmkarının siyasi zarafatlarını nədənsə bu dəfə qulaqardına vurdu. Makronun təvazökar davranışları ilə xatırlanan arvadı Trampın “modabaz” arvadı Melaniya Trampın ayaqqabılarının dabanına maraqlı baxdığı bir zamanda Makron ingilis dilindəki bacarıqsızlığını nümayiş etdirdi. Trampla görüşün ilk dəqiqələrində danışmaq üçün ingilis dili bazasının zəif olduğunu nümayiş etdirdi, yaxud da münasib sözləri tapmaqda çətinlik çəkdi. Hər iki halda bu, mətbuatın diqqətindən yayınmadı.
Britaniyanın yeni Baş naziri Boris Conson da sammit boyu diqqət mərkəzində oldu. O, “böyük qardaşı” Donald Trampla müqayisəsindən yorulmuş kimi görünürdü. Amma buna baxmayaraq, Fransanın lider cütlüyünü boş meydançada tapa bilməyən Conson Donald Trampın pilləkandakı ikibaşlı zarafatlarını “idmalı” oldu. Britaniya mətbuatı Consonu Trampın “kiçik qardaşı” adlandırır, görünür ki, Conson bundan narazı olsa da, hələlik narazılığını biruzə verməyi münasib hesab etmir. Bunun bir adı da ingilis soyuqqanlılığıdır. Əgər problemlərin həllinə Brüssel yardım etməsə, Vaşinqtonu ehtiyat variant kimi saxlamaq olar.
Britaniya Baş naziri avropalı həmkarlarını eksantrikliyi ilə heyrətləndiməkdə davan etdiyi bir zamanda İtaliyanın istefadakı Baş naziri Konte Fransanın təsəllisi ilə ovundu. Fransa Prezidenti Makron miqrantlarla işin çətinliyini anladığını onun diqqətinə çatdıraraq təsəlli verdi.
Avropa Şurasının sədri Tusk özünü elə apardı ki, “Böyük yeddilik”də də dünya iqtisadiyyatında olduğu kimi Rusiyasız yaşamaq mümkündür. “Ən yaxşısı Ukraynanı çağırmaqdır”, - deyə avropalı məmur bildirdi, hətta dəstək də gözlədi. Ancaq Makron və Tramp susmaqla cavab verdilər. Görəsən, onlarda da susmaq razılıq əlamətidir?
Vəziyyəti belə görən Tuks son gedişini etdi. ABŞ-ın Fransa şərabını “vuracağı” təqdirdə (rüsüm tətbiqini nəzərdə tutur-red.) Parisi müdafiə edəcəyini bildirdi.
Tramp yenə özü kimi oldu. ABŞ lideri ona cavab verilməsini qətiyyən xoşlamır, onun üçün susanlar qiymətlidir. Ən azından, bunu ABŞ-Çin iqtisadi müharibəsində göstərib. Hələ sammitə gəlməzdən əvvəl “Çin bizə lazım deyil, daha doğrusu, onsuz da bizə yaxşıdır” deməklə digərlərinə də mesaj ünvanladı. Bəlkə buna görə Makron şərab mövzusunda hələ susur.
Sammitin iclasının son saatlarında varlılar şəhərinə Tehrandan gələn təyyarə endi. Tehrandan gələn təyyarədəki nümayəndələrlə danışmaq Makrona həvalə olundu. Ev sahibi kimi liderlər Makronu seçdilər. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də Britaniya və ABŞ nümayəndələrilə danışmaqdan imtina etdi. Amma bəlli olmadı ki, imtinada hansı tərəf daha cəld tərpəndi... Siam.az