İran düyünü:Əsəb savaşı müharibəyə çevrilir-ŞƏRH


İran düyünü:Əsəb savaşı müharibəyə çevrilir-ŞƏRH

Qabil Hüseynli: “BMT-nin sessiyası başa çatandan sonra İrana qarşı  sərt tədbirlər görüləcək”

CBS telekanalı Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı baş tutmuş hücuma İranın “dini lider”i Əli Xamneyinin tapşırığı ilə həyata keçirildiyinə dair məlumat paylaşıb.
Telekanalın adını açıqlamadığı diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Xamneyi bu hücumla bağlı hərbçilərə göstəriş verən zaman onu İranın rolunun olduğunu təsdiq edəcək heç bir iz olmadan həyata keçirməyi tapşırıb.

ABŞ-ın  Müdafiə Nazirliyindən isə  bu ölkənin Fars körfəzinə daha çox qüvvə cəmləşdirəcəyini bəyan ediblər. Açıqlamada bildirilir ki, Pentaqon rəsmiləri İranın Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirdiyi hücuma adekvat cavab verilməsi yollarını müzakirə etmək üçün prezident Donald Trampla görüşlər keçiriblər.

Nəticədə körfəzə daha çox hərbçi, hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr, izləmə və kəşfiyyat sistemləri və digər bu kimi hərbi ləvazimatlar göndərilməsi qərara alınıb. Məlumatlara görə, artıq hücumlardan sonra Amerika və müttəfiqləri regionda hər növ təhdidi anında məhv etmək üçün hava hücumundan müdafiə sistemlərini gücləndiriblər.

Amerika müdafiə nazirinin müavini Cenatan Hafman ötən gün bu hücumlara görə İranı məsul bilməklə, təmsil etdiyi qurumun rəsmi Tehrana lazımi cavab vermək üçün bütün mümkün variantları Trampa təqdim etdiyini deyib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında Aramco neft şirkətinə  hücumun İran tərəfindən gerçəkləşdirildiyini bildirib.

“Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumlar İranın işidir. Bu isə Səudiyyə Krallığına qarşı açıq-aşkar hərbi bir addımdır. Biz İran İslam Respublikasının təhdid dolu rəftarına dözməyəcəyik” -deyə Mayk Pompeo əlavə edib.

ABŞ-ın Dövlət Departamentinin rəhbəri  Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşündən sonra “Twitter” səhifəsində paylaşdığı  yazıda müzakirələrin detallarını açıqlayıb: “Bu gün Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşüb bu ölkənin neft təsisat və infrastrukturuna qarşı edilən misili görünməmiş hücumlar barədə söhbət etdim. Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanının yanında dayanıb və bu ölkənin özünü müdafiə etmək haqqını dəstəkləyir” -deyə ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xurais neft təsisatlarında güclü yanğın baş verib, neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

Siyasi ekspertlər isə hesab edir ki, Səudiyyə Ərəbistanındakı  neft istehsalı müəssisələrinə edilən hücumlar İran ətrafında vəziyyəti gərginləşdirsə də, hərbi  aksiyanın  tezliklə baş tutacağı gözlənilmir. Buna baxmayaraq, bölgədə vəziyyət İranın əlehyinə dəyişir.  Ona görə də ABŞ Yaxın Şərqdəki  müttəfiq  ölkələr ilə birlikdə İrana qarşı aviazərbələr də endirilə bilər.

Politolioq Qabil Hüseynlinin sözlərinə görə, rəsmi Tehran yalnız kompromis variantlar axtarmaqla təhlükədən yayına bilər: “ABŞ tərəfindən sanksiya tətbiq edilməsi prinsipi hələ davam etdiriləcək. Prezident Tramp özü də İranın  yeni sanksiyaların məruz qalacağını bəyan etdi. Həmin qadağalar vasitəsilə İranın neft ixracatının sıfıra endirilməsi nəzərdə tutulur. Hətta Hörmüz boğazında keçid-buraxılış məntəqəsi yaratmaq  və İran tankerlərinin çıxışını tamamilə dayandırmaq istəyirlər. Əgər İran tərəfi hər hansı bir müqavimət göstərsə, onu yerindəcə məhv etmək niyyətindədirlər.

Amma İsrail və Səudiyyə Ərəbistanı  fərqli düşünür və İrana zərbə endirilməsini təklif edirlər. Hazırda situasiya çox tez-tez dəyişir. Buna səbəb İran rəsmilərinin verdiyi uğursuz bəyanatlardır.  ABŞ, Səudiyyə Ərəbistanı, İsrail, Misir kimi ölkələr verdiyi bəyanatlarla İranı təbdən çıxarırlar və onların siyasilərini səhv buraxmağa vadar edirlər.

Xarici işlər naziri cavad Zərif özü də bu günlərdə bir neçə təhrikedici bəyanatlar verib. Ancaq hesab edirəm ki, BMT Baş Assambleyasının sessiyası davam etdiyi müddətdə İrana qarşı hərbi əməliyyatlara başlanılmayacaq və sanksiyaları daha da dərinləşdirəcəklər. Bu prosesdə İran yenə də səbrsizlik nümayiş etdirib siyasi səhvə yol verəcək. Bu da BMT-nin sessiyası başa çatandan sonra İrana qarşı daha sərt tədbirlərin görülməsinə gətirib çıxaracaq. İran kompromic axtarsa və danışıqlar yolu ilə nə isə əldə etməyə çalışsarsa, bəlkə müsbət nəticəyə nail ola bilər. Amma qızışdırıcı, təhrikedici mövqe hadisələri mənfi istiqamətə aparır”. //Cebhe.info//



Tarix: 23-09-2019, 10:36
Xəbəri paylaş





Xəbər lenti