Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan keçmiş daxili işlər naziri, general-polkonik Ayk Arutyunyanın intiharı ilə bağlı KİV-lərdə yayılmış versiyanı təkzib edib. Həmin versiyaya əsasən general Arutyunyan ölümündən qabaq şahidlərə deyibmiş ki, baş prokuror ona 2008-ci il 1 mart hadisələrinin istintaqında Robert Köçəryanın əleyhinə yalan ifadə vermək üçün təzyiq göstərir.
“Belə aydın olur ki, bizim reallıqda bəzi KİV-lər üçün alçaqlığın və əxlaqsızlığın hüdudu yoxdur. Keçmiş polis rəisi Ayk Arutyunyanın ölümü haqda məlumatın dərcindən cəmi bir neçə dəqiqə sonra həmin KİV-lər hətta ölən adamın qanını da siyasi, təbliğat məqsədi ilə istifadə etməyə hazır olduqlarını nümayiş etdiriblər”,-Qor Abramyan deyib.
O əlavə edib ki, baş prokuror heç vaxt Ayk Arutyunyanla təmasda olmayıb. Üstəlik hansısa şahidin bu iddiaları təsdiq edə biləcək heç bir ifadəsi və hər hansı digər məlumat istintaqın əlində yoxdur.
***
Ermənistanın keçmiş polis rəhbəri, general-polkovnik Ayk Arutyunyan Yerevan ətrafındakı evində ölü tapılıb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
“Arutyunyanın meyiti baş nayihəsində güllə yarası olmaqla Bjni kəndindəki malikanəsində tapılıb”, - İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan bildirib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Cinayət işinin intihara məcbur etmə maddəsi ilə qaldırıldığı açıqlanıb.
Arutyunyan deyib ki, polisə Bjni kəndindəki evdə kişi meyitinin olması barədə telefon zəngi sentyabrın 23-də axşam saat 23.59-da daxil olub. Hadisə yerinə gedən əməliyyat qrupu keçmiş daxili işlər nazirinin meyitini aşkar edib. Habelə evdə qan izləri və patronları ilə birlikdə tapança da aşkarlanıb.
64 yaşlı Ayk Arutyunyan 1999-2003-cü illərdə Ermənistan Daxili İşlər Nazirliyinə başçılıq edib, daha sonra struktur dəyişikliyi nəticəsində daxili işlər naziri vəzifəsi Polis rəhbəri adlandırılıb və Arutyunyan 2003-cü ildən 2008-ci ilə qədər polis rəhbəri olub. 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cəzaçəkmə müəssisəsinin rəisi işləyib.
Onun adı 2008-ci il 1 mart hadisələrinə dair istintaqda keçirdi.