Sədrəddin Soltan: “İranı sərhədlərinin içərilərinə qovurlar”
İraqda və Livanda hökumətlərin istefaya getməsinə baxmayaraq, etiraz aksiyaları səngimir. Livandan fərqli olaraq, İraqdakı etirazlar insanların kütləvi qətli ilə müşahidə olunur. Noyabrın 6-da paytaxt Bağdadda hökumət əleyhinə nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Nəticədə 20-dən çox insan xəsarət alıb. Xüsusi təyinatlıların açdığı atəş nəticəsində isə iki nəfər nümayişçi həlak olub.
Qeyd edək ki, oktyabr ayında İraqda etirazların başlanmasından ötən müddətdə 5 min 500 nəfərə yaxın insan həyatını itirib. Baş nazir Adil Əbdülmehdi aksiya iştirakçılarının tələbini qəbul edərək istefa versə də iğtişaşlar səngimir. Hökumət qüvvələri ilə nümayişçilər arasında hər gün toqquşmalar baş verir.
Livanda da demək olar ki, analoji situasiya yaşanır. Baş nazir Səid Həririnin istefa verməsi ölkədə siyasi narazılığı səngitməyib. Lakin İraqdan fərqli olaraq, Livandakı hadisələr çoxsaylı insan ölümünə səbəb olan toqquşmalarla müşahidə olunmur.
Analitiklərin fikrincə, İraqda və Livanda baş verən qarşıdurmalar yaxın perspektivdə İrana sirayət edə bilər. Hazırda bu prosesin qarşısını almağa çalışan rəsmi Tehran hər iki ölkədə, xüsusilə də İraqdakı etirazları qan içində boğmaqla məşğuldur. Minlərlə insanın da məhz İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds Ordusu”na bağlı olan hərbçilər və snayperlər tərəfindən qətlə yetirildiyi bildirilir.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında həm İraqda, həm də Livanda baş verən hadisələrin əslində İrana qarşı yönəldiyini dedi. Onun sözlərinə görə, hər iki ölkədəki etiraz aksiyalarında İrana bağlı qüvvələrin çıxıb getməsi tələb olunur:
“İraqda İranın dəstəklədiyi “Həşti-Şəəbi” silahlı qüvvəsinin təşkil edilməsinə etirazlar oldu və İraq ordusunun tərkibindən çıxarılması tələb edildi. Yəni hər iki aksiya İranın İraqda və Livanda mövcudluğuna qarşıdır. Məqsəd İranı öz sərhədləri daxilinə sıxışdırmaqdır. Oxşar hadisələr vaxtilə Sovet İttifaqına qarşı da həyata keçirilmişdi. Həmin dövrdə belə kütləvi etiraz aksiyaları keçirilməsə də, müxtəlif sanksiyaları və hərbi əməliyyatları ilə SSRİ zəiflədildi. Nəticədə SSRİ Kubadan, Avropadan, Yaxın Şərqdən, Şərqi Asiyadan, Əfqanıstandan çıxarıldı. 1988-ci ildə Berlin divarı uçuruldu. İndi də İrana qarşı oxşar siyasət həyata keçirilir. Bunu İranın əleyhinə yönəlmiş etiraz aksiyaları şəklində görmək olar. Tələb budur ki, İran İraqdan və Livandan çıxmalıdır. Çünki hər iki ölkə İsrail sərhəddinə yaxındır. İranın orada geosiyasi və hərbi mövqeyə malik olması İsrailin təhlükəsizliyi üçün problem yaradır. “Hizbullah” təşkilatı Livanda aparıcı mövqe tutur və seçkilərdə qalib gəlmək, parlamentdəki qərarlara təsir göstərmək imkanına malikdir. “Hizbullah”ı İran yaradıb və arxasında da dayanmaqda davam edir. Ona görə də bu aksiyalar İranın xaricdəki fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır. İran İraqda möhkəmləndikcə ABŞ-a nəzarət etmək imkanları əldə edir. Livanda İsrailə qarşı aksiyaların təşkil edilməsində İranın xüsusi rolu var. Yəmən də husi qiyamçılarını İran müdafiə edir. Ona görə də İranın düşmənlərini başqa ölkələrin torpaqlarında qarşılamaq siyasətinin qarşısı alınmalıdır. Yəni İranı öz sərhədlərinin içərisinə doğru qovurlar və bildirirlər ki, bizim daxili işlərimizə qarışma”.
Ekspert bildirdi ki, İraqda və Livanda baş verən proseslər İranın mövqelərinin zəifləməsi ilə nəticələnə bilər:
“İraqdakı hadisələr münasibətdə İranın din xadimləri arasında fikir ayrılığı var. Ayətullah Sistani etirazçıları dəstəkləyir. Ayətullah Xamneyi isə aksiyalara qarşıdır. Bu fikir müxtəlifliyi yaxın perspektvdə İraqda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Çünki həm İraqda, həm də Livanda İrana bağlı olmayan daha sivil qüvvələrin hakimiyyətə gəlməsinə ehtiyac var. Bu isə İraqın və Livanın siyasi səhnəsinin İranyönlü qüvvələrdən təmizlənməsi deməkdir. Ancaq buna nə qədər müddətə nail olunacağı konkret məlum deyil”.