Bu həftənin əvvəlində S-400 hava hücumundan müdafiə qurğularının Türkiyəyə göndərilməsinin ikinci mərhələsi başlayıb. Qeyd edək ki, S-400-lərin birinci batareyası iyulun 12-dən Türkiyəyə göndərilməyə başlayıb. Bu həftə isə ikinci batareyanın hissələri göndərilib.
S-400-lər prezident Ərdoğanın Moskvaya səfəri ilə eyni gündə göndərilməyə başlayıb. İlk təyyarələr Ankara yaxınlığında yerləşən “Mürtəd” hərbi hava bazasına eniş edib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, S-400 uzun mənzilli bölgə hava və raketdən müdafiə sisteminin ikinci batareyasının detalları Mürtəd hava meydanına gətirilməsi bu gün başlayıb. Daşınma təxminən bir ay davam edəcək.
Gözlənildiyi kimi, S-400-lərin ikinci partiyasının göndərilməsinə Vaşinqtondan reaksiya gecikməyib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası prezident Trampı Türkiyəyə sanksiya tətbiq etməyə çağırıb. Məktubda qeyd olunur ki, Türkiyənin maraqlarına xidmət edən əməkdaşlıq Kremllə deyil, ABŞ-la əməkdaşlıqdır. Mediaya verilən açıqlamada prezidentə bu cür xitab olunur.
Sitat: “Prezident Tramp, Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi almasına görə ABŞ qanunlarının tələb etdiyi formada sanksiyalar tətbiq etməlisən”.
Ancaq məsələ ondadır ki, Tramp S-400-lərə görə Türkiyə ilə münasibətləri pozmağa tələsmir. Yaponiyada keçirilən G-20 zirvəsində Ərdoğanla görüşən Tramp S-400 məsələsində Türkiyənin arqumentlərini qəbul eləmiş kimi görünürdü. Çünki bu görüşdən sonra Tramp bildirmişdi ki, S-400 almasına görə Türkiyəni ittiham etmir. ABŞ prezidenti bütün günahları sələfi Obmanın hakimiyyətində gördüyünü bildirmişdi.
Hələ iyul ayında S-400-lərin birinci partiyası Türkiyəyə veriləndə Tramp respublikaçı senatorları Ağ Evə dəvət edərək Türkiyə ilə münasibətlər mövzusunda müzakirələr aparıb. Ancaq Trampın Ağ Evdə respublikaçı senatorlarla görüşündə qalmaqal yaşanıb. NBC telekanalının məlumatına görə, Ağ Evdə keçirilən qapalı toplantıda senatorlar Trampdan Türkiyəyə sanksiyalar tətbiq etməsini istəyib. Respublikaçı senator Kevin Kramer 90 dəqiqə davam edən toplantıdan sonra deyib ki, Tramp problemi həll etmək üçün daha geniş imkanlar istəyir.
Senatorlar deyib ki, ABŞ prezidenti Türkiyəyə qarşı sanksiya tətbiq etməkdənsə, Türkiyə prezidenti ilə anlaşmaq üçün vaxt verilməsini istəyib. O da məlum olub ki, prezident və senatorlar Türkiyə mövzusunda anlaşa bilməyiblər. CNN-in məlumatında qeyd olunur ki, 45 senatorun iştirak etdiyi qapalı toplantı zamanı Trampın Türkiyə ilə müzakirə tərəfdarı olması Senatın xarici əlaqələr komitəsinin sədri Ceyms E.Rişlə mübahisəyə səbəb olub.
Həmin vaxt mediada yayılmış məlumatlarda Türkiyə prezidenti Ərdoğanın Osakada keçirilən G-20 sammiti zamanı ABŞ prezidentini yumşaq şəkildə əks həmlələrlə təhdid etdiyi bildirilirdi. Bu təhdidlər arasında Türkiyənin NATO-dan çıxması, “İncirlik” hərbi hava bazasının amerikalılara bağlanması da olub.
Tramp isə hələ də Türkiyə ilə yaranmış S-400 böhranına görə eks-prezident Obamanı ittiham edir. Trampın fikrincə, Obama administrasiyası Türkiyəyə “Patriot” sistemlərini satsa, bu anlaşmazlıq ortaya çıxmayacaqdı.
Belə anlaşılır ki, Türkiyə prezidentinin məhz Osakadan qayıtdıqdan sonra S-400-lərin daşınmağa başlanması Ərdoğanın bir şəkildə Trampı inandıra bilməsi ilə əlaqədardır. Ankara Vaşinqtonun daha sərt addımları qarşısında küncə sıxılacağı və məcbur qalaraq daha sərt cavablara əl atacağı ilə bağlı Ağ Ev rəhbərliyini inandıra bilib. Trampın isə Yaxın Şərq planlarında Türkiyə ilə daha dərin münaqişəyə girmək yoxdur. Çünki bu əks effekt verə və ABŞ-ın bölgədəki fəaliyyətinə ağır zərbə vura bilər.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə və Rusiya hökumətləri arasında əldə olunmuş anlaşmaya əsasən, Rusiya Türkiyəyə 2 HHM donanması, yəni 4 S-400 batareyası verəcək. 4 batareyada 8 atəş qurğusu və 128 ədəd mərmi-raket olacaq. Anlaşmanın dəyəri 2,5 milyard dollardır. 2007-ci ildən Rusiya ordusunun inventarına daxil edilən S-400 HHM sistemləri 600 km ümumi izləmə məsafəsi, 400 km aktiv izləmə və hədəfə alma imkanına malik olan, 250-400 km məsafədə təyyarələri, 40-60 km məsafədə isə ballistik raketləri 27 km hündürlüyə qədər vurmaq imkanına malik modern silah hesab olunur.
Belə anlaşılır ki, indi Senatdakı həm respublikaçı, həm də demokratlar cinahında Türkiyəyə sanksiya tətbiq olunmasını istəyən siyasətçilər var. Onların əsas arqumenti Ankaranın ABŞ-ın “orbitindən” çıxaraq Rusiya ilə yaxınlaşmasıdır. Tramp isə indi Türkiyə ilə münasibətləri daha da pisləşdirmək istəmir. Hətta bunun üçün senatorları da kabinetinə çağıran prezidentin əsas arqumenti Türkiyəni danışıqlarla razı salmaqdır./“Yeni Müsavat”/