Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin və onun tərəfdarlarının həbsi, ölkədəki çətin iqtisadi vəziyyət narazılıqlara səbəb olur.
Qırğızıstanda Sooronbay Jeenbekovun hakimiyyətinə yaranmış təhlükə hələ də aradan qalxmayıb. Bir tərəfdən xalqın narazılığı, digər tərəfdən xarici “əllərin” ölkəni qarışdırması Qırğızıstanın taleyində xüsusi rol oynaya bilər.
Qırğızıstanda real durumu Cebhe.info-ya bu dəfə partiya sədrləri şərh edib.
AXCP sədri Razi Nurullayev A.Atambayevin həbsdə uzun müddət qalmayacağını düşünür:“Ümumiyyətlə, postsovet məkanında keçmiş prezidentlərin bu və ya digər bəhanələrlə həbsi bütün digər respublikalar üçün yaxşı nümunə yaratmır. Atambayev yaxşı prezident olub və könüllü də hakimiyyətdən gedib. Bu gün bütün səlahiyyət və resurslar yeni prezidentin əlindədir və Qırğızıstanda hər kəs keçən inqilablardan nəticə çıxarıb. Buna görə də hazırkı prezident Jeembekovun da inqilabla getməsi real görünmür. Ümid edirəm ki, dost qırğız xalqı düşdüyü bu vəziyyətdən çıxmağı bacaracaq. Yəqin ki, Atambayevin də həbsi uzunmüddətli olmayacaq. İstənilən halda Rusiya bu ölkəyə təsir edə bilir və onun da zəmanəti ilə sabiq prezident həbsdən buraxıla bilər. Doğrusu, bunun üçün sabiq prezidentin də müəyyən iddialarından əl çəkməsi lazım gələcək. Məsələ burasındadır ki, Rusiya vasitəçilik edəcək, amma tərəflər iddiasından əl çəkməzsə, proses uzana bilər. Düşünürəm ki, Atambayevin həbsdən buraxılması ən doğru addım olar”.
ADP sədri Sərdar Cəlaloğlu isə Qırğızıstandakı hakimiyyət qarşıdurmalarını partiyadaxili münaqişə hesab edir: “Qırğızıstan həddən artıq pis durumda olan bir ölkədir və resursları çox məhduddur. Orada böyük inqilab olmaz. İki partiya üzvü bir-biri ilə vuruşur deyə qüvvələr nisbəti onların arasında səpələnmiş vəziyyətdədir. Belə ölkələrdə hakimiyyət dəyişmələrində supergüclərin də marağı olmur. Çünki resurslar məhduddur. Qırğızıstan özü Rusiyadan kömək istəyir ki, onu qorusun. ABŞ-ın orada bir bazası vardı, onu da yığışdırdılar. Rusiyanın da Qırğızıstanı öz təsir dairəsində saxlamağa maddi vəsaiti yoxdur. Orada çox ucuz reklamlar verirlər ki, bu da ölkənin həddən artıq ağır iqtisadi-sosial vəziyyətindən xəbər verir. Sadəcə olaraq, hazırda iki klanın partiyadaxili münaqişəsidir ki, demokratik olmayan partiyalarda belə hadisələr çox olur”.
Ağ Partiya sədri Tural Abbaslı isə Qırğızıstanda hadisələrdə xarici ölkələrin əlinin olduğu qənaətindədir:“Təəssüflə qeyd etməliyik ki, dövlətçilik tam oturuşmamış dövlətlərdə 2-ci və 3-cü dövlətlərin təsirləri daha böyük olur. Yəni xarici təsirlərə, xarici müdaxilələrə, xarici maliyyə təziqlərinə belə dövlətlər açıq olurlar. Belə dövlətlərin hamısı bu prosesi keçməlidir. Yəni milli qüvvələrlə xaricə meylli qüvvələrin qarşıdurması olur. Lakin belə olmamalıdırlar. Rəsmilər dövlətin güclənməsi uğrunda çalışmalıdırlar. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ölkənin inkişafı üçün xalq da hakimiyyətin yanında olmalıdır. Görünən odur ki, yeni seçilmiş hakim iqtidara imkan vermək istəmirlər. Qırğız xalqı imkan verməməlidir ki, kənardan onları manipulə edib istifadə etsinlər”.