Həftəsonu ABŞ-dan gələn iki xəbər dünya mediasının diqqətinə düşdü. İlyarımdır ABŞ türməsində olan Rusiya vətəndaşı Mariya Butinanın azadlığa buraxılması və Bağdadinin öldürülməsi…
Butina vətəninə gözyaşları ilə döndü. SSRİ zamanında belə rəvayətlər vardı ki, bəs, xaricdə həbsxanaya düşənlər kef çəkirlər, yaxşı yeməklər yeyirlər, futbol oynayırlar, hətta ailələri ilə telefonla danışırlar və sairə. Özü böyük bir həbsxana olan rejimdə əlbəttə ki, bu adi dustaq hüquqları cənnət kimi görünürdü. O vaxtdan çox sular axıb. Butina həbsxana həyatından elə epizodlar danışırdı ki, elə bil söhbət ABŞ-dan yox, hansısa Afrika ölkəsindən gedirdi. Butinanı agent ittihamı ilə tutmuşdular, məhkəmədə əməlini etiraf etməli oldu. Ona verilən 18 ay həbs cəzası başa çatmamış azad etdilər, məxfi şəkildə təyyarəyə mindirib Rusiyaya deportasiya etdilər. Rusiya bu həbsi Donald Trampın seçkisi ərəfəsi Butinanın ona verdiyi bir naqolay sualla əlaqələndirirdi. Başqa mənbələr hətta bu həbsi Trampın intiqamı ilə yanaşı, onun soyadının Rusiya prezidentinin soyadı ilə oxşarlığı ilə də izah edirdilər. Adamın inanmağı gəlmir ki, o boyda ABŞ bu günə qala... Vaxtilə bütün dünyada ədalət carçısı olan bir ölkənin siyasi, məhkəmə sistemlərinin bu cür laxlaması, gözdən düşməsi yenilik deyil. Amma dünyanın özü üçün çox pis nümunədir. Baxın, Avropada nələr baş verir, polis aksiyaya çıxanlara nə divan tutur. Digər dövlətlərə hansısa irad bildirəndə, Avropada polis çəkmələri altında əzilən başları gözə soxurlar. Bu, yaxşı tendensiya deyil. Çünki nə Amerika, nə də Avropa artıq ədalətli hakim deyillər, nə siyasi sistemləri, nə məhkəmələri ilə…
İkinci hadisə İŞİD-in çoxdan ölmüş lideri Bağdadinin Mixaylo kimi yenidən öldürülməsidir. Amma bu dəfə ABŞ prezidenti Trampın rəhbərlik etdiyi əməliyyatla. Tramp yanına bir neçə şahid alıb bu əməliyyatı izləməsəydi, yəqin ki, onun «Bağdadi it kimi öldü» sözlərinə heç kimi inanmayacaqdı. ABŞ prezidenti aktiv olduğu sosial şəbəkədə zatən ABŞ-ı da, özünü də biabır edib, yalan və qeyri-ciddi bəyanatlar verməklə ölkəni nüfuzdan salıb. Ona görə artıq «kor bağırsaq» kimi heç kimə lazım olmayan Bağdadinin öldürülüməsini teatrlaşdırdı, sonra da bunu dövlət adamına yarmaşmayan leksikonla dünyaya bəyan etdi.
Əlbəttə ki, bu teatr Trampın nifrət etdiyi eks prezident Barak Obamaya həm də cavab idi. O da Ağ Evdə o vaxtkı komandası ilə Amerikaya 11 sentyabr müsibəti yaşadan «Əl-Qaidə» lideri Üsəma bin Ladenin öldürülməsi əməliyyatına rəhbərlik etmişdi.
Amerikaya indi heç xarici düşmən lazım deyil, içəridə didişmələr kəskinləşir, Tramp ona qarşı çıxan hamını təhqir edir.
ABŞ Trampın dövründə təkcə hegamoniyasını deyil, sərt üzünü, sözünün ağırlığını itirib, bir həvəskar blogerin tvitlərlə yönəltdiyi ölkəyə çevrilib.
Tramp hakimiyyətə gələndən işsizlik azalıb, büdcə şişib. Nə olsun? Ölkənin etibarı iki paralıq olubsa, nə pul?
Yaxınlarda hansısa nüfuzlu nəşr Trampın hakimiyyətdə olduğu illərdə yalanlarından yazmışdı. ABŞ-ın dərin dövlət deyilən bir masası varsa, o çox dərinə düşüb ki, bu boyda həngamələri görmür, eşitmir…
Trampı Azərbaycanda da güclü lider hesab edənlər var. Deyirlər, vaxtilə Azərbaycanın rayonlarından birinin polis rəisini icra başçısı təyin ediblər. İcra başçısı rayon rəhbərliyindən kiməsə qəzəblənəndə köməkçilərinə deyirmiş ki, «gedin, filankəsi basın «voronoka» gətirin bura».
Adəti hələ başındaymış. Trampın bu cür dünyanı şoka salan bəyantları mənə həmişə o icra başçısı olan keçmiş polisi xatırladır. Kobud üslub, qaba dil… Onun Türkiyə prezidentinə yazdığı qalmaqallı məktubu yada salmaq kifayətdir. Adam heyrət edir ki, nəhəng bir güc mahiyyət etibarilə həmişə ticarət adamı olan, indi də dövləti pul üstündə dalaşan biznesmen təfəkkürü ilə idarə edən Trampın necə qisməti olub.
Rusiya gəlib burnunun ucundakı ölkələrə yerləşib, Afrikadan vurub Suriyadan çıxır.
ABŞ isə «dutdülü» ilə-Bağdadinin ölümü ilə qürrələnir. Bağdadinin bir ayağı kəsilmişdi, bir gözü görmürdü, ümumiyyətlə iflic olduğu deyilirdi. O səbəbdən Bağdadinin öldürülməsi dünyada istənilən effekti vermədi. Axı necə effektdən danışasan ki, Bağdadinini ölüm əmrini verib əli türklərin qanına batan başqa bir terrorçunu-Öcalanın davamçısını tərifləyəsən, danışıqlar aparasan.
Azərbaycanda da Bağdadinin ölümü haqda xəbərləri nədənsə, Lotu Quli haqda yazıdan belə çox oxumadılar…
Amerikanın 11 sentyabrdan sonra yenidən ucalıqdan yıxılmasını görməmək mümkün deyil…