Trampın tərsliyi, baş tutmayan möcüzə və...

 


ABŞ Mərkəzi Bankı (FED) rəsmisi Uilyam Dadlinin "oyunu Trampın istədiyi kimi, oynama və faiz endirmə" çağırışını rədd edib. 

Eyni zamanda siyasi məsələlərin qərarlara heç bir şəkildə təsir etmədiyini vurğulayıb. Uilyam Dadlin açıqlamasında, ABŞ Mərkəzi Bankının, ticarət siyasəti məsələsində səhvlər edən hakimiyyəti xilas etməyəcəyini bildirib. O qeyd edib ki, FED-in pul siyasəti qərarlarının əsas məqsədi qiymət sabitliyini davam etdirmək və maksimum məşğulluğu təmin etməkdir.

Məsələ ilə bağlı verilən açıqlamada, FED tərəfindən verilən pul siyasəti qərarlarında, yalnız Konqres tərəfindən verilmiş "qiymət sabitliyini davam etdirmək və maksimum məşğulluğu təmin etmək" mandatının əsas olduğu bildirilir və "Siyasi məqamlar heç bir rol oynamır" deyilir. ABŞ Prezidenti Donald Tramp FED-i tez-tez daha çox faiz endirməyə dəvət edir. Göründüyü kimi, FED-lə Tramp qarşıdurması getdikcə dərinləşir. 

Maraqlıdır, bunun dünya bazarlarına zərərləri nə ola bilər?

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, FED-lə Tramp arasındakı fikir mübadiləsinə təkcə FED rəhbəri ilə ölkə Prezidenti arasındakı fikir ayrılığı kimi baxmaq doğru olmaz:

“Hələ 2017-2018-ci illərdə FED faiz artımlarına getdikdən sonra sözügedən məsələ ətrafında fikir ayrılıqları formalaşmağa başlamışdı. Əslində, FED-in və Trampın əlində müəyyən arqumentlər var. Trampın arqumenti bundan ibarətdir ki, onsuz da Amerika ən yaxşı iqtisadi dönəmini yaşayır. İstər işsizlik, istərsə də inflyasiya həddi gözləntilərdən aşağı səviyyədədir. Bu, FED-i narahat etməyə başladı və bu səbəbdən də FED ötən ay faiz azalmasına getdi. Yəni müəyyən mənada inflyasiya həddini nisbətən artırmaq istədilər. Çünki 2 faizin altında olan inflyasiya iqtisadi durğunluğa gətirib çıxara bilər. Bu səbəbdən FED faiz azalmasına getdi. Nəticə olaraq 2019-cu ilin iyul ayında inflyasiya 1.6 faizdən 1.8 faizə yaxın artdı, yəni hədəfin ətrafındadır. Tramp istəyirdi ki, faizlər 0.25 faiz bənd aşağı salınsın. FED isə əsaslandırır ki, inflyasiya həddi 2 faizdir, amma hazırda mövcud inflyasiya 1.8 faizdir və 1.8-lə 2 faiz arasında o qədər də böyük fərq yoxdur. Ona görə FED faizləri nisbətən aşağı çəkir ki, hədəflənən inflyasiya həddinə nail olsun”.

İqtisadçı hesab edir ki, Amerikada işsizliklə bağlı vəziyyət ürəkaçan səviyyədədir: 

“Mövcud işsizliklə bağlı göstəricilər son 50 ilin ən yüksək nəticəsidir deyə bilərik. 2019-cu ilin iyul ayına olan məlumata görə, ABŞ-da işsizlik həddi 3.7 faizdir. Ümumiyyətlə, inkişaf etmiş bir ölkə üçün bu hədd çox müsbət bir nəticədir. FED işsizliklə bağlı da hədəfinə çatıb, yəni çox aşağı həddədir. Bir sözlə, ölkədə bütün iqtisadi göstəricilər  müsbətdir. Bu səbəbdən də faizlərin kifayət qədər aşağı düşməsinə ehtiyac yoxdur. Trampın isə əsas arqumenti bundan ibarətdir ki, iqtisadi inkişafı daha da sürətləndirməlidirlər. Xüsusilə fond bazarında indekslər aşağı düşür və indekslər də, investisiya da artmalıdır. Amma FED tərəfdarları isə hesab edir ki, investisiyaların bu qədər artması və birja indekslərinin yüksəlməsi təbii olmaya bilər. Bu zaman da “köpük” yarana bilər ki, onlar da gələcəkdə partlayar. Bunun da iqtisadiyyata böyük zərbə vurması qaçılmazdır”.

Elman Sadıqov 2020-ci ildə ABŞ-da prezident seçkisinin keçirilməsinə diqqət çəkərək qeyd edib ki, Tramp bu seçkiyə ən yüksək iqtisadi göstəricilərlə getmək istəyir: 

“Trampın əlində olan ən böyük rıçaqlar iqtisadi göstəricilərdir. Amerikada həyat şəraiti də yüksəkdir. Amma Tramp FED-ən birdən-birə 2.25-dən 1.25-ə qədər faiz endirməsini tələb etməklə iqtisadi möcüzə yaratmaq istəyir. Çünki o, növbəti prezident seçkisinə gedir və ona konkret göstəricilər lazımdır. Doğrusu, bu məsələdə FED-in tərəfini tutan iqtisadçılar çoxdur, o cümlədən keçmiş FED rəhbərləri də. Hesab edirəm ki, bu, riskli bir addımdır. Çünki birdən-birə bu qədər faiz azalmasına getmək düzgün olmazdı. Bir var, 6 faizdən 5 faizə endirəsən, bir də var ki, 2.25 faizdən 1.25 faizə endirəsən. Bir faiz bəndinin azalması 50 faizə qədər azalma deməkdir. Amerika kimi milyardların və milyonların dövr etdiyi bir ölkədə və dolların dünyanın rezerv valyutası olduğu bir vaxtda birdən-birə 1 faiz dərəcəsi fəlakətli nəticələr doğura bilər. Digər tərəfdən, fond bazarlarında ciddi köpüklərin yaranmasına səbəb olar ki, bu da növbəti illərdə daha kəskin şəkildə partlaya bilər. Bu səbəbdən də FED-lə Tramp arasında ciddi fikir ayrılıqları var. FED-in davamlı olaraq faiz azalmasına getmək fikri yoxdur. Bu səbəbdən də FED-in sonuncu faiz azalmasına bazarlara o qədər də kəskin reaksiya vermədilər. Fond bazarlarında indekslərin qalxması çox vacibdir və əsas şərtlərdən biridir. 

Amma bu indekslərin və səhmlərin qiymətlərinin artması real göstəricilərimə əsaslanacaq, təbii artımmı olacaq, yoxsa, köpükmü olacaq - bilinmir. Əgər bu artımlar köpük olarsa, əvvəl-axır mütləq partlamağa məhkum olacaq. Bu partlayan zaman da iqtisadiyyata daha böyük zərbə dəyə bilər. Amma Tramp Administrasiyasının fikri budur ki, hətta bu köpüklər formalaşsa belə, yəqin ki, 2021-2022-ci ildən sonra partlama ehtimalı var. Yəni növbəti prezident seçkisini keçirdikdən sonra bu balonların partlamamasına qarşı müəyyən addımlar ata biləcəklər”.

Tarix: 1-09-2019, 23:01
Xəbəri paylaş





Xəbər lenti