“Azərbaycanın Qarabağ məsələsinin həlli üçün Ermənistanda vətəndaş qarşıdurmasına ümid etməsi sadəlöhvlükdür...”
Xəbər verildiyi kimi, son günlər Ermənistanın cənubunda, Cermuk kurort şəhəri yaxınlığında yerləşən Amulsar qızıl yatağının istismarı məsələsi işğalçı ölkədə əsl gərginlik yaradıb. Paşinyan hökuməti bu məsələ ətrafında yaranmış böhranı həll edə bilmir. Ekoloqların Amulsar yatağının istismara verilməsindən sonra yerli çaylar, o cümlədən Arpa çayı, su anbarı və Göyçə gölünün çirklənməsi, Cermuk şəhərinin isə istirahət ərazisindən mədənə çevriləcəyindən danışdığını əsas gətirən yatağa yaxın ərazidə yaşayan sakinlər, eləcə də digər vətəndaşlar mədənin istismarına qəti şəkildə etiraz edirlər.
Bu günlərdə İrəvanda hökumət binasının qarşısı da daxil olmaqla ölkədə bir neçə izdihamlı etiraz aksiyası keçirilib. Polislərlə aksiya iştirakçıları arasında gərginlik meydana gəlib. Həbs edilən və xəsarət alanlar olub.
Moderator.az əməkdaşı erməni dilində təmiz bildiyindən Ermənistan televiziya və saytlarını mütəmadi izləyən Qərbi Azərbaycan əsilli tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayevin mövzu ilə bağlı fikirlərini öyrənib.
“Paşinyan Amulsar mədəni məsələsində doğrudan da çıxılmaz vəziyyətdə qalıb. Əgər Ermənistan hökuməti ilə müqavilə imzalanıbsa və 336 milyon dollar investisiya xərclənibsə, Britaniyanın "Lydian International" şirkəti həmin layihəni həyata keçirməlidir. Amulsar yataqları istismar edilməyəcəyi təqdirdə isə həmin şirkət Ermənistanı məhkəməyə verəcək və Paşinyan hökumətinin boynuna 1 milyard dollar cərimə yazılacaq. Paşinyan ya vətəndaşların səsini eşidərək qızıl yataqlarının istismarını dayandırmalı və bu halda 1 milyard dollar cərimə ödəməli, yaxud Amulsarda qızıl çıxarılmasına icazə verməklə getdikcə kütləviləşən etiraz aksiyaları ilə üz-üzə qalaraq öz hakimiyyətini təhlükə qarşısında qoymalıdır. Təbii ki, Amulsar məsələsindən onun rəqibləri, o cümlədən Köçəryan və Serjik Sərkisyan yararlanırlar və buna davam edəcəklər...”
M.Musayev onu da vurğulayıb ki, Azərbaycanın Qarabağ məsələsinin həlli üçün Ermənistanda vətəndaş qarşıdurmasına ümid etməsi də sadəlöhvlükdür.
“Ermənistanda uzun illər yaşamış və işləmiş, bu millətin bütün sifətlərinə, xarakterinə, tayfa və klanlarına yaxından bələd olan biri kimi deyirəm ki, bu ölkədə ciddi, kütləvi, qanlı qarşıdurma yaranması ehtimalı çox azdır. İkincisi də Paşinyan getsə, onun yerinə daha qatı türk, Azərbaycan düşməni olan daşnak erməni gələ bilər. Odur ki, biz öz işimizi ağılla qurmalı, xalqımızın, ordumuzun gücünə güvənməliyik...”- sabiq deputat belə deyib.
Qısa arayış:
Təmiz qızıl ehtiyatına görə Amulsar Ermənistanın ikinci yatağı sayılır. Eyniadlı dağda, 3 min metr yüksəklikdə, Arpa və Vorotan çaylarının vadisində, kurort şəhəri olan Cermukdan 13 km aralıda yerləşir. Geoloqların sözlərinə görə, yataqda təxminən 31 milyon ton qiymətli filiz və 40 ton təmiz qızıl var.
Mədənin tikintisinə 2016-cı ilin payızında başlanılıb, 2018-ci ildə isə burada qızıl hasilatına başlamaq planlaşdırılırdı. Layihə 325 milyon dollar məbləğində investisiya yatırmaqla bağlı öhdəlik götürən Britaniyanın "Lydian International" şirkəti tərəfindən hazırlanıb.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) layihədə maliyyə tərəfdaşı kimi iştirak edirlər. Bunun nəticəsində investisiyaların həcmi 460-480 milyon dollara çatacaq. Bu layihə bu günə qədər Ermənistanda reallaşdırılan ən böyük beynəlxalq investisiya layihəsidir...
Sultan Laçın