Sentyabrın 16-da Ankarada Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə sayca 5-ci Suriya sammiti keçirilib. Prezidentlər Ərdoğan, Putin və Ruhaninin gündəmində Suriya ilə bağlı 4 əsas olub: İdlibdə vəziyyət, Fəratın şərq sahili və kürd məsələsi, qaçqınlar, nəhayət, Suriyada yeni keçid konstitusiyasını hazırlayacaq komissiyanın tərkibinin razılaşdırılması.
İlk növbədə prezidentlər 18 aydır müzakirələrin davam etdiyi konstitusiya komissiyasının tərkibini razılaşdırıblar. BBC-nin Ankara görüşü ilə bağlı şərhində bildirilir ki, bu görüşdə daha çox Putin və Ərdoğanın mövqelərinin uzlaşması diqqət çəkib. Lakin eyni zamanda analitiklər Ankara sammitində ciddi nəticələrin əldə olunmadığını qeyd edir.
Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya sammiti formatında görüşləri 2017-ci ildən başlayıb. Astana və daha sonra davam edən Soçi formatının möhkəmlənməsinə xidmət edən görüşlər Suriyanın taleyinin həll olunması ilə bağlı ciddi qərarlarla yadda qalıb.
Bilindiyi kimi, hazırda əsas problemli mövzu İdlibdə atəşkəsin davam etməsi və buradakı toqquşmaların başa çatması, Suriyanın şimalında Türkiyə və ABŞ-ın yaratmağa çalışdığı təhlükəsizlik zolağı, qaçqınlar və konstitusiya şurasının yaradılması sona çatmaqda olan Suriya münaqişəsinin son mərhələsidir.
Ankara sammitinin əsas mövzusu ilk olaraq Konstitusiya Komissiyasının yaradılması ilə bağlı razılıq olub. Təbii ki, əsas razılaşma Rusiya və Türkiyə arasında olub. Çünki Türkiyə tərkibdəki PYD nümayəndəsinə etiraz edirdi. Məlum olduğu kimi, BMT TŞ-nin 2254 saylı qərarına əsasən Suriyada siyasi həll üçün Konstitusiya Komissiyası qurulmalıdır. 150 nəfərdən ibarət olacaq komissiyaya 50 hökumət, 50 müxalifət və müstəqil şəxslərdən ibarət 50 vətəndaş cəmiyyəti qrupu təmsil olunacaq. 150 nəfərlik qrupun içərisindən hər qrupdan 15 nəfər olmaqla 45 nəfərlik konstitusiya hazırlayacaq heyət seçiləcək. Yeni konstitusiya hazırlandıqdan sonra isə azad və ədalətli seçkilər keçiriləcək, hökumət formalaşacaq.
Ancaq məsələ ondadır ki, hakimiyyət və müxalifət qrupu razılaşdırılsa da, müstəqil qrupu razı salmaq mümkün olmurdu və buna görə proses 18 aya qədər uzandı. Ən son olaraq ötən ilin dekabrında qurulmalı olan komissiya razılaşdırılmadı. Artıq bu mərhələ başa çatıb və plana əsasən BMT Baş Assambleyası toplantısında heyət elan ediləcək. Türkiyə Suriyadakı siyasi keçid prosesinin BMT və Qərb ölkələrinin də iştirakı ilə baş tutmasını dəstəkləyir.
Ancaq İdlib mövzusunda Ankara görüşündən ciddi bir nəticə hasil olmayıb. Sammitdən əvvəl Ərdoğan bildirib ki, Türkiyə silahlı qüvvələri İdlibdəki müşahidə məntəqələrindən çıxmayacaq. Türkiyə İdlibdə yeni toqquşmaların olmamasını istəyir. Ankara hesab edir ki, İdlibdə 3,5 milyon suriyalı toqquşmalar başlayacağı təqdirdə Türkiyəyə axın edəcək.
Türkiyədən fərqli olaraq Rusiya İdlibdə antiterror əməliyyatlarının davam etməsini dəstəkləyir. Putin Ankarada deyib ki, Suriya ordusu İdlibdə terrorçulara qarşı əməliyyatlar aparır, Rusiya qüvvələri bu əməliyyatlara dəstək verir. Bu isə bir mənada Rusiya və Türkiyə arasında İdlib mövzusunda fikir ayrılığının qaldığını göstərir. Diplomatik mənbələr Rusiya və Suriya hakimiyyətinin Türkiyədən ordusunu İdlibdən geri çəkməsini istədiyini, ancaq Ankaranın bu səbəblərə görə imtina etdiyini qeyd edir. Ankara sammitinin yekun bəyannaməsində tərəflər 2018-ci il 17 sentyabr Soçi anlaşmasına bağlı olduqları, eyni zamanda “Təhrir əş-Şam” qruplaşmasının İdlibdə güclənməsindən narahatlıq vurğulanır.
Rusiya İdlibin son bir ildə böyük bir hissəsinin terrorçu kimi tanınan qrupların nəzarətinə keçdiyini, bu səbəbdən də Rusiyanın İdlibdə əməliyyatlara dəstək verdiyini qeyd edir. Bu mənada İdlib məsələsinin indiki halda hər iki tərəfin maraqlarına cavab verən həll yolu bu vilayətdə atəşkəsin qorunub saxlanmasıdır. Ancaq Rusiya və Suriyanın buna o qədər də isti yanaşmadığı aydındır.
Suriya-Türkiyə sərhədində “təhlükəsizlik zolağı” yaradılması ilə bağlı vəziyyətə gəldikdə, Ərdoğan bunu “YPG-yə qarşı əməliyyat” adlandırıb. Eyni zamanda Ərdoğan deyib ki, ABŞ Ankaranın tələblərini yerinə yetirməyəcəyi təqdirdə Türkiyə ordusu 2 həftə ərzində Türkiyənin Suriya ilə digər sərhəd xəttinin digər hissəsini də nəzarətə götürəcək. Türkiyə prezidenti YPG-ni Suriyanın ərazi bütövlüyünə ən böyük təhdid adlandırıb.
Yeri gəlmişkən, Ankara zirvəsi zamanı Putin və Ərdoğan arasında 1,5 saat davam edən görüş olub. Ümumilikdə isə liderlər yaxşı ovqatda olublar. Bu isə bəzi qənaətlərin doğmasına səbəb olur. İlk növbədə belə məlum olur ki, Konstitusiya Komissiyası ilə yanaşı, liderlər ən azı yaxın dövr üçün İdlibdə atəşkəsin davam etməsini razılaşdırıblar. Kürd məsələsində Putin Ərdoğana dəstək verib. Yeri gəlmişkən, Putin ötən ayın 25-də Ərdoğanın Moskva səfəri zamanı da Suriyanın ərazi bütövlüyünə vurğu edib. Bundan başqa, liderlər Yaxın Şərqdəki gərginliklə bağlı demək olar ki, yaxın mövqe sərgiləyiblər və kəskin fikir ayrılıqları olmayıb. Bu mənada Suriya məsələsində təşəbbüsü ələ almış 3 ölkə liderinin Suriyanın gələcək taleyi ilə bağlı əsas qərar orqanına çevrilmənin zövqünü yaşayıblar. Belə demək olarsa, 3 ölkə Suriyanın gələcək taleyini təyin ediblər. İlk növbədə Ankara artıq Suriya məsələsində qərar verən, ölkənin gələcəyini təyin edən ölkə statusuna keçir. Bu, Ankara üçün ciddi irəliləyişdir. Maraqlıdır ki, Türkiyənin məşhur yazarı, hakimiyyətə yaxın jurnalist Fatih Altaylı “Haber Türk” qəzetində yazdığı məqaləsində “Yaxın Şərqdə bizə ən uyğun siyasi lider Bəşər Əsəddir” yazıb. Altaylı iqtidar mətbəxinə yaxın şəxsdir. Bu yazı həm də hakimiyyətin Suriya ilə barışmağa hazırlaşdığını göstərir. Bu, ən azından yaxın iki ildə Suriyada ciddi siyasi dəyişikliklərin olacağını göstərir./“Yeni Müsavat”/