ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin Suriyanın İdlib şəhərində həyata keçirilən gecə əməliyyatında öldürülməsi ilə bağlı açıqlamasının ardından, qruplaşma liderinin aqibətinə dair mübahisələr səngimək bilmir.
Musavat.com “Star”a istinadən xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İŞİD lideri Bağdadinin öldürülməsinə dair ABŞ-ın əlində sübut olmadığını deyib: “Bağdadinin öldürülməsi ilə bağlı dəqiq heç bir məlumat və sübut yoxdur”.
Narışkin qeyd edib ki, Bağdadiyə məxsus olduğu iddia edilən cəsədlə bağlı da heç bir dəqiq məlumata sahib deyil: “ABŞ-ın Bağdadiyə aid olduğunu iddia etdiyi həmin cəsəddən alınan genetik materiallar səhih deyil.”
Suriya rejiminin lideri Bəşər Əsəd də məsələ ilə bağlı öz fikirlərini dilə gətirib. O, ABŞ-ın Bağdadinin öldürülməsi ilə bağlı hələlik ortaya heç bir sübut qoymadığını bildirib.
“Suriyanın bu əməliyyatlarda ABŞ-a dəstək olduğunu isə biz xəbərlərdən öyrənmiş olduq. Trampın bizə təşəkkür etməsinə də heç bir anlam verə bilmirik”, - deyə Əsəd ironiya ilə bildirib.
Bütün bu açıqlamaların fonunda ABŞ-dan İŞİD-lə bağlı yeni açıqlama gəlib. Ölkə prezidenti Tramp tvitter hesabında paylaşdığı mətndə bildirib ki, İŞİD-in yeni lideri var və biz onun kim olduğunu hələlik dəqiq bilmirik.