Oktyabrın 30-da İsveçrənin Cenevrə şəhərində Suriya münaqişəsini həll edəcək Konstitusiya Komitəsinin ilk toplantısı keçirilib. BMT-nin təşkilatçılığı ilə keçirilən toplantıda Suriya hökuməti, müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət 150 nəfərlik (hər tərəfdən 50 nəfər olmaqla - K.R.) heyət iştirak edib.
Açılış çıxışı edən BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir O. Pedersen toplantıda Suriya hakimiyyəti və müxalifətin ilk dəfə üz-üzə oturduğu “tarixi an” adlandırıb. BMT təmsilçisi bu toplantının suriyalılar üçün “güclü bir ümid olduğunu” deyib.
Suriya hökumət heyətinin həmsədri Əhməd Kuzbari ilk çıxışında Suriyaya qarşı beynəlxalq sanksiyaları xatırladıb. O deyib ki, Suriyanın ehtiyatlarının qarət olunması, davamlı olaraq birtərəfli sanksiyalar rəsmi Dəməşqin beynəlxalq müstəvidə suverenlik anlayışı ilə ziddiyyət təşkil etməklə yanaşı siyasi prosesi də təhdid edir.
Müxalifət heyətinin həmsədri Hadi əl-Bahra isə Suriya ərazisinin 65 faizinin dağıldığını qeyd edərək terrorun qarşısını terrorla almağın qeyri-mümkün olduğunu, bu səbəbdən də Suriyada savaşın xeyir gətirməyəcəyini, həqiqi zəfərin “sülh və ədalət” olacağını bildirib.
Konstitusiya Komitəsinin ikinci toplantısı noyabrın 1-də BMT təmsilçisi Pedersonun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, Suriyada siyasi keçidi həyata keçirəcək Konstitusiya Komitəsinin yaradılması prosesi 2 ilə yaxındır davam edir. Ən son olaraq bu ilin sentyabrında Türkiyə, Rusiya və İran prezidentləri 150 nəfərlik heyəti razılaşdırıb. Heyətdə əsas narazılıq doğuran Türkiyənin etiraz etdiyi PYD təmsilçisinin də heyətə daxil edilməsi olub. Nəhayət, Ankaranın etirazlarından sonra PYD təmsilçisi siyahıdan çıxarılıb. Və BMT Baş Assambleyasının toplantısında heyət təsdiqlənib. Suriyada keçid prosesini razılaşdıracaq Konstitusiya Komitəsinin ümumi 150 üzvü var. Bu şəxslər həm hökumət, həm müxalifət və sonuncu 50 nəfər isə müstəqil şəxslər olacaq. Sonrakı prosesdə 3 qrupdan hər birindən 15 nəfər olmaqla 45 nəfərlik konstitusiya hazırlayacaq heyət seçiləcək və bu heyət Suriyanın razılaşdırılmış yeni konstitusiyasını yazacaq. Bu prosesin sonunda isə BMT-nin müşahidəsi altında Suriyada seçkilər keçiriləcək.
Suriya Konstitusiya Komitəsinin ilk toplantısından sonra BMT təmsilçisi Pederson bildirib ki, Konstitusiya Komitəsinin üzvləri arasında kürd təmsilçiləri olsa da, “Suriya Demokratik Qüvvələri” koalisiyasından təmsilçi yoxdur. Eyni zamanda ötən gün Pederson Rusiya, Türkiyə və İran XİN rəhbərləri ilə görüşüb.
Cenevrədə keçirdiyi mətbuat konfransında Pederson bildirib ki, Konstitusiya Komitəsinin tərkibində Suriyadakı bütün etnik və siyasi qrupların təmsilçiləri yer alıb. Eyni zamanda kürdlər də komitədə var, ancaq bunlar PYD və ya SDQ üzvləri deyil.
Bu arada SDQ silahlılarının orduya qatılması ilə bağlı rəsmi Dəməşqin təklifini rədd edib. Bir neçə gün əvvəl Suriya hökuməti SDQ (əksəriyyətini YPG və digər kürd silahlı qrupları təşkil edir - K.R.) qüvvələrinin Suriya ordusuna, “asayiş qüvvələri”nin isə Suriya polisinə qatılmasını təklif edib. SDQ isə hökumətdən bu qurumu rəsmən tanıyan və strukturunu qoruyan xüsusi status tələb edib.
Xatırladaq ki, oktyabrın 9-da Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatını başladan Türkiyə ordusuna qarşı SDQ ciddi müqavimət göstərə bilməyib. Ordunun hücumu qarşısında sürətlə geri çəkilən kürdlər tezliklə Rusiyanın vasitəçiliyi ilə Suriya hökuməti ilə danışıqlara başlayıb və bir sıra şəhərləri, o cümlədən sərhəddəki məntəqələri Suriya ordusuna təhvil verib. Bundan sonra Suriya Müdafiə Nazirliyi SDQ qüvvələrinin orduya qatılması, Daxili İşlər Nazirliyi isə SDQ “asayiş qüvvələrinin” Suriya polisinə qatılması çağırışı edib. Kürdlər isə bunun üçün xüsusi status tələb ediblər.
Suriyanın şimalında isə artıq noyabrın 1-dən etibarən Rusiya və Türkiyə hərbi qüvvələrinin birgə patrulu başlayacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Onun sözlərinə görə, birgə patrul sərhədin 7 kilometr dərinliyinə qədər əraziləri əhatə edəcək. Ərdoğan eyni zamanda qeyd edib ki, YPG qüvvələri müəyyən olunan 30 kilometrlik “təhlükəsizlik zolağı” sərhədindən geri çəkilməyəcəyi təqdirdə hərbi əməliyyatlar yenidən bərpa olunacaq. Eyni zamanda YPG-nin atəş açacağı təqdirdə də əməliyyatlar bərpa oluna bilər. Türkiyə prezidenti artıq Rusiya tərəfi ilə “təhlükəsizlik zolağı” mövzusunda detalların razılaşdırıldığını deyib.
YPG-nin Suriya-Türkiyə sərhədindən çəkilməsi Suriya münaqişəsinin həlli ilə bağlı başlayan siyasi prosesi daha da aktivləşdirir. Artıq kürdlər, xüsusən də PYD təsiri altında olan qüvvələr böyük ölçüdə siyasi həll prosesindən kənarda qalmış kimi görünür. Görünən odur ki, rəsmi Dəməşq də kürdlərə xüsusi status verməyə o qədər də hazır deyil. Kürdlərin indi yalnız Cenevrədə Qərb ölkələri və BMT-nin dəstəyinə ümidi qalıb./“Yeni Müsavat”/